Ana Sayfa > Karusel / Qarabağ > “Qərbi Azərbaycandan qaçqın soydaşlarımız Şuşadan zorla çıxarılanda Vəzirova dedim ki...” 

“Qərbi Azərbaycandan qaçqın soydaşlarımız Şuşadan zorla çıxarılanda Vəzirova dedim ki...” 


31-12-2022, 11:54. Yazar: Admin
“Qərbi Azərbaycandan qaçqın soydaşlarımız Şuşadan zorla çıxarılanda Vəzirova dedim ki...” 
“Əksinə, Moskvanın təzyiqlərinə rəğmən yüz minlərlə qaçqın yuxarı Qarabağın digər məntəqələrində də yerləşdirilsəydi, Qarabağda proseslər tamam başqa cür inkişaf edər, ermənilərin əli-qolu bağlanar və bəlkə də torpaqlarımızın işğalı da baş tutmazdı...” 
"Kremlin Qarabağdakı qanunsuz silahlı erməni birləşmələrini tərksilah etməməsi, əksinə, onları silahlandırması, onlara təlim keçməsinin əsas səbəblərindən  biri də məhz həmin ərazilərin məskunlaşdırılmasına əngəl yaratmaq, öz yurdlarına köçməyə hazırlaşan soydaşlarımızı xof içində saxlamaqdır..." 
1988-ci ilin sonunda  Bakıdan gələn rəsmi göstərişlə Şuşada məskunlaşmış Qərbi Azərbaycandan(“Ermənistan”) qaçqın olan minlərlə soydaşımızın bu şəhərdən milis gücüylə zorla çıxarılması prosesi başlandı... Bəs buna səbəb nə idi? Bu göstərişi doğrudanmı birbaşa Bakıdakı rəhbərlər vermişdi, yoxsa?.. 
Bir neçə il öncə o dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləmiş və Şuşadan Qərbi azərbaycanlı soydaşlarımızın çıxarılması prosesinə bilavasitə rəhbərlik etmiş Telman Orucov bildirmişdi ki, bu göstərişi Moskvanın əmri ilə o vaxtkı respublika rəhbəri Əbdürrəhman Vəzirov vermişdi...
 
Bəhs edilən zaman kəsimində respublika Ədliyyə naziri və Qarabağda qaçqın və köçkünlərlə iş üzrə komissiyanın rəhbəri olmuş Əlisaab Orucov mövzu ilə bağlı Moderator.az əməkdaşına bunları danışıb:
 
“Qərbi Azərbaycan qaçqınlarının zorla Şuşadan çıxarılmalarını eşitdikdən sonra Azərbaycan KP MK-nın 1-ci katibi Ə.Vəzirovun qəbulunda oldum. Ona Ermənistan qaçqınlarının Şuşadan çıxarılmasının tarixi səhv olduğunu bildirdim. Dedim ki, əgər Qərbi Azərbaycandan qovulan soydaşlarımızın Qarabağın dağlıq hissəsində yerləşdirilməsinə nail olsaq, işğalçı ermənilərin və onların havadarlarının planlarını alt-üst edərik. Onun cavabı belə oldu: “Əlisaab, Ermənistan qaçqınları Şuşadan Moskvanın təkidi ilə çıxarılır...”
 
Mən də ölkə rəhbərinə təklif etdim ki, bunun qarşısını bacardığımız qədər almalıyıq. Vəzirov isə belə dedi: “Get, nə bacarırsan, et...”
 
Bundan sonra mən Qarabağa gedib oradan çıxarılan qaçqınların bir hissəsinin yenidən yuxarı Qarabağa, xüsusən Şuşa, Xankəndi ətrafı kəndlərə qayıtmalarını təşkil etdim. Qərbi azərbaycanlılardan bir qismini Şuşa rayonunun Xankəndinə bitişik Malıbəyli kəndində və keçmiş Əsgəran, indiki Xocalı rayonunun Həsənabad kəndində yerləşdirdim. Ermənistan camaatının bu qayda ilə yerləşdirilməsində Malıbəyli kənd sovetinin sədri Tofiq kişinin, sovxoz direktoru Mürsəlovun hədsiz zəhməti oldu.  Malıbəyli camaatı qaçqınlara özləri yaşadıqları evlərdə sığınacaq verdilər və sonra Xocalıda və Malıbəylidə qısa müddət ərzində, 1988-ci ilin oktyabr ayından başlayaraq onlar üçün fin evləri və iş yerləri yaradıldı. Malıbəylidə məskunlaşan Qərbi Azərbaycandan olan soydaşlarımız kəndin yuxarı hissəsindəki dağdan külüng və daş baltaları ilə doğradıqları qəhvəyi rəngli daşlardan özlərinə evlər tikdilər. Həmin evlərin inşasında onlara Sumqayıtdan ezam olunmuş sənətkarlar fəal kömək edirdilər. Bu işlər həm də yuxarı Qarabağda yaşayan azərbaycanlı əhalinin buradan köçməməsi üçün görülürdü...
 
 
O ərəfədə keçmiş Dağlıq Qarabağda ermənilərin yerli azərbaycanlı əhalinin gündəlik zəruri tələbatdan məhrum edildiklərinin nəzərə alan bir neçə vəzifəli şəxs də vilayətdə olub xalqımıza maddi və mənəvi dəstək göstərirdilər. Onlardan bir neçə nəfərinin adını çəkib, fədakar əməkləri barədə, qısaca da olsa, məlumat verməyi özümə borc bilirəm... 
 
O dövrün səhiyyə nazirinin müavini Rahim Hüseynovun Qarabağda gördüyü işlər əvəzsiz idi. O, daim Qarabağda olub, oradakı xəstəxana və tibb məntəqələrinin müasir texnika, avadanlıq, dərman preparatları ilə təmin olunmasını təşkil edirdi. Azərbaycanlılar yaşayan kəndlərdə tibb məntəqələri yaradır, həmin məntəqələri nəqliyyat vasitələri ilə təchiz edirdi. Bölgələrdə olub əhalinin sağlamlığı ilə maraqlanır, müalicəsi vilayətdə mümkün olmayan xəstələri Bakıya apartdırıb müalicə müəssisələrində yerləşdirilməsini, müayinə və müalicəsini bilavasitə öz nəzarəti altında saxlayırdı. Keçmiş vilayətin bütün kənd və qəsəbələrində azərbaycanlı əhalinin sağlamlığına xidmət edən bir sıra tədbirlər həyata keçirirdi...
 
 Maliyyə nazirinin müavini Tofiq Mirzəyevin rəhbərliyi və bilavasitə iştirak etdiyi komissiya Xankəndində və vilayətin digər bölgələrində azərbaycanlıların ermənilər tərəfindən məhv edilmiş əmlakını siyahıya alıb dəyərinin dövlət tərəfindən əmlak sahiblərinə ödənilməsini təşkil etmişdir... 
 
“Azərittifaq”ın sədrinin birinci müavini Əlvida Babayev Xankəndində və vilayətin azərbaycanlılar yaşayan digər bölgələrində ermənilərin bizim camaata yeyinti ərzağını əldə etməsinə imkan vermədikləri ünvanlarda olub(harda ki, azərbaycanlılara mağazalrda heç nə satılmırdı) onların ehtiyacı olan əsas ərzaq növləri ilə təmin olunmaları üçün səyyar satış təşkil edirdi” 
 
Keçmiş ədliyyə naziri Qərbi Azərbaycanlı soydaşlarımızın Şuşadan çıxarılmasının qarşısının məhz Moskva tərəfindən təşkil olunmasına şübhə etmir..
 
“Qərbi azərbaycanlı soydaşlarımızın Şuşada, ümumiyyətlə, yuxarı Qarabağda yerləşdirilməsinin qarşısının məhz Moskva tərəfindən alınmasına şübhəm yox idi. Moskvanın 1990-cı ildə Qarabağda yaratdığı Respublika Təşkilat Komitəsinin rəhbəri, eyni zamanda Azərbaycan KP MK-nın 2-ci katibi, faktiki  respublikada söz sahibi olan Viktor Polyaniçkonun Qarabağda Kremlə və millətçi ermənilərə sərf etməyən fəaliyyətimlə bağlı mənim nəinki Xankəndinə, Şuşaya, Ağdama belə, gəlişimə qadağa qoyması da bunun bariz sübutudur. Bununla bağlı V.Polyaniçko ilə “Mübarizəmiz Qarabağdadır” adlı kitabımda da dərc etdiyim bir dialoqu nümunə kimi çəkmək yerinə düşər. Bir dəfə  Xankəndində mənimlə rastlaşan Kreml emissarı məni sorğu-sual etməyə başladı və gərəkli cavabını aldı:  
 
-Yenə Qarabağda nə gəzirsən?
 
-Dost-tanışın xeyir-şərinə gəlmək nə vaxtdan qadağan olunub?
 
-Deyirlər, dünən Meşəli kəndində olmusan?
 
-Olmuşam...
 
-Camaata nə məruzə oxuyurdun?
 
-Onlar köməksizdirlər, arxasızdırlar. Problemləri ilə maraqlanır, mümkün qədər həll etməyə çalışıram... Heç olmasa, mənəvi qayğıya, yardıma təsəlliyə ehtiyacları var... 
 
-O, sənlik deyil... Badara kəndi barədə də söhbətlərin olub...
 
-Bəli, Meşəlini ermənilərin çox sayda yaşadıqları Badara kəndi tərəfdən böyük təhlükə gözləyir. Ermənistandan, hətta xaricdən də son vaxtlar həmin kəndə gələnlər var. Bəs siz hara baxırsınız? Bir neçə gün qabaq Zori Balayan, SSRİ xalq deputatı Yelena Stravoytova da həmin kənddə olublar... 
 
-Olmaya Dağlıq Qarabağda əks-kəşfiyyat işləri sizə həvalə edilib? Bizim xəbərimiz yoxuymuş? Mümkünsə açıqla...
 
-Bu, mənim vətəndaşlıq borcumdur. Hər bir azərbaycanlının taleyi mənim taleyimdir. Mən qan qardaşlarımın taleyinə biganə qala bilmərəm...
 
-Əvvəla, hər bir azərbaycanlının yox. Axı, siz bu respublikanın ədliyyə nazirisiniz. Azərbaycanda yaşayan hər bir rusun da, erməninin də, kürdün də, ləzginin də, talışın da taleyi sənin taleyindir...
 
-Doğru deyirsiniz. Azərbaycanı özünə Vətən bilən, öz namusu kimi bu torpağın namusunu, qeyrətini qoruyan, dar gündə bu torpaq uğrunda ölümə getməyi belə, özünə borc bilən  hər bir vətəndaşın da taleyi mənim taleyimdir...
 
-Ancaq Dağlıq Qarabağ azərbaycanlılarının taleyi səni daha çox narahat edir...
 
-Siz deyəndən də çox. Onların taleyi bir teldən asılıdır. Heç kim onların ərizəsini oxumur. Nə Bakıda, nə də ki, Moskvada Qarabağ azərbaycanlılarının səsini eşidən yoxdur.... 
 
– Sənin eşitməyin kifayət deyilmi, möhtərəm ədliyyə naziri?
 
-Mən Şuşada və Həsənabadda yerləşdirilmiş 4 mindən artıq Ermənistan qaçqının oradan çıxarılmasının əleyhinəyəm...
 
- Bəlkə onları da biz çıxarmışıq? Bəlkə burda da Polyaniçkonun, Volskinin təqsiri var. A balam, özünüzünkülər belə məsləhət biliblər...” 
 
Bu cür cavabla Polyaniçko günahı Moskvanın boynundan atmağa çalışırdı...
 
Bütün bu təzyiqlərə baxmayaraq mən həvəsdən düşmədim.  Qarabağdakı əhalinin  torpağa, yurda möhkəm bağlanması üçün tikinti-abadlıq işlərinin aparılmasına, yeni iş yerlərinin açılmasına, əhaliyə torpaq sahələrinin verilməsinə nail oldum. Qərbi azərbaycanlılar üçün Xocalıda 49, Malıbəylidə 18 fin evinin quraşdırılmasını təşkil etdim. Hətta qanunsuz torpaq tutma haqqında olan, Azərbaycan SSR Cinayət Məcəlləsinin 162-ci maddəsinin çxarılmasına nail oldum. Bununla da, vilayətdə yaşayan azərbaycanlıların və respublikamıza pənah gətirmiş qaçqınların vilayətdə özlərinə ev-eşik tikmələrinə şərait yaratdıq. Bundan əlavə, oradakı kəndlərdə məktəblər, sexlər, fabriklər, kitabxanalar və yaşayış evləri inşa olundu...
 
Belə düşünürəm ki, o vaxt Qərbi Azərbaycandan qaçqın soydaşlarımız Şuşadan çıxarılmasaydı, əksinə, yüz minlərlə qaçqın yuxarı Qarabağın digər məntəqələrində də yerləşdirilsəydi, Qarabağda proseslər tamam başqa cür inkişaf edər, ermənilərin əli-qolu bağlanar və torpaqlarımızın işğalı da baş tutmazdı... 
 
O illərin təcrübəsindən çıxış edərək hesab edirəm ki, bu gün də “sülhməramlı” adı altında hərbi birləşməsinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşdirilməsinə nail olmuş Rusiyanın imperiya xislətli planlarının qarşısını almağın yollarından biri də işğaldan azad edilmiş və xüsusən keçmiş Dağlıq Qarabağ ərazisində olan yaşayış məntəqələrimizin, xüsusən də Şuşanın mümkün qədər tez məskunlaşdırılmasından keçir.  Kremlin Qarabağdakı qanunsuz silahlı erməni birləşmələrini tərksilah etməməsi, əksinə, onları silahlandırması, onlara təlim keçməsinin əsas səbəblərindən  biri də məhz həmin ərazilərin məskunlaşdırılmasına əngəl yaratmaq, oz yurdlarına köçməyə hazırlaşan soydaşlarımızı xof içində saxlamaqdır...”- deyə sabiq nazir vurğulayıb.

Geri dön