Ana Sayfa > Karusel > Vasif Talıbovun ağlasığmaz qadağaları - Məmurlar küçə süpürürmüş...

Vasif Talıbovun ağlasığmaz qadağaları - Məmurlar küçə süpürürmüş...


29-12-2022, 14:06. Yazar: Admin

Vasif Talıbovun ağlasığmaz qadağaları - Məmurlar küçə süpürürmüş...

 

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 27 il ərzində Muxtar Respublikada tətbiq etdiyi ağlasığmaz qadağalar ləğv olunacaq. Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, kefə görə tətbiq edilən məhdudiyyətlərin hamısı aradan qaldırılacaq. 

 

"Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq",- deyə səlahiyyətli nümayəndə deyib.

 

Söhbət hansı qadağalardan gedir?

 

Bu barədə Modern.az-a danışan naxçıvanlı iş adamı Vüqar Məmmədxanlı bildirib ki, V.Talıbovun rəhbərliyi dövründə Muxtar Respublikada bir çox qadağalar kimlərinsə məhz kefinə görə tətbiq edilib. Müsahibizim həmin qadağaların nədən ibarət olduğunu belə izah edib:

 

"Naxçıvan camaatı bir yerə toplaşdıqda siyasi məsələlərdən danışırlar. Buna görə də kəndlərdə, Naxçıvan  şəhərinin özündə belə çayxanalar yığışdırılmışdı. İnsanlar bir yerə toplaşa bilmirdi. Bəzi kəndlər var idi ki, hasarlamışdılar. Hər şənbə və bazar günləri dövlətdən maaş alan işçiləri yolları süpürməyə, ağac əkməyə məcbur edirdilər. Kimsə paltarını yuyubsa, öz həyətində sərib quruda bilməz. Bütün kəndlərdə mağazaları bağlamışdılar. Əvvəl hər kənddə balaca, böyük fərq etməz, mağazalar olardı. Onları yığışdırmışdı ki, hamı gedib onların mağazasından alış-veriş etsin. Biz kənd adamıyıq. Əvvəllər kəndlərdə təndir yerləri vardı. Hər kəs öz çörəyini orada bişirərdi. Təndirlərin  hamısını sökmüşdülər. Naxçıvanın müəyyən yerlərində özlərinə məxsus təndirlər qoymuşdular ki, insanlar ancaq oradan istifadə etsinlər".

 

İş adamının sözlərinə görə, Naxçıvanda sahibkarlar ciddi şəkildə sıxışdırılıb, təzyiqlərlə üzləşiblər:

 

"Kiminsə bizneslə məşğul olmasına imkan verilmirdi. Nə kafe, nə restoran, nə də hansısa istehsal müəssisəsini açmağa icazə verilirdi. Müəssisə açanda gəlib “tas” qoyurdular. Müəssisənin 51 faizi onların, 49 faizi sahibkarın olmalı idi. Vergini də sahibkarlar ödəməli idi və bütün məsuliyyəti onun üzərinə yıxırdılar. Ona görə də, imkanlı şəxslər Naxçıvandakı iş yerlərini qoyub qaçırdılar, heç kim biznes qurmaq istəmirdi, biznesi olanlar da imtina edərək, başqa şəhərlərə və ölkələrə köçürdülər".

 

 

"Deyə bilərəm ki, Naxçıvanın bəzi sakinləri, sahibkarlar Türkiyəyə, Bakıya, Şəkiyə, Gəncəyə və Azərbaycanın digər rayonlarına köçüblər. Əhalini Naxçıvandan didərgin salıblar. Naxçıvanda 500 min əhali yaşayırdı. İndi isə Naxçıvanda yaşayanların sayı kəskin azalıb. Deyilənə görə, 150 mindən azdır. İstanbulda naxçıvanlıların kompakt yaşadığı böyük məhəllələr var. Toy mərasimini də, yas mərasimini də orada edirlər. Naxçıvana gəlib-getmirlər. Evlərinin qapısını bağlayıb gediblər. Pandemiyaya qədər Naxçıvandan İstanbula bir neçə avtobus reysi təşkil olunmuşdu. Hər avtobusla 15-20 ailə köçürdü. Pandemiyadan sonra köç dayanıb. İnanın ki, pandemiya dövründə köç davam etsəydi, Naxçıvanda adam qalmayacaqdı. İnsanlar çarəsizlikdən Türkiyənin şəhərlərində harada ən aşağı iş tapırlarsa, ora gedirlər", - deyə Vüqar Məmmədxanlı Vasif Talıbovun dövründə insanların acınacaqlı durumda yaşadıqlarını söyləyib.

 

O, Naxçıvanda tətbiq olunan absurd qərarların tezliklə ləğv olunacağına inandığını söyləyib. Bildirib ki, 30 ilə yaxın Vasif Talıbovun əsarəti altında qalan naxçıvanlılar artıq azad cəmiyyətdə yaşamağı arzulayırlar. Bu baxımdan Prezidentin səlahiyyətli nümayəndəsindən gözləntilər böyükdür.


Geri dön