Ana Sayfa > Karusel / Kriminal > “Tərtər işi”ndə cəza kəsənlərin özlərini hansı cəza gözləyir?

“Tərtər işi”ndə cəza kəsənlərin özlərini hansı cəza gözləyir?


8-12-2022, 17:40. Yazar: Admin

“Tərtər işi”ndə cəza kəsənlərin özlərini hansı cəza gözləyir?

 

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.

 

Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilib, qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən onlara bəraət verilib və azadlığa buraxılıblar.



Bəraət alanlar ümumilikdə 19 nəfərdir.

 

Bəs, verilən qərarlarda obyektivliyi qorumayan, insan taleyilə oynayan prokuror və hakimləri hansı cəza gözləyir?

 

Qarabaginfo.az bu barədə Modern.az-a danışan tanınmış vəkil Cavad Cavadov Cinayət Məcəlləsində istər ədalətsiz məhkəmə qərarı qəbul edən hakimlərlə, istərsə də insanları qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edən prokurorlarla bağlı məsuliyyət nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

Vəkil qeyd edib ki, vəzifə səlahiyyətlərini aşmaqla zor işlətməyə görə də məsuliyyət yaranır.

 

Onun sözlərinə görə, bu işdə iştirak edənlərin əməllərində başqa cinayət əməllərinin olmaması mümkün deyil:

 

"Təbii ki, 19 nəfərə birdən-birə bəraət verilməsi diqqət çəkir. Bu məhkəmə hökmlərinin qəbul edilməsində 3-ü birinci instansiya, 3-ü Apellyasiya, 3-ü isə Ali Məhkəmə hakimi olmaqla 9 hakim iştirak edib. Təbii ki, ittiham aktını təsdiq edən prossesual araşdırma həyata keçirən prokurorlar və istintaq qrupunun məsuliyyəti müəyyən edilməlidir. Mümkün deyil ki, bu şəxslərin əməlində hansısa cinayət tərkibi olmasın. Burada mənəvi məsuliyyət olmalıdır, ən azından kimsə könüllü istefa verməlidir. Nəhayət, istefa mədəniyyəti Azərbaycanda da formalaşmalıdır. Bu məsələnin mənəvi tərəfidir. Ümumilikdə isə konkret cinayət məsuliyyətindən kiminsə kənarda qalması mümkün deyil. Ona görə ki, burada qəsdən törədilən qanun pozuntuları göz qabağındadır. Bu hadisə özlüyündə bizim məhkəmə sistemi üçün bir indiqatordur. Bütün işləri təftiş etsələr, Azərbaycan Məhkəmə orqanlarında qəbul edilmiş belə qərarların sayının 19 yox, 190, bəlkə də, 1900-dən çox olduğu üzə çıxar".

 

C.Cavadov deyib ki, konkret olaraq istintaqa münasibətdə cinayət məcəlləsində təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə maddəsi var:

 

"Beləliklə, Cinayət Məcəlləsinin 290.1. maddəsinə görə təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etməyə görə prokuror 3 ilədək müddətdə azadlıqdan məhrumedilmə ilə cəzalandırılır. 290.2. maddəyə görə eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədilərsə, prokuror 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Cinayət Məcəlləsinin 308.1. maddəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda prokuror min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

308.2. maddədə isə Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə prokuror üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşgəncə ilə bağlı isə 308.3-cü maddədə qeyd olunub. Bu maddə ilə təqsirləndirilən prokurora 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Məhkəmə  qərarını qəbul etmiş hakimlərə münasibətdə isə cinayət məcəlləsinin  395-ci maddəsi var. Ədalətsiz hökm qəbul etmək, 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır".


Geri dön