Ana Sayfa > Karusel / Cəmiyyət > Zakir Qaralov Ali Baş Komandandan və xalqdan ÜZR İSTƏYƏCƏK

Zakir Qaralov Ali Baş Komandandan və xalqdan ÜZR İSTƏYƏCƏK


16-12-2022, 15:42. Yazar: Admin

Azərbaycan Respublikasının sabiq Baş prokuroru Zakir Qaralovun adı yenidən gündəmə gəlib. Bu dəfə deputatlar tərəfindən.
Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc eks-Baş prokuror Zakir Qaralovu “Tərtər işi”nə görə ittiham edib.
 
“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər.
5 ildən sonra alnıaçıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin. Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular”, - Z.Oruc deyib.

Xatırladaq ki, Zakir Qaralov nə az, nə çox – düz 20 il respublikanın Baş prokuroru işləyib.

2020-ci il mayın 1-də Zakir Qaralovun Respublika Prokurorluğunda sürən rəhbərliyinə son qoyuldu. Həmin tarixdə Z.Qaralov ölkə başçısının sərəncamı ilə Baş prokuror vəzifəsindən kənarlaşdırıldı.

Beləliklə də, 2000-ci il aprelin 25-də Baş prokuror vəzifəsinə təyinat alan Zakir Qaralov bu postu düz 20 ildən sonra tərk etdi, daha doğrusu vəzifədən azad edildi. Amma onun özünə qalsaydı, yəqin ki, daha 5 il müddətinə qalıb işləyərdi.

İndi hamı gözləyir ki, Zakir Qaralov deputatın çağırışına necə reaksiya verəcək: o, Ali Baş Komandandan, xalqdan, ordudan və “Tərtər işi” qurbanlarından üzr istəyəcəkmi?

Doğrusu, onun üzr istəyəcəyinə inam azdır, amma yenə də gözləyək: bəlkə sabiq Baş prokuror heç olmasa bu dəfə etik mədəniyyət və cəsarət nümayiş etdirib buraxdığı kobud səhvləri etiraf edəcək...

Xatırladaq ki, bir neçə gün öncə Ali Məhkəməsinin Plenumu dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar baxaraq, həmin qərarları ləğv edib.

Bundan sonra müvafiq məhkəmələr tərəfindən qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən onlara bəraət verilib və azadlığa buraxılıblar.

Bəraət alanlar ümumilikdə 19 nəfərdir.

Geri dön