Ana Sayfa > Karusel > Anti-terror əməliyyatı keçirilə bilər…

Anti-terror əməliyyatı keçirilə bilər…


7-01-2023, 11:38. Yazar: Admin

Anti-terror əməliyyatı keçirilə bilər…

 

“Laçın – Xankəndi yolunda aksiyaların uzanması ərazidəki hərbi-siyasi vəziyyətlə bağlı daha bir reallığı üzə çıxarıb…”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Baku TV-yə müsahibəsində deyib.


Deputat bildirib ki, artıq 26 gündür ki, Laçın – Xankəndi yolunda eko-fəalların aksiyası davam edir. Bu müddət ərzində Ermənistan siyasətçiləri vətəndaş cəmiyyəti tərəfindən təşkil olunmuş dinc aksiyanı beynəlxalq səviyyədə ölkəmizə qarşı təbliğat vasitəsi kimi istifadə etməyə çalışır. Ermənilər bütün mümkün beynəlxalq platformalarda Qarabağ ermənilərinin guya Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən blokadaya alınması və həmin ərazidə humanitar fəlakətin yaşanması haqqında uydurmalar səsləndirirlər. Məqsəd bu yolla ölkəmizə qarşı beynəlxalq təzyiqlərə nail olmaq və dinc məqsədlər üçün onların istifadəsinə verilmiş humanitar dəhlizdən yenə də qeyri-qanuni fəaliyyətlər üçün, o cümlədən terrorçuluq fəaliyyəti üçün istifadə etməkdən ibarətdir.

Deputat qeyd edib ki, ermənilərin bütün cəhdlərinə baxmayaraq Azərbaycan diplomatiyası ərazidəki real vəziyyət haqqında düzgün məlumatları beynəlxalq səviyyədə lazımi şəkildə təqdim edir və erməni təbliğatının yalanlarını ifşa edir. Bildirilir ki, aksiya Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsini kəsməyə yönəlməyib, yolun mülki vətəndaşlar tərəfindən humanitar məqsədlərlə istifadəsinə heç bir maneçilik yoxdur.

Aksiyanın yeganə məqsədi Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi fəaliyyətin dayandırılması və ərazidə ekoloji fəlakətin qarşısının alınması üçün lazımi tədbirlərin görülməsindən ibarətdir. Millət vəkili qeyd edib ki, aksiyanın davam etdiyi müddətdə mədənlərdən birində qeyri-qanuni istismar fəaliyyəti dayandırılıb. Lakin mütəxəssislərdən ibarət monitorinq qrupunun əraziyə girişinə hələ də şərait yaradılmayıb.

Deputat C. Feyziyev ekoloji aksiyanın ərazidəki hərbi-siyasi vəziyyətlə bağlı yeni reallıqları üzə çıxardığını da bildirib. Millət vəkili diqqəti belə bir fakta yönəldib ki, aksiyanın davam etdiyi bütün müddət ərzində Qarabağ rayonunda Azərbaycan hərbiçilərinə və mülki şəxslərə qarşı silahlı təxribat halları demək olar ki, tam aradan qalxıb. C. Feyziyevin fikrincə, buradan belə qənaətə gəlmək olar ki, dəhlizin bizim nəzarətimizdə olması həmin ərazidə yaşayan bütün insanların, o cümlədən həm Azərbaycanlıların, həm də ermənilərin təhlükəsizliyi baxımından daha səmərəlidir. Odur ki, dəhlizin başlanğıcında, Laçın – Gorus sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin və gömrük postunun qurulması ilə Qarabağın ermənilər yaşayan ərazisindən təşkil olunan silahlı təxribatların qarşısı tam alına bilər.

Bu post-münaqişə dövründə ərazidə formalaşmış mövcud duruma yeni baxışdır. Məsələnin belə qoyuluşu Ermənistanı növbəti dəfə dalana dirəmiş olur. Belə ki, əgər Ermənistan, öz rəhbərlərinin dediyi kimi, doğrudan da sülh gündəliyinə sadiqdirsə və ərazidə sülhün bərqərar olunmasında maraqlıdırsa, o zaman sərhəd bölgəsində sərhəd-keçid məntəqəsinin və gömrük postunun yerləşdirilməsinə razılıq verməlidir. Əks təqdirdə aydın olacaq ki, Ermənistan bizim torpaqlarımızda təxribatlar törətməyə və qeyri-qanuni hərbi qüvvələr tərəfindən terrorçuluq fəaliyyətini dəstəkləməyə davam etmək niyyətindədir.

Deputat hesab edir ki, mövcud vəziyyətin bu istiqamətdə inkişaf edəcəyi təqdirdə Azərbaycan öz ərazisində anti-terror əməliyyatı keçirməkdə haqlı olacaq.


Geri dön