“Azərbaycanda smartfonların qiyməti Avropadan, Dubayda çox bahadır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, xaricdə bu telefonların qiyməti 900-1000 dollardısa, Azərbaycanda qiymət 1500 dollardan başlayır:
Deputat İstanbul hava limanında üzləşdiyi mənzərə barədə danışıb: “Məni ən çox narahat edən məqamlardan biri də budur ki, İstanbul hava limanından Bakıya, Gəncəyə uçanda vətəndaşlarımız bir-biri yaxınlaşıb, deyirlər ki, xahiş edirəm bu telefonu keçirin. İnsanın özü də utanır. Deməli, bu insanları biz məcbur etmişik ki, belə bir vəziyyət yaranıb. Qiymətləri aşağı salmaq lazımdır, nəzarət etmək lazımdır. Qoy telefon ölkəyə gətirilərkən qiyməti 200 dollar artsın, 200 dollar qazansınlar. Birdən-birə 500 dollar qazanıb niyə varlanmaq istəyirlər? İnsanları da düşünsünlər”.
“Qiymət qalxsın 50-100, 200 dollar. Birdən-birə bu qədər baha olması...Dələduzlar da İMEİ-kodun dəyişdirilməsi kimi yollara əl atırlar. Ölkəyə gətirilən telefonların üzərinə İMEİ kodların qeydiyyatı üçün əlavə də 150 manat gəlir. Bu 150 manat rüsumu azaldıq ki, insanlara da yük olmasın. Aidiyyəti qurumlar bu məsələyə həssas yanaşmalıdır”.