Ana Sayfa > Karusel / Region > Putinin son şansı: Gerasimov Rusiyanı xilas edə biləcəkmi...

Putinin son şansı: Gerasimov Rusiyanı xilas edə biləcəkmi...


13-01-2023, 16:52. Yazar: Admin

Putinin son şansı: Gerasimov Rusiyanı xilas edə biləcəkmi...

 

Yanvarın 11-də Rusiya müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu Ukraynada xüsusi əməliyyat zonasında Birgə Qrupun komandiri təyin edib. Buna kimi Ukraynadakı rus qoşunlarına rəhbərlik edən general Sergey Surovikin isə Gerasimovun müavinlərindən biri təyin olunub. Daha iki müavin ordu generalı Oleq Salyukov (Quru Qoşunlarının Baş Komandanı) və general-polkovnik Aleksey Kim (Baş Qərargah rəisinin müavini) olub. 

 

Gerasimovun yeni vəzifəsi geniş müzakirələrə yol açıb. Bir ilə yaxındır ki, davam edən və Rusiyanın istədiyi nəticəni əldə edə bilmədiyi müharibəyə nəzarətin Gerasimova həvalə olunması barədə müxtəlif mülahizələr irəli sürülür. Bəzi ekspertlərin fikrincə, Baş Qərargah rəisinin döyüşçülərə rəhbər təyin edilməsi Rusiyanın yeni hücum planından irəli gəlir. Digər tərəfdən bu addımı Rusiyanın daxilində parçalanma kimi qiymətləndirənlər də az deyil. 

 

Modern.az xəbər verir ki, xarici ekspertlər Rusiya ordusundakı kadr dəyişikliyini müharibənin miqyasının genişlənməsi ilə izah edirlər. Bir neçə ay ərzində Ukraynada rus qoşunlarının əl dəyişməsi Moskvanın uğursuzluğu kimi dəyərləndirilir. Hazırda ümidlər Gerasimova yönəlib və onun geridönüş edə biləcəyi ehtimal olunur.

 

Maraqlıdır ki, general Gerasimov üç ay əvvəl Ukraynadakı Rusiya qüvvələrinə rəhbər təyin edilən vəhşi taktikalarına görə Rusiyanın döyüş şahinləri tərəfindən “General Armageddon” adlandırılan Sergey Surovikini əvəz edir.  

 

General Surovikinin vəzifəsinin aşağı salınması ona tərəfdar olan şahinlərə, o cümlədən çeçenlərin lideri Ramzan Kadırov və "Vaqner" hərbiləşdirilmiş təşkilatının rəhbəri Yevgeni  Priqojinə zərbə kimi dəyərləndirilir. Hazırda onlar Müdafiə Nazirliyini və nizami silahlı qüvvələri tənqid edirlər. 

 

Gerasimovun yeni təyinatı isə ali generalın bacarıqlarını sınamaq üçün atılan addım kimi qiymətləndirilir. Sözsüz ki, onun Ukrayna müharibəsində rus qoşunlarına komandir təyin edilməsi təsadüfi deyil.  

 

General Gerasimov həm Uzaq Şərq Hərbi Dairəsinin, həm də Şimali Qafqazın qərargah rəisi olub. 2010-cu ildə Baş Qərargah rəisinin müavini vəzifəsinə gətirilib. Daha sonra 2014-cü ildə Krımın ilhaq olunması üzrə xüsusi əməliyyatı hazırlayanlardan biri olub. Eyni zamanda Ukraynada "xüsusi əməliyyat"ın həyata keçirilməsində onun da payı var.

 

Onu da vurğulayıb ki, 2015-ci il avqustun 5-də Ukrayna hərbi prokurorluğu Gerasimovu “Donbassdakı müharibənin əsas ideoloqu” elan edib və onun barəsində “qiyabi həbs” qərarı çıxarılıb. Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın qərarının siyasi təxribat olduğunu bildirib və Ukrayna Təhlükəsizlik Xidmətini “axmaqlıqda” ittiham edib.

 

Rusiya Qəhrəmanı, Sovet və Rusiya ordeninin sahibi olan Gerasimovun təyinatına gəlincə, Ukraynadan cavab gecikməyib. Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bildirib ki, onun işğalçı müharibəni davam etdirmək üçün əməliyyat komandanı təyin olunması Rusiyanın hərbi elitası daxilində gedən çəkişmələrdən xəbər verir.  

 

Danilovun fikrincə, Rusiyada gizli şəkildə kadr dəyişikliyi gedir: “Hazırkı proseslər əsas liderlər arasında qarşıdurmaya çevrilə bilən daxili münaqişədən xəbər verir. Unutmamalıyıq ki, Gerasimov Baş Qərargahın rəhbəridir. Bu, Rusiyanın müharibəyə diqqəti artırdığını göstərir”. 

 

Ukrayna rəsmisi hesab edir ki, qarşıdakı 2-3 ay həlledici olacaq: “İndi Rusiyada vəziyyət kifayət qədər gərgindir. Gələcəkdə daxili münaqişələr daha da arta bilər”.  

 

Ardınca Gerasimovun təyinatına ABŞ da reaksiya verib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays ənənəvi brifinqdə bildirib ki, istənilən halda Rusiya Ukrayna müharibəsində müsbət nəticə əldə etməyəcək.  

 

“Ola bilər ki, Rusiya Ukrayna daxilindəki Rusiya qüvvələrinin yeni komandiri ilə dinamikanı yenidən dəyişməyə çalışır, lakin əsas dinamika dəyişməyəcək. Rusiya qüvvələri ərazidə işğal savaşı aparır. Bu, onların torpağı deyil. Ukraynalıların döyüş meydanlarında öz effektivliyini nümayiş etdirməsi, ərazilərini müdafiə etməsi dəyişməyəcək”. 

 

Görünən odur ki, Gerasimovun Ukraynadakı rus qoşunlarına komandan təyin olunması Rusiya tərəfindən yeni hücum kimi qiymətləndirilsə də, Qərb bütün hücum cəhdlərinin qarşısını alacağını bildirir. Bu isə ondan xəbər verir ki, məşhur generalın təyinatı müharibənin yeni mərhləsinin başlanğıcıdır, ancaq nəticələrin necə olacağını indidən proqnozlaşdırmaq çətin məsələdir. 


Geri dön