Ana Sayfa > Karusel / Qarabağ > Rus general rəsmi Bakı ilə anlaşmanı açıqladı: Azərbaycan Laçın dəhlizinə nəzarət edəcək

Rus general rəsmi Bakı ilə anlaşmanı açıqladı: Azərbaycan Laçın dəhlizinə nəzarət edəcək


6-12-2022, 12:07. Yazar: Admin

Rus sülhməramlıların komandanı, general-mayor Andrey Volkovun Laçın dəhlizinin girəcəyində, Azərbaycan-Ermənistan sərhəddində gömrük postunun yaradılacağını bəyan etməsi erməniləri ciddi şəkildə təşvişə salıb... Ermənistan parlamentinin spikeri spikeri Alan Simonyan isə tezliklə Laçın dəhlizinin ümumiyyətlə, qapadılacağını iddia edir...

Azərbaycan öz prioritet hədəflərinin reallaşdırılması istiqamətində artıq konkret və qətiyyətli addımlar atmağa başlayıb. Hər halda, hazırda rəsmi Bakının xüsusi plan üzrə hərəkət etdiyi açıq-aşkar müşahidə olunmaqdadır. Yəni, Azərbaycan döblətinin regionda cərəyan edəcək geopolitik proseslərin istiqamətləndirilməsi baxımından, dəqiq “yol xəritəsi” var.

Onu da qeyd edək ki, hazırda rəsmi Bakı Xankəndi əməliyyatına start vermiş kimi görünür. Bu önəmli əməliyyat hələlik hərbi faktorlardan nisbətən kənar məzmun daşıyır. Azərbaycan ilk növbədə Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinə hansı ölkənin ərazisində olduqlarını anlatmağa çalışır. Çünki Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə olan rus sülhməramlılar ermənilərlə deyil, məhz rəsmi Bakı ilə ortaq hərəkət etməyə borcludur.

441864957_0_0_1280_721_1920x0_80_0_0_7c8b58f45f4e52dce3bb0ef959b5bf9c.jpg (156 KB)

Bu baxımdan, son vaxtlar rəsmi Bakı Azərbaycan Müdafiə Nazirliyinin bəyanatları üzərindən israrla rus sülhməramlılardan uydurma erməni toponimlərindən imtina olunmasını tələb edir. Böyük ehtimalla yaxın vaxtlarda bu məsələ öz müsbət həllini tapacaq. Eyni zamanda, rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsində qeyri-qanuni faydalı qazıntıların istismarının qarşısını almaqda da qərarlı davranır. Və ötən həftə bölgəyə Azərbaycan ekoloqlarının göndərilməsi, rus sülhməramlılarla araşdırmalar üçün anlaşmanın əldə olunması da bunu təsdiqləyir.

Digər tərəfdən, Azərbaycanın Xankəndi və ətraf bölgəsində Ermənistan ordusunun tör-töküntülərinin qalması, eləcə də, erməni separatçı-terrorçuların hələ də tərksilah edilməməsi rəsmi Bakını narahat edir. Azərbaycan bu məsələni daha yalnız rus sülhməramlıların öhdəsinə buraxaraq, problemin həllinin uzadılmasını istəmir. Və rəsmi Bakı mövcud problemin dərhal həll olunması üçün israrla rus sülhməramlılardan üçtərəfli anlaşmaların tam şəkildə icrasını tələb edir.

Maraqlıdır ki, bütün bu məsələlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla Mockvada keçirilən görüşündə geniş şəkildə müzakirə edilib. Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarının diqqətinə çatdırıb ki, Ermənistan üçtərəfli anlaşmalara hələ riayət etmir. Ermənistan ordusunun qalıqlarının Azərbaycanın Xankəndi və ətraf bölgəsindən hələ də çıxartmaması da bunu sübut edir.

Eyni zamanda, xarici işlər naziri C.Bayramov vurğulayıb ki, Ermənistan Laçın dəhlizindən də təyinatı üzrə deyil, məhz hərbi məqsədlərlə istifadə edir. Belə ki, 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində 2700-dən çox Ermənistanda istehsal olunmuş mina aşkarlanıb. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz Laçın dəhlizi ilə daşındığına şübhə yeri qalmır.

lacin-dehlizi.png (648 KB)

Bütün bunlar onu göstərir ki, rəsmi Bakının Laçın dəhlizinə rus sülhməramlılar ilə ortaq nəzarət mexanizmlərinin qurulmasına yönəlik cəhdləri tamamilə əsaslıdır. Laçın dəhlizi hazırda xarici ölkələrdən gələn diversiya təlimçilərinin keçirildiyi, silah-sursatın, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni daşındığı və s. cinayətlərin törədildiyi nəqliyyat-kommunikasiya marşrutuna çevrilib. Və bütün bunların qarşısını ala biləcək yeganə variant məhz Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurmasıdır.

Göründüyü kimi, Azərbaycanın Xankəndi və ətraf bölgəsində kifayət qədər ciddi və təhlükəli problemlər mövcuddur. Ona görə də, rəsmi Bakının Laçın dəhlizinin qapadılması və ya həmin marşruta Azərbaycan ordusu tərəfindən nəzarət olunması olduqca böyük önəm daşıyır. Hər halda, rus sülhməramlıların Laçın dəhlizinə üçtərəfli anlaşmaların tələblərinə uyğun şəkildə nəzarət edə bilmədikləri, yaxud da bilərəkdən bunu etmədikləri inkarolunmaz reallıqdır.

Rəsmi Bakı isə rus sülhməramlıların məsuliyyətsizliyi ucbatından Azərbaycanın milli maraqlarının təhlükə altına düşməsi ilə barışa bilməz. Azərbaycan tərəfi bu məsələnin də həll olunması məqsədilə konkret və qətiyyətli addımlar atmaqdadır. Və son məlumatlardan belə anlaşılır ki, ən yaxın vaxtlarda Laçın dəhlizinə Azərbaycan da nəzarət edə biləcək.

Məsələ ondadır ki, Ermənistan parlamentinin spikeri Alan Simonyan Azərbaycanın Laçın dəhlizini qapatmağa hazırlaşdığını iddia edib. Əlbəttə ki, həmişə olduğu kimi, erməni spiker yenə də faktları şişirtməkdən özünü saxlaya bilməyib. Çünki, hələlik Laçın dəhlizinin tamamilə bağlanması kimi niyyət yoxdur.

xankendi-kollaj.jpg (762 KB)

Təbii ki, Laçın dəhlizi əvvəl-axır birdəfəlik qapadılacaq. Ancaq bu, Xankəndi və ətraf bölgədə yaşayan etnik erməni azlığın Azərbaycan cəmiyyətinə tam inteqrasiyasından sonra baş verəcək. Çünki, rəsmi Bakı Azərbaycan vətəndaşlarının milliyyətindən asılı olmayaraq, hansısa xarici ölkə ilə belə birbaşa və qanunlarla uyuşmayan şəkildə təmaslarına uzun müddət imkan verə bilməz. Eyni zamanda, Ermənistandan Azərbaycan ərazisinə nəzarətsiz dəhlizin olması da beynəlxalq hüquq normalarına görə, absurddur, yolverilməzdir.

Hələliksə, rəsmi Bakı Laçın dəhlizi üzərində rus sülhməramlılarla ortaq nəzarət mexanizmlərinin qurulması ilə kifayətlənmək niyyətindədir. Rus sülhməramlıların komandanı, general-mayor Andrey Volkov da bu barədə məlumatları təsdiqləyib. O, bildirib ki, Laçın dəhlizinin girəcəyində, Azərbaycan-Ermənistan sərhəddində gömrük postu yaradılacaq. Və bu barədə artıq rəsmi Bakı ilə artıq anlaşma əldə olunub.

Rus general onu da etiraf edib ki, Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət etməkdə müəyyən çətinliklərlə üzləşirlər. Onların bu marşruta normal nəzarət üçün lazımi avadanlıqları da yoxdur. Belə anlaşılır ki, rəsmi Bakı Laçın dəhlizinin girişində nəzarət-buraxılış postu quraraq, rus sülhməramlıların öhdəsindən gələ bilmədiyi problemi kökündən həll edəcək.

 

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
musavat.com

 


Geri dön