Ana Sayfa > Karusel / Qarabağ > Geoloji Kəşfiyyat Agentliyi: "Dəmirli" yatağında çox geniş həcmli və ciddi istismar işləri həyata keçirilir
Geoloji Kəşfiyyat Agentliyi: "Dəmirli" yatağında çox geniş həcmli və ciddi istismar işləri həyata keçirilir14-12-2022, 15:35. Yazar: Admin |
1991-ci ilə qədər Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasında 167 faydalı qazıntı yatağı kəşf edilib və ehtiyatları hesablanıb. 30 illik işğal dövründə erməni işğalçı rejimi tərəfindən qanunsuz olaraq bu yataqların bir çoxu, xüsusən də iri filiz yataqları istismar edilib. Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib. O bildirib ki, ərazilərimiz işğaldan azad olunduqdan sonra "Vejnəli", "Söyüdlü", "Qızılbulaq" və "Dəmirli" iri filiz yataqlarının istismarını aparan xarici şirkətlər ölkədən uzaqlaşdırılmışdı. Lakin son zamanlar müvafiq qurumların verdiyi məlumata görə müəyyən edilib ki, əsasən "Dəmirli" mis-porfir yatağında erməni işğalçı rejimi yenidən fəaliyyətini bərpa edib: "Fəaliyyətin bərpa olunmasında əvvəlki qaydada xarici ölkələrin vətəndaşlarının iştirakı müşahidə olunub. Bu halda erməni əsilli Rusiya vətəndaşı Ruben Vardanyanın fəaliyyəti müəyyən edilib. Bunu nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi regionda mineral xammal ehtiyatlarının istismarı və yaranmış ekoloji fəlakətin aradan qaldırılması üçün ilkin mərhələdə sözügedən ərazilərdə geo-ekoloji monitorinqin təşkili və aparılmasını irəli sürüb. Bu səbəbdən də 3 dekabrda ETSN, “AzərGold” və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssislərindən ibarət qrup Şuşaya və oradan da da Xocalıya doğru hərəkət edərək, sülhməramlıların rəhbəri Andrey Volkovla görüşüblər. Bu görüşdə həmin ərazilərdə monitorinqlərin aparılması üçün yol xəritəsinin hazırlanması razılaşdırılıb və Nazirlik tərəfindən qısa zamanda layihə hazırlanıb. 7 dekabrda layihə sülhməramlıların komandanı və köməkçiləri ilə müzakirə edilərək, qəbul olunub. Ən qısa zamanda monitorinqin icra edilməsi üçün "Dəmirli" və "Qızılbulaq" yataqlarının ərazisinə girişin təmin edilməsi razılaşdırılıb. Lakin 3 gündən sonra baş tutan görüşdə həmin əraziyə daxil olmağa cəhd göstərdik və erməni icmasının çox aqressiv formada bizə qarşı çıxması və sülhməramlıların fəaliyyətsizliyi yataqların ərazisinə girişi mümkünsüz etdi. Buna baxmayaraq, yatağa yaxın ərazidən aparılan müşahidələr nəticəsində müəyyən edildi ki, "Dəmirli" yatağında çox geniş həcmli və ciddi istismar işləri həyata keçirilir. Oradan qayıtdıqdan sonra yenidən sülhməramlılarla bu məsələni müzakirə etdik və heç bir nəticə əldə edilmədi. Buna görə də Azərbaycan qeyri-hökumət təşkilatı nümayəndələri, ekoloqlar, aktivistlər Şuşa-Xankəndi yolunda analoji aksiya keçirirlər. Burada sivil qaydada münasibət bildirilir. 2 gündür artıq biz sülhməramlıların rəhbəri ilə görüşmək və əraziyə girişimizə yardımçı olmalarını tələb edirik və buna nail olacağıq”. Əli Əliyev qeyd edib ki, həmin ərazilərdə mütləq və mütləq monitorinq icra edilməli, real ekoloji vəziyyət qiymətləndirilməli və bunun bərpası üçün müvafiq tədbirlər həyata keçirilməlidir: “Bütün bunlarla yanaşı qeyd etməliyik ki, istismara cəlb olunmuş yataqlar Azərbaycan dövlətinə məxsusdur və onun maddi dəyərləri xalqımıza xidmət etməlidir. Düzdür, burada məskunlaşan erməni icması da Azərbaycan vətəndaşlarıdır. Lakin Azərbaycan Konstitusiyasının verdiyi azadlıqlar çərçivəsində fəaliyyət göstərə bilərlər. Bunun üçün qanunvericiliyimizin tələblərinə əsasən fəaliyyətlərini təşkil etməlidir. Bizim tələbimiz odur ki, qanunsuzluq dayandırılmalıdır". Geri dön |