Ana Sayfa > Karusel / Qarabağ > “O aksiyanı alqışlayıram... -Kim onların enerjisindən yararlanırsa, öz günahıdır...”

“O aksiyanı alqışlayıram... -Kim onların enerjisindən yararlanırsa, öz günahıdır...”


24-12-2022, 12:46. Yazar: Admin
“O aksiyanı alqışlayıram... -Kim onların enerjisindən yararlanırsa, öz günahıdır...”
“Digər tərəfdən, - bəlkə də mən hərbçi kimi düşünürəm - taktiki baxımdan hesab edirəm ki, bu o qədər də doğru üslub deyil. Bəlkə də başqa yol seçilə bilərdi...”
Keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif  Paşa Moderator.az əməkdaşıyla söhbətində artıq iki həftədir ki, Laçın-Şuşa-Xankəndi yolunda davam edən məlum etiraz aksiyası haqda düşüncələrini bölüşüb:
 
“Birincisi, bunlar hamısı bizim xalqın ləyaqətindən doğan bir şeydir ki, biz çox loyal cəmiyyətik, yəni hər şeyin sülh yoluyla düzəlməsinə çalışırıq... Düşünürəm ki, Vətənin, Millətin taleyinə aid müsbət bir iş görüləndə ona münasibət də müsbət olmalıdır, onu dəstəkləmək gərəkdir. Bilirsiz, bəzi məqamlara, bəzi işlərə sırf siyasi arşınla yanaşanda doğru nəticə alınmır. Yəni, tutaq ki, xalqın, dövlətin xeyrinə olan bir işi mənim xoşuma gəlməyən bir partiya görürsə, ona pis iş demək doğru deyil... Ümumiyyətlə, olaylara yalnız siyasi arşınla yanaşanda hər şey eybəcər görünür. Amma Vətənin, dövlətin, xalqın mənafeyi prizmasından yanaşanda hər şey daha aydın və çox vaxt da gözəl görünür... Bu gün  Laçın-Şuşa-Xankəndi yolunda soyuğun, küləyin, yağışın, şaxtanın, qarın, sazağın altında əl-ayaqları dona-dona, yarıac-yarıtox, yuxusuz qalan, eyni zamanda istər yaxınlıqdakı “sülhməramlı” Rusiya hərbçiləri, istərsə də o qədər də uzaqda olmayan erməni separatçıları, qanunsuz silahlı birləşmələri tərəfindən hər an təhlükəyə məruz qala bilən o fədakar insanlar səmimi qəlbdən inanırlar ki, Vətən, xalq, dövlət üçün, Qarabağda suverenliyimizin tam şəkildə bərpası üçün nəsə edirlər. Kimlərsə, Bakıda isti evdə, ofisdə rahatca oturub o aksiyanı Rusiya ilə, yaxud Britaniya ilə bağlaya bilər... Eləcə də kim onların enerjisindən, potensialından yararlanmağa çalışırsa, artıq bu, onun öz məsuliyyəti, öz günahıdır... Amma şəxsən mənim üçün və hesab edirəm ki, hər bir vətənpərvər, dövlətçi insan üçün öncə, dediyim kimi, oradakı insanların - xalqımın bir parçasının səmimi fədakarlığı, cəsarətidir... Odur ki, mən bu aksiyanı alqışlayıram... Və özüm də hər an həmin tədbirə yerindəcə dəstək verməyə hazıram... Lakin digər tərəfdən, - bəlkə də mən hərbçi kimi düşünürəm- taktiki baxımdan hesab edirəm ki, bu o qədər də doğru üslub deyil. Bəlkə də başqa yol seçilə bilərdi...”

Geri dön