Ana Sayfa > Karusel / Gündəm / Yazar > Ər-arvadın avtomobili üçün etibarnamə lazım deyil - Ərşad Hüseynov
Ər-arvadın avtomobili üçün etibarnamə lazım deyil - Ərşad Hüseynov28-12-2022, 13:33. Yazar: Admin |
Dünən rastlaşdığım bir yazı məni ər-arvadın ümumi mülkiyyətlərində olan avtomobili etibarnaməsiz idarə edə bilmələri məsələsinə bir daha qayıtmağa vadar etdi. Yazıda konkret ad çəkilməsə də, mənim bu mövzu ilə bağlı qanunvericiliyə söykənən və hər hansı mübahisə doğurmamalı olan fikrimin təkzib edilməsi cəhdini gördüm. Düzdür, mənim (əslində qanunun) mövqeyimə əks arqument gətirməyə cəhd edən elə həmin yazıda öz fikrini təkzib edən arqumentlər gətirir. Əvvəla, qeyim ki, mən ekspert deyiləm, sadəcə hüquqşünasam. Bu sahənin (yol hərəkəti və nəqliyyatın) qanunvericiliyi ilə bir az daha detallı məşğul oluram. Bir hüquqşünas olaraq bu sahədə istənilən məsələdə müzakirə aparmağa, öyrənmək istəyəni və buna qabiliyyəti olanı öyrətməyə hazıram. Bu məsələlərdə heç vaxt “publikaya oynamaq” kimi fikrim omayıb, 15 ilə yaxındır ki, qanunvericiliyin şərhi, təbliği istiqamətində müəyyən işlərim var, kitablar yazmışam və s. Konkret bu məsələ barəsində isə söylədiyim fikri 10-15 ildir ki, təkrar-təkrar söyləyirəm (bu safədə dünən-srağagün ortaya çıxan adamın bunu məndən indi eşitməsi başadüşüləndir), çünki qanunumuz belədir (yeri gəlmişkən, ər-arvadın ümumi mülkiyyəti barədə hazırda qüvvədə olan hüquqi prinsiplərin 2000 ildən artıq yaşı var: onlar Qədim Roma və antik dövrün digər hüquqi sistemlərindən gəlir). Ən maraqlısı da odur ki, mənimlə eyni fikri zaman-zaman DYP-nin yüksək vəzifəli əməkdaşları da uzun müddətdir ki, dəfələrlə səsləndiriblər. İndi bir nəfərin ortalığa çıxıb bu fikirləri təkzib etməyə qalxması, heç bir məntiqə və hüquqa söykənməyən nağılvari arqumentlər gətirməsi bir az təəccüblüdür. Bu məsələnin təfərrüatlarına qayıdıb sizi yormaq istəmirəm. Qısaca qeyd edirəm ki, mövcud qanunvericiliyimiz ər-arvadın nikah dövründə (müəyyən şərtlər daxilində hətta nikahdan əvvəl) əldə etdiyi avtomobili onların ümumi mülkiyyəti sayır və bu səbəbdən onlardan biri digərinin adına olan belə avtomobili etibarnamə və ya hər hansı başqa sənəd olmadan idarə edə bilər. Ehtiyac yarananda sadəcə nikah şəhadətnaməsinin (və ya onun rəsi surətinin) təqdim edilməsi yetərlidir və bu halda hər hansı inzibati cərimənin tətbiqindən söhbət gedə bilməz. Amma bu fikrə apponentlik etmək istəyənin gətirdiyi “arqumentləri” təkzib etməyə ehtiyac var. Apponent Ailə Məcəlləsinə, Mülki Məcəlləyə və Konstitutsiya Məhkəməsinin qəraına istinad edərək deyir ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilməlidir deyə, bu razılıq güya ki, mütləq rəsmi olmalıdır, özü də notarial təsdiq edilməlidir. Amma birincisi, bunu deyən unudur ki, rəsmi təsdiq edilməli razılğın tələb olunduğu halların dairəsi kifayət qədər dəqiqliklə Mülki Məcəllədə göstərilib. Belə notarial təsdiqli razılıq rəsmi dövlət reyestrində qeydə alınmalı olan ümumi əmlaka sərəncam verilərkən (loru dildə - əmlak satılarkən) lazımdır. Hətta belə əmlaklardan ən geniş yayılanı olan avtomobilin alqı-satqısı zamanı da DYP ərin (arvadın) razılığını tələb etmir. Əgər alqı-satqı zamanı qanunun nəzərdə tutduğu rəsmi razılıq istənilmirsə, onda xeyir ola avtomobildən sadəcə istifadə üçün rəsmi razılıq tələb edilməlidir? Gülməli deyilmi? İkincisi, heç bir qanunvericilik ər-arvadın ümumi mülkiyyətində olan hər hansı əmlakın, o cümlədən reyestrdə qeydə alınan avtomobilin istifadəsi ilə bağlı yazılı və notarial təsdiqli razılıq tələb etmir. Ona görə də “ümumi əmlakdan istifadə üçün rəsmi razılıq olmalıdır” demək həm məntiqsiz və qanunazidd, həm də gülməlidir. Təsəvvür edin ki, ər-arvaddan tələb edilir ki, ümumi mülkiyyətinizdə olan, məsələn, fincanda çay içmək üçün, yaxud televizora baxmaq üçün aranızda notarial təsdiqli razılıq olmalıdır. Bərəkallah belə məntiqə. Daha sonra apponetlik etmək istəyən belə arqument gətir: Bəs DYP necə müəyyən etsin ki, şəxslərin arasında nikah müqaviləsi var ya yoxdur? Bəlkə elə ər-arvad hərə öz mülkünə icazəlidir? Bəlkə elə avtomobil kiminsə hədiyyəsidir və ya mükafat, uduş fondu hesabına əldə olunub. Bunlar da heç bir hüquqi əsası və məntiqi olmayan arqumentlərdir. Əvvala, heç bir qanunvericikdə belə bir müddəa yoxdur ki, yolda xidmət edən DYP əməkdaşı avtomobilə mülkiyyət və ya sahiblik hüququnun mahiyyətini, mənşəyini, təfərrüatlarını və başqa bu kimi hüquqi incəlikləri araşdırmalıdır. Bunalr DYP-nin işi deyil. Məsələlərə belə yanaşilsa, onda sabah biri durub deyəcək ki, məsələn, şirkətin avtomobilini sürən sürücü özü ilə şirkətin nizamnaməsini, direktorun təyin edilməsi barədə əmrin surətini, direktorun imza nümunəsini də gəzdirsin ki, yoldakı DYP əməkdaşı təqdim edilən yol vərəqəsinin saxta olub-olmamsını yoxlasın. Bu isə həm gülməli, həm də ağlamlı olar. Mövcud qanunvericiliyin mahiyyəti budur ki, yolda xidmət edən DYP əməkdaşı sadəcə avtobillə sürücü arasında sahiblik və istifadə ilə bağlı hüquqi əlaqəni (etibarnamə, yol vərəqəsi, icarə müqaviləsi, nikah şəhadətnaməsi, lizinq müqaviləsi və s.) yoxlamalıdr, vəssalam. Kiminsə həyat yoldaşı ilə mülk davası olarsa, yaxud kiminsə avtomobili saxta, etibarsız sənədlə ələ keçirilərsə, belə məsələlərlə məhkəmə, təhqiqat və istintaq orqanları məşğul olur. Belə icraatlar isə kokret iddia ərizələri, şikayət və başq ərizələrlə başlanır. Mənim fikirlərimə apponentlik etmək istəyən daha sonra vurğulayır ki, guya ki, bu məsələdə mübahisələrin olmaması üçün İXM-ə dəyişiklik edilməlidir. Əvvala, təkrar da olsa, bildirirəm ki, bu məsələdə qanunvericlik kifayət qədər aydındır, deyilən məzmunda dəyişikliyə zərurət yoxdur. İkincisi, bu məsələ, İXM-in tənzimləmə predmeti deyil, bunu mülki və ailə qanunvericiliyi tənzimləyir. Üçüncüsü və ən başlıcası isə dəyişilməli olan çox şey var. Məsələn, elə həmin etibarnamənin məcburiliyi (bu kimi söhbətlər ondan qaynaqlanır) çoxdan ləğv edilməlidir. Tanıdığımız heç bir normal dövlətdə bir şəxsin digərinin avtomobilini yalnız notarial təsdiqli etibarnamə ilə sürə biləcyinin məcburi olması tələbi yoxdur. Sovet dövründən qalan bu atavizmi çoxdan kəsib atmaq lazımdır. Dəyişməli olan həm də təfəkkürlər, yanaşmalar, dünyagörüşləridir. Sonda qeyd etmək istəyirəm ki, ər-arvadın ümumi mülkiyyətində olan avtomobildən istifadə ilə bağlı rəsmi dövlət məmurlarının belə yanlış şərhləri təcrübədə sui-istifadələrə, xüsusən də bəzi sığortaçıların sui-istifadəinə yol açır. Lakin bu məsələdə haqq öz yerini tapmaqdadır. Son vaxtlar mənim və dostların bu istiqamətdə apardığı təbliğat, habelə bir neçə məhkəmə aktı ilə sığortaçıların subroqasiya iddiasının təmin edilməməsi nəticəsində sığortaçılar da, nadir istisnalarla, ər-arvaddan etibarnamə tələb etmirlər və sığorta təminatında problem yaranmır.(avtosfer.az)
Ərşad Hüseynov, hüquqşünas Geri dön |