Ana Sayfa > Karusel / Qarabağ > “Qarabağa “Artsax” deyənlərlə masaya oturmaq mümkün deyil”  - Fərid Şəfiyev

“Qarabağa “Artsax” deyənlərlə masaya oturmaq mümkün deyil”  - Fərid Şəfiyev


9-12-2022, 11:59. Yazar: Admin

 

“Qarabağa “Artsax” deyənlərlə masaya oturmaq mümkün deyil”  - Fərid Şəfiyev

“Mediaya və ictimaiyyətə verilən açıqlamaların hədəfi və məqsədi onu göstərməkdir ki, Qarabağ məsələsi doğrudan da, daxili məsələmizdir”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

F. Şəfiyev Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevin “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır” ifadəsinə münasibət bildirib.

BMTM sədrinə görə, bu mesaj siyasi xarakter daşıyır, nəinki texniki:

“Təbii ki, hansısa bir mərhələdə biz danışıqları apararkən ola bilsin ki, müəyyən bir xarici təcrübədən də istifadə edək. Bir sıra ölkələrin bu barədə təcrübələri var. Məsələn, bizdən soruşurlar ki, Qarabağa siz nə vəd edirsiniz? Muxtariyyət olmayacaqsa, hansı mexanizmlər olacaq?”.

Müsahibimiz qeyd edib ki, burada bir sıra təcrübələr var:

“Məsələn, Slovakiyada macar etnik azlığı yaşayır, amma macar azlığın heç bir ərazi statusu yoxdur. Yaxud Rumıniyada da eyni vəziyyətdir. Belə təcrübələr mövcuddur və ola bilsin ki, gələcəkdə bundan istifadə edək. Hikmət Hacıyevin və digər rəsmilərin açıqlamalarının məqsədi də onu göstərir ki, Qarabağ bizim daxili məsələmizdir. Lakin bu, o demək deyil ki, biz hansısa bir dialoq və ya təcrübədən istifadə etməyəcək”.

“Azərbaycan kiminlə masaya oturmalıdır” sualına cavab verən mütəxəssisin fikrincə, Ruben Vardanyan bu məsələdə istisnadır:

“Qarabağ məsələsini kimlə danışmağa gəldikdə isə bu da maraqlı bir məsələdir. Ruben Vardanyan, ümumiyyətlə, heç bir kateqoriyaya düşmür və o, Qarabağda heç vaxt yaşamayıb, xaricdən gələn bir emissardır. Onun gündəliyi də bizim üçün aydındır ki, Vardanyan bölgədə üçüncü dövlətlərin maraqlarını güdür. Amma Qarabağda uzun illərdir yaşayan ermənilər var. Mən dərin tarixə getmək istəmirəm, lakin hər halda bunlar orada yaşayıblar. Ən azından isə 1988-ci ildən əvvəl belə orada yaşayan ermənilər mövcuddur. Onlarla hər hansı bir dialoq qurmalıyıq”.

Ekspertin zənnincə, biz yalnız Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərlə dialoq aparmalıyıq:

“Yoxsa ki, Dağlıq Qarabağ müstəqildir, “Artsax” və s. deyənlərlə masaya oturmaq mümkün deyil. Biz öz təzyiqlərimizi açıq şəkildə davam etdirməliyik və o ermənilər ki, Azərbaycanın bölgədəki yurisdiksiyasını tanımayacaqlar, oranı tərk etməlidirlər. Yəni mən, ancaq bunu belə mümkün görürəm ki, qalan əraziləri bizim inzibati nəzarətə qaytarmaq üçün sadaladığım məsələlər baş verməlidir. Doğrudur, biz burada yenə də müəyyən bir təcrübədən istifadə edəcəyik, hətta ola bilsin ki, xaricdən fərdi şəkildə kimisə dəvət belə edək, amma hədəfimiz ondan ibarətdir ki, burada yeni beynəlxalq mexanizm yaranmasın. Çünki yeni mexanizmin yaradılması o deməkdir ki, yenə də bu məsələ gündəmdə olacaq və bundan istifadə edəcəklər”.


Geri dön