Ana Sayfa > Karusel / Cəmiyyət > Sığortadan imtina edən şirkətlərin lisenziyası LƏĞV OLUNACAQ
Sığortadan imtina edən şirkətlərin lisenziyası LƏĞV OLUNACAQ16-01-2023, 17:02. Yazar: Admin |
Azərbaycanda nəqliyyat vasitələrinin sığorta edilməsi məcburidir. Sığorta sürücülərə dəyən ziyanın aradan qaldırılması üçün böyük əhəmiyyət daşıyır. Lakin bəzi sığorta şirkətləri öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, qanun pozuntularına yol verir. Belə problemlərdən biri kiçik həcmli mühərrikə sahib avtomobillərin sığorta problemidir. Məlumata görə, sığorta şirkətləri bu cür nəqliyyat vasitələrini sığorta etməkdən imtina edirlər. Səbəbinə gəlincə, bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs, yüzlərlə sürücünün üzləşdiyi problemi necə həll etmək olar? Rəsmi qurumlar hansı addımlar atmalıdır? Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, sığorta şirkətləri avtomobilləri icbari qaydada sığorta etməyə məcburdurlar: “Azərbaycan Respublikasında istismarda olub, mühərrik həcmi 50 kubsantimetrdən yuxarı olan bütün nəqliyyat vasitələri hər il icbari qaydada sığorta olunmalıdır. Mərkəzi Bank tərəfindən müəyyən sığorta şirkətlərinə bu məqsədlə lisenziyalar verilir. Həmin şirkətlərin avtomobilləri icbari qaydada sığorta etməsi şərtdir”. Ekspertin sözlərinə görə, lisenziyası olan sığorta şirkəti üzərinə götürdüyü vəzifəni yerinə yetirmədikdə, Mərkəzi Bank müəyyən tədbirlər görür: “Mərkəzi Bank avtomobillərin icbari sığortasını yerinə yetirməyən sığorta şirkətlərinə sanksiya tətbiq edə, hətta onun lisenziyasını əlindən ala bilər. Bununla bağlı 2022-ci ilin oktyabrında çıxışlarımız olmuşdu. O zaman bir çox sürcülər etiraz edirdilər ki, mühərrik həcmi təxminən 2 min kubmetrə qədər olan avtomobillərin sığortasında müəyyən problemlər var. Sığorta şirkətləri icbari sığortaları həyata keçirmirlər. Hansı ki, daha əvvəl sığorta şirkətlərinin saytlarında onlayn qaydada rahatlıqla icbari sığorta həyata keçirilirdi. Şirkətlər bilərəkdən onlayn sığorta panelini bağladılar. Onlayn sığorta paneli hələ də işləmir”. Eldəniz Cəfərov vurğulayıb ki, Mərkəzi Bank sığorta şirkətlərinə 10 gün vaxt verib, əgər həmin şirkətlər öhdəliklərini yerinə yetirməsə, cəza tədbirləri həyata keçiriləcək: “10 gün ərzində icbari sığortanı həyata keçirməyən sığorta şirkətləri ilə bağlı tədbirlər görüləcək. Düşünürəm ki, bu olmalıdır. Sığorta şirkətləri əvvəl icbari sığortanın ödəniş məbləğinin az olduğunu bildirirdilər. Yəni qəza olanda sığortanın həcminin daha çox, təxminən 5000 manata qədər olduğunu deyirdilər. Amma oktyabrda bu məsələ də öz həllini tapdı. İcbari sığorta qaydaları sığorta şirkətlərinin xeyrinə dəyişdi. Bu gün sürücülərin ödənişləri 30 faiz yüksəlib. Dövlət sığorta şirkətləri üçün bu imkanları yaratdığı halda, yenə də, bəzi sığorta şirkətlərinin icbari sığorta etməkdən yayınması onlar üçün yaxşı nəticələnməyəcək”. Geri dön |