Ana Sayfa > Karusel / Gündəm > Onları nə gözləyir? - “Üzr istəməklə məsələ yekunlaşmamalıdır” 

Onları nə gözləyir? - “Üzr istəməklə məsələ yekunlaşmamalıdır” 


16-12-2022, 17:05. Yazar: Admin

Onları nə gözləyir? - “Üzr istəməklə məsələ yekunlaşmamalıdır” 

“Qətiyyən həmin müstəntiqlərin üzr istəməsiylə məsələ yekunlaşmamalıdır. Mən hər zaman demişəm ki, bu məsələdə istintaqı aparan müstəntiqlər, ittiham aktlarını təsdiq edən prokurorlar və işə nəzarət edən şəxslər mütləq mənada məsuliyyət daşımalıdırlar və heç bir halda onlar bu məsuliyyətdən yaxa qurtara bilməzlər”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Polkovnik Milli Məclisin deputatları Zahid Oruc və Qənirə Paşayevnın “Tərtər işi”ylə bağlı səsləndiridyi fikirlərə və işi aparan müstəntiqlərin bəzilərinin xalqdan üzr istəməsiylə əlaqəli açıqlamalara münasibət bildirib.

Ü. Cəfərova görə, bu işin ən vacib məqamlarından biri də o, olmalıdır ki, bu işdə ittiham aktını faktiki olaraq təsdiq edib, Azərbaycan dövləti adından hökm çıxaran hakimlər də dərhal Məhkəmə Hüquq Şurası tərəfindən aşkar edilməli və vəzifələrindən kənarlaşıdırılmaları barəsində məsələ qaldırılmalıdır:

“Qənirə Paşayeva ilə Zahid Oruc bu məsələni indi deyir, lakin biz neçə müddətdir ki, səsləndiririk ki, bu məsələ ordunun şərəf məsələsidir. Mən bu gün də məsələni bir az kəskin qoyardım: hərbi prokuror Xanlar Vəliyev və onun birinci müavini Şəfahət İmranov müvəqqəti də olsa, istintaq dövründə dərhal vəzifələrindən azad olunmalıdırlar. Onlar azad olunandan və istintaqın gedişi bitəndən sonra artıq qərar verilə bilər ki, onlar öz işlərinə qayıda bilər, ya yox. Amma 99,99% mən əvvəlcədən deyirəm ki, onların bu işə qayıtmağa mənəvi haqları ola bilməz”.

Hərbi ekspert əlavə edib ki, baş verənlərə görə Xanlar Vəliyev və Şəfahət İmranov məsuliyyət daşıyır:

“Onlar vaxtında bir sıra ciddi səhvlərə yol veriblər və o səhvlər insanların 5-6 il müddətinə həbsxanalarda qalmasına, o cümlədən başqa məhrumiyyətlərə gətirib çıxarır. O nöqteyi-nəzərdən hesab edirəm ki, insanların haqqını tanımaq üçün o insanlarla bağlı müəyyən qərarlar qəbul edilməlidir”.

“O ki qaldı məsələnin yekun həllinə, bu, hələ çox tezdir. Hələ xeyli araşdırma aparılmalı və xeyli məsələlərə aydınlıq gətirilməlidir. Ondan sonra nə isə demək olar. İndiki mərhələdə demək ki, artıq məsələ öz müsbət həllini tapıb, mən şəxsən belə bir məsuliyyətli yükün altına girmərəm. Hələ nə qədər əmrlər verən, əmrlərin icrasını məcburi qaydada yerinə yetirən şəxslər var. Hələ onların dairəsi müəyyənləşdirilməlidir. Ondan sonra proseslərin hansısa istiqamətdə getməsi haqqında nə isə danışmaq olar. İndiki mərhələdə isə çox tezdir”, – yekunlaşdırıb.


Geri dön