Ana Sayfa > Karusel / Mədəniyyət > Xalq artistləri dalaşdı: “Dədənin kölgəsində “qoqli-moqli” ilə böyümüsən”

Xalq artistləri dalaşdı: “Dədənin kölgəsində “qoqli-moqli” ilə böyümüsən”


26-12-2022, 14:52. Yazar: Admin

Xalq artistləri dalaşdı: “Dədənin kölgəsində “qoqli-moqli” ilə böyümüsən”

“Bu qurultayın keçirilməməsi Azərbaycan kinosuna qarşı növbəti təxribatdır. Artıq 8-ci ildir ki, qurultay keçirilmir, qaydaya görə, 5 ildən bir qurultay olmalı, sədr seçilməlidir...” 

Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx əbdül Mahmudbəyov deyib. Bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədovanın qurultay keçirilmədən yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı danışan sənətçi bunun tamamilə qanunsuz olduğunu bildirib: 

“Mən 52 ildir ki, həmin ittifaqın üzvüyəm, heç vaxt kiminsə şəxsi mövqeyini müdafiə etməmişəm. Mən 52 ildir şərəflə üzvü olduğum ittifaqda kinonun adını müdafiə edirəm. Qəribədir, o boyda kişilər ittifaqda illərlə sədr oldular, heç vaxt söz-söhbət yaranmadı. Hər zaman söhbət kinodan, mədəniyyətdən gedirdi, ittifaqda heç bir qruplaşma, qarşıdurma, ədavət, şəxsi maraqlara xidmət yox idi. 

Hər zaman demişəm ki, qarşıdurma yaratmayaq. Rəsmi qanun-qayda var, qurultayımızı keçirək, bir yerdə olaq. Amma onlar mənim təklifimi ədavətə, düşmənçiliyə çeviriblər”. 

Şeyx Əbdül Oqtay Mirqasımovun qurultay keçirmək üçün büdcənin olmadığını əsas gətirməsinə sərt reaksiya verib:

“Oqtay Mirqasımov deyir ki, qurultay keçirməyə büdcəmiz yoxdur, büdcəniz yoxdursa, işləməyin. Büdcə niyə yoxdur?! Dövlət büdcəsi də var, bundan əlavə, 280 min manat da ittifaqlara ayrılan pul var. Həmin 280 min manat hara xərclənib?! Pullar hara gedir, bu araşdırılmalıdır. Oqtayın kinodan xəbəri olmadığı kimi ittifaqdakı işlərdən də xəbəri yoxdur. Allah onun atasına rəhmət eləsin, onun cəddinə qurban olum, and yerimiz olub, onun adı ilə axı nə qədər alver etmək olar?! Arada bir iş də görmək lazımdır. 

Qanuna görə, sədr qurultayla seçilməlidir. Əgər Ədliyyə Nazirliyi bu cür qeyri-qanuni seçkini təsdiq etsə, mən onları məhkəməyə verəcəyəm. Bu iş mütləq dayandırılmalıdır. Biz illərdir gözləyirik, İttifaqın katiblərindən 3-ü rəhmətə gedib, biri isə istefa verib gedib və həmin yerlər illərdir ki, boşdur. Ümumi respublika üzrə qurultay çağırılmalı, bütün kino xadimləri ora dəvət olunmalıdır. Rəsmi dövlət nümayəndələri, kütləvi informasiya vasitələri də həmin qurultayda iştirak etməlidir. Müzakirələr aparılmalı, açıq seçki yolu ilə həm sədr, həm də katiblər seçilməlidir. Görün, nə boyda özbaşınalıq edirlər. İttifaq mağazadır, yaxud şəxsi mülkdür? Niyə kinomuzu parçalayırlar? Bu rüsvayçılıqdır, Azərbaycan kinosuna xəyanətdir!” 

Ə.Mahmudbəyov O.Mirqasımovun onun ünvanına səsləndirdiyi fikirləri də cavabsız qoymayıb:

“Biz 8 ildir qurultayı gözləyirik, deyir büdcə yoxdur. Oqtay, ağsaqqal adamsan, seyid-peyğəmbər övladısan, belə riyakarlığa bir don geyindirmək sənin üçün ayıbdır. Mənim ünvanıma da ağzına gələni danışır. Mən hər zaman şərəflə onun hörmətini, izzətini saxlamışam. Oqtay, 50 ildir ki, mənimlə eyni qapıdan girib-çıxırsan, bilmirsən ki, Azərbaycan kinosunda Şeyx Əbdül Mahmudbəyov var? Əgər mən kino sahəsində yoxamsa, Ulu Öndər Heydər Əliyev niyə mənə dövlət mükafatı verib? Cənab Prezident İlham Əliyev niyə şəxsi imzası ilə Əməkdar İncəsənət xadimi, daha sonra Xalq artisti fəxri adını verib? Mənim çəkdiyim “Doğma Sahillər” filmi SSRİ Sərhəd Qoşunlarının baş mükafatını alıb. Oqtay Mirqasımov, sən sənədli film çəkən olmusan, bir dənə Qara Qarayev haqqında gözəl sənədli film çəkmisən, haçandan kino adamlarını müzakirə edirsən? Kino xadimi deyilsən, kinoşünas deyilsən. Mən yetimçiliklə kənddən gəlib Şeyx Əbdül Mahmudbəyov şəxsiyyəti yaratmışam, siz nə etmişiniz? Dədələrinizin kölgəsində “qoqli-moqli” ilə böyümüsünüz, indi də gəlib bizə daş atırsınız.

Deyir ki, Şeyx yaxşı danışır. Oqtay, danışmaq üçün gərək adamın cəsarəti, intellekti, səviyyəsi olsun və ən əsası ana dilini bilsin. Bunların heç biri səndə yoxdur. Deməli, sən mənə paxıllıq edirsən, burada söhbət artıq kinodan yox, mənim şəxsiyyətimdən gedir. Ayıbdır axı, biz 50 ildir ki, bir yerdəyik, bir-birimizi görəndə öpüşüb-görüşürük. Ağsaqqal ola-ola xəyanətə xidmət edirsən, yalan danışırsan və mənim ünvanıma həqarət söyləyirsən, sənə ayıb olsun! Hər bir halda, mən onu salamlayıram, öpürəm, içimdə ona qarşı kin-küdurət saxlamıram. Çünki mənə kinoçu kimi möhtərəm Prezidentimiz lazımi dəyəri verib, hamısı da göz qabağındadır”.


Geri dön