Ana Sayfa > Karusel / Yazar > Şəhid qızının arxasında gizlənmək...

Şəhid qızının arxasında gizlənmək...


22-12-2022, 13:57. Yazar: Admin

Şəhid qızının arxasında gizlənmək...  

Kəndimizdə ilk dəfə şəhid halvası bişdiyi vaxtdan təxminən 30 il keçir. Əmim oğlu Mais Verdiyev alçaq düşmənin Cəbrayıla hücumunun qarşısını alarkən sinəsini erməni gülləsinə sipər etmişdi. 

Azərbaycanın hər yerində olduğu kimi biz tərəfdə də yas düşən evdə halva çalırlar. Anamın, bibilərimin unu və şəkəri yağa qatıb göz yaşları ilə yoğurduqları həmin halvadan heç birimiz yeyə bilməmişdik. Mən bunun səbəbini uzun illər sonra anladım. 2020-ci ildə oğlu İdlibdə şəhid olan bir ana belə demişdi: "Şəhid halvası sizin evdə bişmədiyi vaxtadək, halva sizin üçün şirin olacaq".

Mais şəhadətə yüksəldiyi gündən rəhmətlik Akif əmim ŞƏHİD ATASI, elə o gündən gözlərinə bir yığın kədər hopmuş Adilə bibim ŞƏHİD ANASI oldu. 

Rayonumuz işğal olunandan sonra əmimlə bibim Maisin nigaran ruhunu Cəbrayılda qoyub Bakıya gəldilər. Düz 25 il Nərimanov rayonunda istismar müddəti çoxdan başa çatmış yataqxanalardan birinin darısqal, rütubətli otağında yaşadılar. Amma heç vaxt nə ev davası döydülər, nə də pul, imtiyaz üçün kiminsə qapısını döydülər. 25 il sonra onlara Qobuda adı iki otaqlı, eni-uzunu cəmi iki metr olan ev verilsə də, əmimin ömrü bu evdə heç 25 ay yaşamağa da çatmadı...

Azərbaycanın ən istedadlı və ən vicdanlı qələm adamlarından biri olan Zaur Əhməd şəhid Əhməd Məmmədovun yadigarıdır. Beş il bir yerdə işləsək də, Zaurun şəhid adından istifadə etdiyini heç vaxt görmədim, eşitmədim. Jurnalistlərə ev paylananda, həmkarlarımın yaxasından orden-medal asılanda, təksə istedadlı deyil, həm də istedadsız qələm adamları "Əməkdar jurnalist" olanda Zaur Əhməd haqqı çata-çata bir dəfə də ev, mənsəb, şöhrət davası eləmədi. Bütün situasiyalarda başını dik, şəhid adını uca tutdu...

Son vaxtlar qayğıya, köməyə ehtiyacı olan bir vətəndaşı işə düzəltmək üçün hansı məmura müraciət edirsənsə, belə cavab verir: "Bizdə vakant yerlər ancaq şəhid və qazi ailəri üçün nəzərdə tutulub". 

Bəzi deputatlardan gündəmdəki məsələlərlə bağlı rəy öyrənmək istəyəndə sualı dinləyib belə cavab verir: "İndi vaxtım yoxdur, şəhid ailəsini ziyarətə gedirəm".

Bu yaxınlarda yeniyetmə əlil rəssamın fərdi sərgisinə dəvət etdiyim iş adamı isə belə cavab vermişdi: "Biz ancaq şəhid övladlarına yardım edirik". 

Hətta bəzi müğənnilər də özlərini bu kateqoriyaya aid olan insanlarla reklam edirlər: "Şəhid övladlarının toyunda pulsuz oxuyuruq". 

Fövqəladə Hallar Nazirliyində keçirilən xınayaxdı mərasimi ilə bağlı FHN "şefi" Kəmaləddin Heydərovun reaksiyası da oxşar oldu: "Bu, şəhid qızının məclisdir. Burada nə var ki?".

Yazım, nə var. Burda məsuliyyətsizlik, vəzifə səlahiyyətlərindən sui-istifadə var. Burda nazirin rəhbərlik etdiyi quruma nəzarət edə bilməməsinin qabarıq əlamətləri var...

Bakıda ad günü, xınayaxdı keçirmək üçün yer yoxdur? Kəmaləddin Heydərov təkcə çiynində daşıdığı ulduzlara görə dövlətdən aldığı pulla ayda beş xınayaxdı mərasimi təşkil edə bilər. Bunun adı şəhid adından sui-istifadə etmək, şəhid qızının arxasında gizlənməkdir...

Lütfən, hər fürsətdə şəhid adını dilinizə gətirib onların ruhunu incitməyin. Bu adamlar ona görə şəhid olmayıblar ki, siz hər cür pis əməllərinizə onların sayəsində don geyindirəsiniz...

 

Seymur Verdizad


Geri dön