Ana Sayfa > Karusel / Qarabağ > Misirli jurnalistlər cəbhəyə getdi

Misirli jurnalistlər cəbhəyə getdi


4-12-2017, 11:51. Yazar: Admin

Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə gəlmiş Misirin aparıcı media nümayəndələri cəbhə bölgəsinə səfər ediblər.

 

Nümayəndə heyəti ilk olaraq 1993-cü ildə bir neçə ay işğal altına düşmüş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinə gələrək ermənilərin törətdikləri vəhşiliklərin şahidi olublar. BAMF-ın prezidenti  Umud Mirzəyev nümayəndə heyətinə məlumat verib ki, doğulub boya-başa çatdığı Aşağı Əbdürrəhmanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin yanvarında Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə kəndin ərazisinin böyük hissəsi işğaldan azad olunub.

 

“İşğalda qaldığı bir neçə ay ərzində erməni vandalları tərəfindən kənddəki bütün evlər talan edilərək yandırılıb. Hətta kəndin qəbiristanlığındakı qəbirlər də dağıdılıb, məzar daşları güllələnib. Qəbiristanlıqdakı bütün məzar daşlarında güllə izləri var. Erməni silahlıları tərəfindən kənddə törədilən vəhşiliklər təkcə bizim deyil, hər kəsin faciəsidir”, – deyə Umud Mirzəyev bildirib.

 

Münaqişə ilə bağlı həqiqətlərin təbliğində belə səfərlərin böyük əhəmiyyəti olduğunu deyən BAMF prezidenti mütəmadi olaraq xarici media təmsilçilərinin regiona səfərlərini təşkil etdiklərini deyib.

Misir nümayəndə heyətinin üzvləri isə bildiriblər ki, bütün bu dağıntılar, qəbiristanlığa qarşı olan təhqirlər qəbuledilməzdir. Bu, insanların hisslərinə toxunur. Burada gördükləri onları çox kədərləndirib. Çünki məzar daşlarını dağıtmaq, atəşə tutmaq vəhşiliyin ən son həddidir.

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov bildirib ki, dağıntıları, müharibə nəticəsində darmadağın olan insan həyatlarını görən şəxs buna laqeyd qala bilməz. “Bu dağıntılar onu göstərir ki, ermənilər işğal etdikləri ərazilərdə azərbaycanlıların izlərini silmək istəyirlər. Ancaq bizim burada olmağımız onu bildirir ki, Azərbaycan işğal altında olan bütün torpaqları geri qaytaracaq”.

Sonra Misir nümayəndə heyəti Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər. 

 

Nümayəndə heyətinə işğal olunmuş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklər, həmçinin kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

 

Məlumat verilib ki, ilkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, 50 ev, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Nümayəndə heyəti kəndin məktəbi və məscidi ilə yaxından tanış olublar. Cəbhə bölgəsində səfərin sonunda isə nümayəndə heyəti 2016-cı ilin aprel əməliyyatları zamanı işğalçıdan azad olunan  Lələtəpə strateji yüksəkliyini də ziyarət ediblər. Səfərin sonunda BAMF prezidenti mətbuata müsahibəsində bildirib ki, nümayəndə heyəti dağıntıları, eyni zamanda, işğaldan azad edilmiş Cocuq Mərcanlıda tikilən evləri gördülər. Bu, Azərbaycanın dünyaya bir mesajıdır ki, biz Qarabağı bərpa olunmuş vəziyyətdə, yeni həyatda görürük. “Biz istəmirik ki, müharibə olsun, bura dağıntılar altında qalsın. Bizim siyasətimiz budur. Biz gələcəyi sülh içində, birgə yaşayışla, o cümlədən yeni evlərlə, məktəblərlə birgə görürük”. –sitatın sonu.

Xatırladaq ki, səfər çərçivəsində Misirli qonaqlar İslam Həmrəyliyi ili münasibəti ilə “İslam Həmrəylinin güclənməsində medianın rolu” mövzusunda konfransda iştirak ediblər, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Bakı Dövlət Universitetinin rektoru  Abel Məhərrəmovla görüşüblər. 

 

Görüşlərdə əsas müzakirə mövzusu ikitərəfli əlaqələrinin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin Misir mətbuatında obyektiv işıqlandırılması və digər qarşılıqlı maraq doğuran məsələlər olub.

 


Geri dön