Ana Sayfa > Karusel / Region > “Bu halda Saakaşvili yenidən bir lider kimi meydana çıxa bilər...” -Siyasi analitik
“Bu halda Saakaşvili yenidən bir lider kimi meydana çıxa bilər...” -Siyasi analitik16-01-2023, 15:58. Yazar: Admin |
“Baş verənlər göstərdi ki, o, sözün həqiqi mənasında liderdir. Təəssüf ki, Gürcüstanın bu islahatçı eks-prezidenti bir yanlışa yol verdi...”
Hazırda Tiflisdə ağır xəstə durumda həbs həyatı yaşayan, hakimiyyətdə olduğu dövrdə ölkəsində rüşvət və korrupsiyanı minimal həddə endirməyi bacarmış Gürcüstan eks-prezidenti Mixail Saakaşvilinin taleyi yalnız Gürcüstanda deyil, dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycan cəmiyyətinin də diqqət mərkəzindədir.
Bəs bu populyar siyasi liderin taleyini necə təhlil etmək olar? Nələr onu hazırkı faciəvi duruma gətirib çıxardı; əvvəl dövlət başçısı, sonra siyasətçi kimi öz səhvləri, Qərbin Gürcüstana və ona münasibətdə yanlışları və ya yetərincə dəstək göstərməməsi, yaxud gürcü xalqının xeyli hissəsinin ona qarşı laqeyd münasibəti?..
Qarabaginfo.az zəbər verir ki, siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bu fikirləri ifadə edib:
“Əslində Mixail Saakaşvili postsovet məkanında sözün əsl mənasında islahatçı bir lider kimi öz işini görübdür. Və onun Gürcüstanda, demək olar ki, “uğursuz bir ölkə” kimi dəyərləndiriləcək bir şərtlər çərçivəsində apardığı istər siyasi, istər iqtisadi, istərsə də hüquqi islahatlar öz bəhrəsini verib və verməkdədir. Amma islahatın, necə deyərlər, belə bir qəddar qanunu var; islahatçı həmin islahatın qurbanı olmağa hazır olmalı və özü bunu qəbul etməlidir. Və Saakaşvilinin sonrakı taleyi, daha dəqiq desək, bugünkü taleyi buna əyani sübutdur”.
Analitikin sözlərindən belə nəticəyə gəlmək olur ki, Gürcüstanın eks-prezidentinin bugünkü duruma düşməsinə əsas səbəbkarlar onun ölkədə apardığı islahatlara qarşı çıxan qüvvələr olub.
“Onun həyata keçirdiyi islahatlar, onun Gürcüstandakı bəzən sərt, bəzən çox radikal idarəçiliyi, bəzən də aşırı özgüvən, təbii ki, ona qarşı böyük bir düşmən düşərgəsi formalaşdırdı. Və sonda həmin düşmənlər bir oliqarxın qanadı altında birləşərək Saakaşvili ilə mübarziəyə başladılar. Əslində bu, mübarizə deyildi, bunun adı düşmənçilikdir. Və həmin düşmənçilik bu gün də özünü açıq şəkildə göstərməkdədir. Saakaşvilinin sonrakı mərhələdəki: istər Ukraynadakı fəaliyyəti, orada yetərincə yüksək vəzifələr tutması və atdığı addımlar da göstərdi ki, o, sözün həqiqi mənasında liderdir. Təəssüf ki, Gürcüstanın bu islahatçı eks-prezidenti bir yanlışa yol verdi: o, ölkəsindəki real vəziyyəti dəyərləndirə bilmədi. İlk növbədə onu nəzərə almadı ki, Gürcüstan cəmiyyəti artıq parçalanıb, əvvəlki cəmiyyət deyil. Çünki indiki hakimiyyətin uzun illər göstərdiyi fəaliyyət öz bəhrəsini veribdir. Digər bir amil isə, dediyim kimi, bu hakimiyyətdə təmsil olunanların Saakaşviliyə düşmən münasibətində olması idi. Və o da bu gün özünü açıq-aydın göstərməkdədir. Saakaşvili daim öz rəqib və opponentlərini impulsiv və çılğın addımlarıyla məğlub etmişdi. Düşünürdü ki, bu dəfə də elə olacaq. Amma burada səhvə yol verdi. Çünki əslində onun beynəlxalq dəstəyi də yetərincə deyildi: bu məqamı tam hesablaya bilməmişdi. Və təəssüf ki, Saakaşvilı bu gün həmin yanlışlarının qurbanı olmaqdadır. Onun siyasi taleyinin necə olacağını isə söyləmək çox çətindir. İndiki geo-siyasi vəzyyətdə, dünyadakı mövcud trendlər fonunda düşünmürəm ki, Saakaşvili və onun taleyi aktual bir müzakirə predmetidir. Elə görünən də budur. Və çox təəssüf ki, xalqın böyük bir hissəsinin də onu dəstəkləmədiyi göründü. Çünki illər boyu aparılmış təbliğat, onun hökumətinin üzvləri olmuş şəxslərin təqibi və s. üzərində qurulan informasiya kampaniyası öz bəhrəsini verdi. Və Saakaşvili hələlik bu gün üçün məğlubdur. Sonrasının necə olacağını isə, dediyim kimi, proqnozlaşdırmaq çox çətindir. Ancaq hər bir halda Gürcüstan cəmiyyətində bir dövlətçilik fenomeni var. Və düşünürəm ki, Rusiya ilə yaxın olan bugünkü iqtidar öz xarici siyasətində hansısa səhvlərə yol verərsə, məsələn, Kremllə açıq bir sövdələşməyə gedərsə, Gürcüstanda vəziyyət dəyişə və Saakaşvili yenidən bir lider kimi meydana çıxa bilər. Əlbəttə, onun səhhətiylə bağlı durum buna imkan verərsə...”- deyə ekspert yekunlaşdırıb.
Geri dön |