Ana Sayfa > Karusel / Qarabağ > Separatçı rejim dirənir:“Mədəndə işlər davam edəcək... Azərbaycana dəxli yoxdur...”

Separatçı rejim dirənir:“Mədəndə işlər davam edəcək... Azərbaycana dəxli yoxdur...”


10-12-2022, 12:16. Yazar: Admin
Separatçı rejim dirənir:“Mədəndə işlər davam edəcək... Azərbaycana dəxli yoxdur...”
Azərbaycan Respublikasının Qarabağ  və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində- Rusiya “sülhməramlı” kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin mənsubları son günlər rəsmi Bakı tərəfindən Qarabağdakı təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq üçün yaradılmış monitorinq qrupunun hüquqi-tarixi ərazilərimizə keçərək fəaliyyət göstərməsinə maksimum əngəl olmağa çalışır. 
Qarabaginfo.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, Xankəndindəki  qanunsuz “qanunverici orqan”dakı “Azat ayrenik”(“Azad vətən”) fraksiyasının rəhbəri Artur Arutyunyan konkret olaraq Tərtər rayonunun Dəmirli kəndi ərazisindəki “Kaşen” adlandırdıqları Dəmirli mis-molibden məbədinin guya “qanuni” və “ekoloji qaydalara uyğun” çalışması haqda çərənləyib.
Əyanilik üçün separatçı “deputat”ın çıxışının əsas məqamlarının tərcüməsini nəzərinizə çatdırırıq:
 
“Bizim müvafiq qayda-qanunlarımız var və dağ-mədən sektoru tam qanunla tənzimlənir. Kaşen mədənini idarə edən "Bays Metals" şirkətində kifayət qədər yüksək keyfiyyətli mütəxəssisləri çalışır. Bundan əlavə, mədənin istismarı, tullantı anbarının tikintisi və sonrakı istismarı ilə bağlı bütün müvafiq nəticələr var. Fikrimizi o mənada bildiririk ki, əgər regionda ekoloji problemlər əsasında monitorinqlərin aparılmasına ehtiyac varsa, o zaman bütün standartlara tam uyğun gələn bu nəticələri yoxlaya biləcək beynəlxalq müstəqil nüfuzlu təşkilatlar var. Azərbaycan tərəfindən hər hansı nümayəndə və ya monitorinq qrupu qəbuledilməzdir, yəni bu məsələnin onlara heç bir aidiyyatı yoxdur...” 
 
“Hər halda bizim qanunvericiliyimizə görə, bu mədənin istismarına icazə verilir və o, işləməyə davam edəcək” - deyə Arutyunyan həyasızcasına yekunlaşdırıb. 
 
Zəruri xatırlatma: 
 
“Dəmirli” mis-molibden yatağı  Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxildir. Vaxtilə keçmiş Ağdərə rayonuna daxil olan Dəmirli kəndi Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Tərtər rayonunun inzibati tərkibinə verilib. Azərbaycanın ən böyük mis yataqlarından biri məhz bu kənddə yerləşir.
 
Hələ 2019-cu ildə "Azersky" peyklərinin təsvirləri vasitəsilə “Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı müəyyənləşmişdi. Ermənilər bu kəndi “Kaşen” adlandırırlar.
 
Bu yataq 15 km məsafədəki Kəlbəcər rayonunun Heyvalı  kəndi yaxınlığındakı “Qızılbulaq” qızıl yatağı ilə birgə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün strateji obyektlər hesab olunur. Hər iki yataq Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə illər öncə bağlanılan sazişə uyğun olaraq ABŞ-ın "R.V.İnvestment"in şirkəti tərəfindən istismar olunmalıdır. Lakin həmin ərazilər uzun illərdir işğal altında olduğundan, "R.V.İnvestment"in şirkəti orada fəaliyyət qura bilmir. 
 
Bu yataqlarda qanunsuz işlər İkinci Qarabağ Müharibəsindən sonra dayandırılmışdı. Lakin son vaxtlar –  Putinin milyarder desantı -rusiyalı iş adamı Ruben Vardanyanın Qarabağ separatçılarının rəhbərliyinə - qondarma “dövlət naziri” postuna gətirilməsindən sonra oradakı qanunsuz fəaliyyətə bərpa olunub. Vardanyanın xarici tərəfdaşlarını həmin yataqların qanunsuz istismarına cəlb etməyə çalışması barədə məlumatlar var.
 
Qeyd edəki ki, Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən “Base Metals” şirkəti yunan Kipri vətəndaşı Valeri Medjlumyanın rəhbəri olduğu “Vallex Gropup” şirkətlər qrupuna daxildir. 25-30 illik işğal müddətində Xankəndindəki separatçı rejimə 100 mln. dollardan çox vergi ödəmiş  bu şirkət  illərdir ki, işğal altındakı Kəlbəcər,  Zəngilan və s. bölgələrdə qızıl, mis, molibden, dəmir və s. yataqlarını qanunsuz olaraq istismar edib və göründüyü kimi, hazırda da hələ bəzi məkanlarda bu işini davam etdirir…

 

Onu da bir daha xatırladaq ki,  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağdakı təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq üçün monitorinq qrupu yaradıb. Qrupa “AzerGold” QSC-nin mütəxəssisləri də daxildir.

Monitorinq qrupu 30 ildən sonra ilk dəfə Qarabağın dağlıq hissəsinə keçərək, hazırda Azərbaycan Respublikasının ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb.

Dekabrın 3-də keçirilmiş müzakirələr bu gün - dekabrın 7-də Rusiya sülhməramlılarının Xocalıdakı qərargahında bu kontingentin komandanlığı ilə davam etdirilib.

Görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.

Rəsmi məlumatda görüşün konstruktiv ruhda keçdiyi, aidiyyəti üzrə təmasların davam etdiriləcəyi bildirilib.(Moderator.az)


Geri dön