Ana Sayfa > Karusel / Dünya > Çin səfiri: Pelosinin səfəri Tayvan körfəzində sülh və stabilliyi kobud şəkildə pozdu
Çin səfiri: Pelosinin səfəri Tayvan körfəzində sülh və stabilliyi kobud şəkildə pozdu6-12-2022, 13:50. Yazar: Admin |
“Tayvan Çinin ayrılmaz bir hissəsidir və Tayvan məsələsi Çinin daxili məsələsidir”. Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya müsahibəsində Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qo Min deyib. Onun sözlərinə görə, bu ilin avqustun 2-də Çinin kəskin etirazına və sərt bəyanatlarına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri “vahid Çin” prinsipinə və Çin-ABŞ birgə rəsmi razılaşmasının müddəalarından üçünün şərtlərinə ciddi şəkildə ziddir ki, bu da öz növbəsində Çin-ABŞ münasibətlərinin siyasi bünövrəsinə mənfi təsir göstərib, Çinin suverenliyini və ərazi bütövlüyünü, Tayvan körfəzində sülh və stabilliyi kobud şəkildə pozub və Tayvanda müstəqillik istəyən separatçı qüvvələrə yalan siqnal verib. “Çin tərəfi bu hərəkətlərə kəskin etirazını bildirir və dərindən pisləyir. Çin artıq Amerikaya ciddi təqdimat edib. Dünyada yalnız bir Çin var. Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və ÇXR hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir. 1949-cu ildə ÇXR-in yaranmasından indiyədək dünyanın 181 ölkəsi, o cümlədən ABŞ Çinlə “vahid Çin” siyasətinə əsaslanan diplomatik əlaqələr qurub. Çin hökumətinin və Çin xalqının Tayvan məsələsində mövqeyi bir-birini tamamlayıb”, - Çin səfiri vurğulayıb. Diplomat qeyd edib ki, sayı 1.4 milyarddan çox olan Çin əhalisi ölkənin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmindədir: “Bütün Çin oğul və qızlarının ümumi arzusu və müqəddəs borcu Vətənin tam birləşməsinə nail olmaqdır”. Səfir ÇXR Sədri Si Cinpin noyabrın 14-də İndoneziyanın Bali adasında keçirilən Böyük İyirmilik (G20) sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden ilə görüş keçirdiyini xatırladıb: “Bu görüş zamanı ölkə liderləri Çin-ABŞ münasibətlərinə aid strateji məsələlər, eləcə də mühüm qlobal və regional məsələlər ətrafında səmimi fikir mübadiləsi aparıblar. Çin sədri Si Cinpin Tayvan məsələsinin yaranmasının mənşəyini, ölkəmizin prinsipial mövqeyini hərtərəfli və sistemli şəkildə açıqlayıb, həmçinin vurğulayıb ki, Tayvan məsələsi Çinin əsas dövlət maraqlarının özəyi, Çin-ABŞ münasibətlərinin bünövrəsidir, lakin bu siyasi bünövrə Çin-ABŞ münasibətlərində birinci dərəcəli keçilməz “qırmızı xət”dir. Çin liderinin qeyd etdiyi kimi, Tayvan məsələsi Çinin daxili işidir, onu yalnız çinlilər həll etməlidir. Vahid vətənin və ərazi bütövlüyünün qorunması Çin xalqının ümumi arzusudur”. Səfir Qo Min onu da qeyd edib ki, Tayvanı Çindən ayırmaq cəhdi ölkəsinin milli maraqlarına ziddir: “Çin xalqı bununla barışmayacaq! Çinin ən böyük ümidi Tayvan körfəzində sülh və stabillikdir, lakin “Tayvanın müstəqilliyi” o bölgədə sülh və sabitliklə bir araya sığmır. ABŞ Prezidenti Co Bayden bəyan etdi ki, ölkəsi “Tayvanın müstəqilliyini”, “iki Çin” və yaxud "bir Çin, bir Tayvan" prinsiplərini dəstəkləmir və Çinin qarşısını almaq üçün Tayvan məsələsindən bir vasitə kimi istifadə etməyə çalışmadığını söylədi. Ümid edirik ki, ABŞ tərəfinin söz və hərəkətləri bir-birini tamamlayacaq, “vahid Çin” siyasətinə və Çin-ABŞ birgə rəsmi razılaşmasının müddəalarından üçünün şərtlərinə sadiq qalacaq”. Diplomat Azərbaycanın “vahid Çin” prinsipinə sadiq olduğunu diqqətə çatdırıb. Geri dön |