Ana Sayfa > Karusel / Siyasət / Qarabağ > Azərbaycan Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ATƏT Daimi Şurasını məlumatlandırıb

Azərbaycan Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ATƏT Daimi Şurasını məlumatlandırıb


17-01-2023, 17:34. Yazar: Admin

Azərbaycan Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ATƏT Daimi Şurasını məlumatlandırıb

Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün səylər göstərib. 2022-ci ilin sentyabrında Ermənistanın sərhəddə silahlı təxribatı göstərdi ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə hər hansı üçüncü tərəflərin ilkin şərt və əsassız iddiaları olmadan ən qısa zamanda başlamaq lazımdır.

Qarabaginfo.az xəbər verir ki, bunu ATƏT-in Daimi şurasının xüsusi iclasında Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Ermənistan XİN başçısı Ararat Mirzoyanın çıxışına cavabında deyib.

Daimi nümayəndə bildirib ki, Azərbaycan, həmçinin üçtərəfli bəyanata uyğun olaraq, regionda bütün nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını yorulmadan təşviq edir. Bununla belə, beynəlxalq ictimaiyyətin bu təşəbbüsə güclü dəstəyinə və normallaşma gündəmini irəli aparmaq üçün göstərilən diplomatik səylərə baxmayaraq, irəliləyiş məhdud olaraq qalır: “Görünən odur ki, Ermənistan danışıqların imitasiyasına dair keçmiş praktikasına sadiq qalır və üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, ilkin şərtlər irəli sürərək müxtəlif istiqamətlərdə əməli işləri süni surətdə ləngitməkdə davam edir.

Noyabrın 10-da üçtərəfli bəyanatda qeyd olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan əraziləri daxilində müxtəlif hərbi fəaliyyətlərini davam etdirir. Ermənistan hələ də 1990-cı illərdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi sərhəd boyu 8 anklav kəndini Azərbaycana qaytarmaqdan imtina edir.

Laçın yolu ilə qanunsuz hərbi birləşmə, Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni silahlı birləşmələrin rotasiyası, silah və şəxsi heyətin qanunsuz olaraq Laçın yolu ilə Azərbaycan ərazisinə keçirilməsi bu yoldan humanitar məqsədlər - yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və malların hərəkəti üçün istifadə edilməsini nəzərdə tutan üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır.

2021-ci ildə, yəni 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanda istehsal olunan yeni piyada əleyhinə minaların Laçın yolu ilə ötürülməsi və Azərbaycan ərazilərinə yerləşdirilməsi genişmiqyaslı bərpa və yenidənqurma işlərinə əsas təhlükələrdən biridir.

2022-ci ilin avqust ayından etibarən Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 ədəd piyada əleyhinə mina aşkar edilib.

Bu minaların partlaması nəticəsində artıq 279 günahsız azərbaycanlı həalk olub və ya ağır yaralanıb. Minaların yerləşdirilməsi Ermənistanın Azərbaycana mümkün qədər çox insan itkisi vermək niyyətini nümayiş etdirir”.

Rövşən Sadıqbəyli diqqətə çatdırıb ki, bundan əlavə, Ermənistan hələ də üçtərəfli sazişin 9-cu bəndində nəzərdə tutulan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinə imkan verəcək bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməyib: “Təxminən iki il davam edən danışıqlardan sonra yeni elementlər təqdim etməklə kommunikasiyaların yenidən açılması ilə bağlı danışıqları pozmaq cəhdləri Ermənistanın öz müvafiq öhdəliklərini yerinə yetirməkdə həqiqətən maraqlı olmadığını göstərir. Biz hesab edirik ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistan üçün böyük imkanlar yaradacaq.


Digər narahatedici məqam ondan ibarətdir ki, Laçın yolundan Ermənistan nəinki qanunsuz hərbi fəaliyyətlər üçün istifadə edir, həm də təbii sərvətlərin Azərbaycan ərazilərindən Ermənistana daşınması üçün də istifadə olunur. Ötən onilliklər ərzində Azərbaycan bilavasitə bunu təsdiq edən təkzibedilməz sübutlar təqdim edib. Ermənistan əvvəllər də Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər göstərib ki, bu fəaliyyətlər ətraf mühitə ciddi zərər vurub.

Azərbaycanın müvafiq orqanlarının faydalı qazıntı yataqlarına çıxışı, ekoloji qiymətləndirmə, əmlakın kadastr uçotu və təbii sərvətlərin inventarlaşdırılması və yerində monitorinq aparılmasına mane törədilməsi Azərbaycan ictimaiyyətinin haqlı hiddətinə səbəb olmuş və dinc etirazlara gətirib çıxardıb”.

O qeyd edib ki, artıq Azərbaycan nümayəndə heyəti Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı Daimi Şuraya məlumat verib.


Geri dön