Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə nazirliyin rəhbərliyi təminat bazasının ərazisində ucaldılan ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad edib.
Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb və heyətlərinin hazırlıq səviyyəsini yoxlayıb.
Silahlanmada olan silah və döyüş texnikasına təhlükəsizlik qaydalarına əməl edilməklə vaxtında texniki xidmətin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov yeni tədris dövründə ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə keçirilən toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.