Ana Sayfa > Karusel / Manşet > Azad edilmiş ərazilərdə əmək münasibətləri üzrə stimullaşdırıcı tədbirlərə başlanır

Azad edilmiş ərazilərdə əmək münasibətləri üzrə stimullaşdırıcı tədbirlərə başlanır


28-12-2022, 19:49. Yazar: Admin

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişiklik

Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, onlar üçün bir sıra güzəştləri nəzərdə tutan dəstək paketinin tətbiqinə, bu ərazilərdə əmək resurslarının səmərəli idarə olunmasına xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, yeni qanunvericilik aktlarına əsasən, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub.

 

Bu anlayışa peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər aid edilib.

 

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən həmin mütəxəssislərə:

 

• hər il 5 gün əlavə məzuniyyət veriləcək;

• aylıq vəzifə maaşına əlavələr hesablanacaq;

• 600 manat birdəfəlik müavinət veriləcək.

 

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqlarının:

 01.01.2023-cü ildən 01.01.2026-cı ilədək – 100 faizi,

 01.01.2026-cı ildən 01.01.2029-cu ilədək – 80 faizi,

 01.01.2029-cu ildən 01.01.2031-ci ilədək – 60 faizi,

 01.01.2031-ci ildən 01.01.2033-cü ilədək – 40 faizi;

 fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri və b. tərəfindən ödənilən sosial sığorta haqlarının isə 10 il müddətində 100%-i dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.

 

Ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək.

 

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotası 5 il tətbiq edilməyəcək, kvotanın dolması səbəbindən iş icazəsi verilməsindən imtina edilməsi onlara şamil olunmayacaq. Onlara iş icazələrinin verilməsi sahəsində də güzəştlər tətbiq olunacaq.


Geri dön