Ana Sayfa > Karusel / Region > "Rusiya dərhal qəddar müharibəyə son qoymalı, qoşunlarını Ukraynadan çıxarmalıdır..."

"Rusiya dərhal qəddar müharibəyə son qoymalı, qoşunlarını Ukraynadan çıxarmalıdır..."


10-12-2022, 11:43. Yazar: Admin
"Rusiya dünyanı nüvə silahı ilə təhdid etməkdən vaz keçib, biz buna son qoymuşuq..."
 
"Biz müdafiə qabiliyyətimizə daha çox pul xərcləyirik, çünki Rusiyanın başqa ölkələrə hücum etməyəcəyinə zəmanət yoxdur..."
 
"Rusiyanın enerjidaşıyıcılarına daha bel bağlamağa dəyməz..."
 
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə "zəifləməyən qəddarlıqla" davam edir, amma bir dəyişiklik var.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "Funke" alman mediaqrupuna verdiyi müsahibəsində bəyan edib. Məlumatı "QORDON" internet nəşri yayıb.
 
"Rusiya nüvə silahı ilə təhdid etməkdən vaz keçib. Buna cavab olaraq beynəlxalq birlik "qırmızı xətt" çəkir. Pekinə səfərim zamanı ÇXR sədri Si Tszinpin və mən birlikdə bəyan etdik ki, nüvə silahı tətbiq edilməməlidir. Bundan tez bir zaman sonra bu mövqe G20 ölkələri tərəfindən təsdiq edilib", - Şolts deyib.
 
KİV nümayəndəsi AFR kanslerinə nüvə eskalasiyası təhlükəsinin qarşısının alınması ilə bağlı sual ünvanlayıb.
 
"Hazırda biz buna son qoymuşuq", - Şolts cavab verib.
 
Eyni zamanda dekabrın 7-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, nüvə müharibəsi təhlükəsi artır.
 
ABŞ Putinin yeni təhdidlərini "tamamilə məsuliyyətsiz, boş söhbət" adlandırıb. Dövlət Departamentinin nümayəndəsi Ned Prays xatırladıb ki, "soyuq müharibə" dönəmindən nüvə dövlətləri, o cümlədən Çin, Hindistan, ABŞ və Rusiya həmişə zəmanət veriblər ki, "nüvə müharibəsini heç vaxt başlamaq və onu udmaq mümkün deyil".
 
Daha sonra Şolts bəyan edib ki, Ukraynaya yardım edərkən, Almaniya öz qonşuları tərəfindən qəddar hücuma məruz qalan Avropa ölkəsinə dəstək verir.
 
Onun sözlərinə görə, söhbət "Avropada dünya düzəninin saxlanılmasından" gedir.
 
"Əvəzində biz iqtisadi çatışmazlıqlarla barışır və öz müdafiə qabiliyyətimizə daha çox pul xərcləyrik. Çünki Rusiyanın başqa ölkələrə hücum etməyəcəyinə zəmanət yoxdur. Bu zaman mən deyirəm ki, biz Rusiya ilə NATO arasında birbaşa müharibəyə yol verməmək üçün mümkün olan hər şeyi edirik və bu, mənim üçün çox vacibdir. Belə münaqişədə bütün dünya uduzacaq", - Şolts qeyd edib.
 
O, deyib ki, Rusiya ilə Avropada silahlar üzərində nəzarət haqqında danışmağa hazırıq. Bunun üçün
Rusiya dərhal müharibəyə son qoymalı və öz qoşunlarını Ukraynadan çıxarmalıdır.
 
KİV nümayəndəsi Şoltsa sülh danışıqları naminə Rusiya üçün "təhlükəsizlik zəmanətləri" barədə bəyan edən Fransa prezidenti Emmanuel Makronu dəstəkləməsi barədə soruşub.
 
"Hazırda Rusiya üçün prioritet müharibəyə dərhal son qoymaq və qoşunlarını Ukraynadan çıxarmaqdır. O zaman Avropanın təhlükəsizliyini necə təmin etmək barədə sual meydana çıxır. Əlbəttə, biz, məsələn, Rusiya ilə Avropada silahlar üzərində nəzarət haqqında danışmağa hazırıq. Biz bunu hələ müharibədən öncə təklif etmişik və bu mövqeyimizdə heç nə dəyişməyib", - Şolts cavab verib.
 
Makron dekabrın 3-də TF1 telekanalına müsahibəsində Putinin NATO Rusiyanın "qapılarınadək gələcək" narahatlığını xatırladıb. Fransa prezidentinin sözlərinə görə, Avropada arzuolunan "təhlükəsizlik arxitekturası"nı özünün bu yaxınlarda ABŞ-a səfəri zamanı prezident Co Baydenlə müzakirə edib.
 
Makronun bu bəyanatını Ali Radanın "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya şərh edib.
 
"Ukrayna Rusiyaya "təhlükəsizlik zəmanətləri" təmin etməyə hazırdır. Bunun üçün ölkəmizin ərazisini tərk etmək, reparasiyalar ödəmək, hərbi cinayətkarları cəzalandırmaq, nüvə silahını könüllü təhvil vermək kifayətdir", - o, Telegram-kanalında yazıb.
 
Eyni zamand Rusiya XİN Rusiya üçün "təhlükəsizlik zəmanətləri"ni müzakirə etməyə hazır olduğunu bəyan edib.
 
Şolts daha sonra bəyan edib ki, Rusiyanın enerjidaşıyıcılarına daha bel bağlamağa dəyməz.
 
Rusiya qazının idxalına son qoyulmasına rəğmən, Almaniya başqa ölkələrdən tədarükü təşkil edərək, öz qaz saxlanc yerlərini doldurub. Lakin Rusiyanın Ukraynaya qarşı müharibəsindən öncə olan "həmin o aşağı qiymətlərə" dönmək, çətin ki, mümkün olacaq.
 
"Rusiyanın enerjidaşıyıcılarına daha bel bağlamağa dəyməz. Hazırda biz uzunmüddətli perspektivdə Rusiyanın enerjidaşıyıcılarından asılılıqdan azad olmaq üçün zəruri qərarlar qəbul edirik", - Şolts qeyd edib.
 
Onun sözlərinə görə, 2045-ci ildən başlayaraq Almaniya tamamilə təbii qaz, kömür və ya neft istifadə edilmədən enerji istehsal etmək niyyətindədir.
 
Şolts etiraf edib ki, AFR uzun zaman "xeyli dərəcədə Rusiyanın enerjidaşıyıcılarından asılı olub".
 
"Bizimlə nə qazla, nə də başqa xammalla belə hal daha təkrar olunmamalıdır. Almaniya öz tədarüklərini diversifikasiya edir və gələcəkdə qazı, kömürü və nefti müxtəlif mənbələrdən alacaq. Necə deyərlər, bütün yumurtaları bir zənbilə qoymağa dəyməz", - AFR kansleri vurğulayıb.
 
May ayında Almaniya və Qətər Rusiyadan tədarükləri diversifikasiya etmək üçün energetika tərəfdaşlığı haqqında razılığa gəlib.
 
Noyabrın ortalarında Almaniya 200 gündən az müddət ərzində sıxılmış qaz üçün ilk terminal tikib.(Moderator.az)

 

 


Geri dön