Ana Sayfa > Karusel / Manşet > Moskvada vacib görüş: Bayramov-Lavrov görüşünün detalları - FOTO

Moskvada vacib görüş: Bayramov-Lavrov görüşünün detalları - FOTO


5-12-2022, 23:39. Yazar: Admin

Moskvada vacib görüş: Bayramov-Lavrov görüşünün detalları - FOTO

Qarabaginfo.az bildirir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının gecikməsi Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirilərinin görüşündə müzakirə olunub. Qarabağda yaşayan ermənilərin Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqlarla təmin olunacağı, sülh müqaviləsinin BMT nizamnaməsi və Almatı bəyannaməsi əsasında hazırlanacağı və digər vacib bəyanatların səsləndirildiyi görüşdən APA-nın Moskva müxbiri xəbər verir...

Saat yarıma yaxın bağlı qapılar arxasında...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyayaya işgüzar səfərinə Kremlin divarları yaxınlığındakı Naməlum əsgərin məzarı önünə əklil qoymaqla başlayıb. Daha sonra nazir rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Rusiya XİN-in Qəbullar Evinə yollanıb. Bayramov-Lavrov görüşünün yalnız protokol hissəsi media üçün açıq olub. Görüş bağlı qapılar arxasında davam etdirilib. Azərbaycan ve Rusiya xarici işlər nazirləri saat yarıma yaxın bağlı qapılar arxasında iki ölkə arasındakı münasibətləri, Azərbaycan Ermənistan nizamlanmasına dair gündəlikdə duran məsələləri müzakirə edirlər. Daha sonra nazirlər mətbuata birgə bəyanatlarla çıxış edərək media nümayəndələrinin suallarını cavablandırıblar.

“Rusiya Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında iştiraka hazırdır”

Ev sahibi Sergey Lavrov mətbuat konfransında çıxışına iki ölkə arasındakı münasibətlərin hazırki vəziyyətindən danışaraq başlayıb. O, azərbaycanlı həmkarı ilə görüşün tutumlu və olduqca faydalı keçdiyini söyləyib: “Azərbaycanla Rusiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. İkitərəfli əlaqələrin inkişafına digər məsələlərlə yanaşı, ən yüksək səviyyədə olan münasibətlər də təsir göstərir. Bu ilin mühüm hadisəsi fevral ayında Rusiya ilə Azərbaycan arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması olub. Bu tarixi sənəd iki dövlət arasında gələcək əməkdaşlıq vektorunu müəyyən edib”.

Rusiyanın Azərbaycanın aparıcı ticarət tərfdaşlarından biri olduğunu vurğulayan Lavrov iki ölkə arasında ticarət dövriyyəsinin bu ilin 9 ayı üçün həcminin 3 mlyard dolları ötdüyünü söyləyib: “İlin sonuna kimi rekord nəticə, bu rəqəmin 4 mlrd dollara çatacağını gözləyirik”.

Rusiya XİN başçısı ölkəsinin şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərin bərpa olunmasında iştirakına hazır olduğunu da qeyd edib: “Bizim iqtisadi operatorlarımız Azərbaycan ərazilərinin münaqişəsonrası bərpasında aktiv şəkildə iştirak etməyə hazırdır”.

“Üçtərəfli razılaşmalar Cənubi Qafqazda sülh üçün etibarlı və möhkəm baza olaraq qalır”

Lavrov ikitərəfli görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesinin ətraflı müzakirə olunduğunu söyləyib. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasındakı münasibətlərin nizamlanması ilə bağlı mövcud üçtərəfli razılaşmalar Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və iqtisadin əlaqələrin açılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanmasına çıxış daxil olmaqla tam nizamlanma üçün etibarlı və möhkəm baza olaraq qalır: “Bütün bu istiqamətlərdə Rusiya tərəflərə yardım etməyə hazırdır”.

Rusiya XİN başçısı danışıqlarda “3+3” regional məşvərətçi əməkdaşlıq formatının müzakirə oldunduğunu söyləyib. Bu əməkdaşlıq formatının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yarandğını xatırladan Lavrov artıq formatda ilk iclasın baş tutduğunu, hazırda ikinci iclasın keçirilməsinə hazırlıq getdiyini qeyd edib: “Hazırda biz bu tədbirin keçirilməsi vaxtını və gündəliyə salınacaq məsələləri razılaşdırırıq”.

Bir sözlə, Lavrov ümumilikdə azərbaycanlı həmkarı ilə danışıqlardan məmnun qaldığını açıqlayıb və bu danışıqların Azərbaycanla Rusiya arasında əlaqələrin daha da dərinləşməsinə, Cənubi Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyin dəstəklənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

“Ermənistan üçtərəfli bəyanatın müddəlarını icra etmir, erməni silahlı birləşmələri Azərbaycan ərazisindən tam çıxarılmayıb”

Azərbaycan XİN başçısı ikitərəfli görüşün əsas müzakirə mövzusunun münaqişə sonrası məsələlər və Bakı-İrəvan münasibətlərinin normallaşmasına aid olduğunu söyləyib. C. Bayramov Azərbaycan tərəfinin normallaşma prosesində Rusiyanın oynadığı rolu yüksək qiymətləndirdiyini bildirib: “Bu nöqteyi-nəzərdən biz hesab edirik ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların tam şəkildə icrası vacib elementdir. Təəssüflər olsun ki, üçtərəfli bəyanatın əsas müddəları Ermənistan tərəfindən hələ də icra edilməyib. Azərbaycan ərazisindən erməni silahlı qruplaşmaları sonadək çıxarılmayıb. Eləcə də mina mövzusu problem olaraq qalır. Bu vəziyyətdə biz böyük faciə yaşayırıq. Ermənistanın minalanmış ərazilərin xəritələrini tam və dəqiq şəkildə təqdim etməməsi praktiki olaraq hər həftə faciələrə səbəb olur. 268 nəfər mina partlamasının qurbanı olub. Onlardan 45 nəfər həyatını itirib. 45 nəfərdən 35 nəfəri isə mülki şəxslərdir”.

 

“Laçın dəhlizi humanitar məqsədlər üçün istifadə olunmur”

C. Bayramov Ermənistan tərəfinin üçtərəfli bəyanatın şərtlərini pozmağa davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Laçin dəhlizindən başqa məqsədlərlə istifadə edir, belə ki, 2022-ci ilin avqustundan başlayaraq Azərbaycan ərazisində Ermənistan Respublikasında 2021-ci ilin istehsal olunan 2700-dən çox mina aşkarlanıb və zərərsizləşdirilib. Bir həftədən biraz çox bundan qabaq minaların zərərsizləşdirildiyi növbəti ərazilər Rusiya Sülhməramlı kontingentinin, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyinə, eləcə də Azərbaycandakı bir sıra səfirliklərin hərbi attaşelərinə nümayiş olunub. Bu, üçtərəfli bəyanatların pozulması, faktiki olaraq Azərbaycana qarşı hərbi fəaliyyətin davam etdirilməsi və Laçın dəhlizinin humantar məqsədlər üçün istifadə olunmamasıdır. Hansı ki, bu qadağan edilib”.

“Ermənistan Azərbaycandan Naxçıvana yolun açılmasını yubadır”

Azərbaycan XİN başçısı üçtərəfli bəyanatlarda əksini tapan regionda nəqliyyat kommunikasiyaların açılmasının uzadılmasının müşahidə olunduğunu qeyd edib. C. Bayramov konkret olaraq Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılmasının Ermənistan tərəfindən yubadıldığını söyləyib.

“Azərbaycan hər zaman Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin suverenliyi və ərazi bütüvlüyünə hörmət nəzərə alınmaqla normallaşmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Hesab edirik ki, BMT nizamnaməsi və 1991-ci ilin Almata Bəyannaməsi irəli getmək üçün yaxşı əsasdır. Bu məntiqdən çıxış edərək Azərbaycan beş baza prinsipi əsasənda müqavilə layihəsi hazırlayıb və bunu Ermənistan tərəfinə təqdim edib. Bundan sonra danışıqların iki raundu keçirilib. Məlumat vermək istəyirəm ki, Azərbaycan tərəfinin üçüncü paket şərhi Erməmnistan tərəfində təqdim olunub. Düşünürük ki, bu ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların üçüncü raundunun keçirilməsi mümkündür. Danışıqlar prosesində müsbət dinamikaya baxmayaraq qeyd etmək istəyirəm ki, bütün treklər üzrə proqress olduqca məhdud xarakter daşıyır. Bütün treklər deyəndə həm sülh sazişinin müzakirəsini, həm kommunikasiyaların açılması məsələsini, eləcə də sərhədlərin delimitasiyası məsələsini nəzərdə tuturam”, deyə Azərbaycan XİN başçısı əlavə edib.

 

“Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır, onların hüquqları Azərbaycan Konstitusiyası ilə təmin olunacaq”

C. Bayramov Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesindən də danışıb. Bildirib ki, Azərbaycanın erməni millətindən olan vətəndaşları Azərbaycan Respublikasının digər vətəndaşları kimi Konstitusiyamıza və beynəlxalq müqavilələrə müvafiq hüquqlara malik olacaqlar: “Hesab edirik ki, Azərbaycan qanunvericiliyi bunun üçün çox yaxşı əsasdır. Eləcə də, hesab edirik ki, bütün beynəlxalq aktorlar regionumuzda uzunmüddətli sülh, təhlükəsizlik və sabitlik məqsədi daşıyan məlum prosesi dəstəkləməlidirlər.

Daha nazirlər media nümayəndələrinin suallarını cavablandırıblar. Suallar Şimal-Cənub dəhlizi, Rusiyanın “Mir” ödəniş sisteminin Azərbaycanda istifadə olunması perspektivləri, Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı Vaşinqton və Moskvanın təklifləri, Azərbaycanın dövlət qurumları ilə Rusiya Sülhməramlı Kontingentinin Qarabağda ekoloji vəziyyəti müzakirəsi məsələsinin danışıqlarda qaldırılması barədə olub.

Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin davamı kimi...

Lavrov Beynəlxalq Şimal Cənub dəhlizinin müntəzəm olaraq prezidentlər, hökumət rəhbərləri və digər qurumlar səviyyəsində müzakirə olunduğunu xatırladıb: “Son vaxtlar bu müzkairələr canlanıb. Nəzərə alaq ki, artıq bu layihənin təkcə bizim ölkələr üçün deyil, İran üçün, eləcə də dünya iqtisadiyyatı üçün faydalı olduğuna dair qiymətləndirmələr var. Asiya ilə Avropa arasında bütün daşımaçılar üçün olduqca sərfəlidir, həm vaxt, həm də maliyyə xərcləri baxımından sərfəlidir. Düşünürəm ki, ən yaxın vaxtlarda biz artıq media nümayəndələrinə prosesin necə irəlilədiyini danışa biləcəyik. Təkrar edirəm, bu layihəyə onun reallaşdırılmasının asılı olduğunu bütün tərəflər maraq göstərir”.

C. Bayramov isə Şimal-Cənub dəhlizinin vacibliyinin heç kəsdə şübhə doğurmadığını söyləyib: “Mənə elə gəlir ki, bu gün bu layihənin aktuallığı hətta artıb. Şimal-Cənub dəhlizi təkcə bizim ölkələri deyil,daha geniş çoğrafiyanı əhatə edir. Hal-hazırda dəhlizin imkanlarını genişləndirmək üçün bütün maraqlı tərəflər arasında aktiv müzakirələr gedir. Ona görə ki, əslində dəhliz bu gün mövcuddur, lakin ümumi fikir var ki, onun potensialı daha genişdir. Bir məsələni qeyd etmək isytəyirəm ki, postmünaqişə nizamlanması çərçivəsində müzakirə olunan mövzuların da Şimal-Cənub dəhlizinə aidiyyatı var. Biz Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasından danışanda yeni marşrutlarını açılmasını, Azərbaycanın Qərb sərhədi ilə Naxçıvan Muxtar Respubliası arasında Ermənistan ərazisindən keçməklə dəmiryolunun bərbasını deyirik. Xatırladım ki, bu yol hələ Sovetlər İttifaqı dövründə də mövcud idi. Həm də xatırlatmaq istəyirəm ki, Naxşıvan ərazisindəki məlum dərmiyolu İranın dəmiryolu ilə əlaqəyə malikdir. Bu marşrut uğurlu inkişaf edəcəyi təqdirdə, Şimal-Cənub dəhlizinin bir şaxəsinə çevrilə bilər. Bu isə onun təsdiqidir ki, postmünaqişə nizamlanmasının müxtəlif treklərdə inkişafından təkcə Azərbaycan və Ermənistan deyil, bütün regional ölkələr faydalana bilər. Ümid edirik ki, Ermənistan tərəfi konstruktiv yanaşma nümayiş etdirəcək və məsələni “ölü nöqtədən” tərpətmək mümkün olacaq. Azərbaycan yekun razılığı gözləmədən öz ərazisində bu layihəni həyata keçirir. Artıq 2023-cü ildə bizim ərazimizdə bütün işlər başa çatacaq və dəmir yolunun Ermənistan sərhədinə kimi inşası bitəcək. Bundan sonrakı prosesin davam etməsi əlbəttə ki, Ermənistan tərəfinin nə qədər konstruktiv mövqe sərgiləməsindən asılı olacaq”.

Lavrov: “Vaşinqtondan qayıdandan sonra Ermənistan tərəfi əkstəkliflər verdi”

Nazirlərin mətbuat konfransının ən maraqlı hissəsi onların Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı Moskva və Vaşinqton layihələri haqqında suala cavabları olub. Rusiya XİN başçısı Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı layihələrin sayının ikidən çox olduğunu söyləyib: “Ona görə ki, Moskva layihəsi çoxdan, bu ilin əvvəlində hazırlanıb və tərəflərə təqdim edilib. Moskva layihəsi müsbət qarşılanıb. İndiyə kimi Azərbaycanın məlum beş prinsipdən ibarət təklifi olub, hansı ki, Ceyhun Bayramov xatirlatdı. Bu beş prinsipə Baş nazir Paşinyanın reaksiyası olub. Bu ilin payızında, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfəri zamanı Azərbaycan tərəfi mümkün sənədin növbəti versiyasıni təqdim edib. Başa düşdüyüm qədəri ilə Vaşinqtondan qayıdandan sonra Ermənistan tərəfi öz əks təkliflərini təqdim ediblər. Biz əvvəlki kimi yardım etməyə hazırıq. Burada vacib olan başlıca məsələri müəyyənləşdirməkdir. Bu mənada Praqada keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Onlar bütün problemləri BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq həll etmək niyyətində olduqlaırnı qeyd ediblər. Əgər bu, belədirsə, anladığım qədəri ilə bu həqiqətən belədir. O zaman bu, vəzifənin həllini olduqca yüngülləşdirir”.

Bayramov: “Azərbaycan sülh müqaviləsi ilə bağlı çox dəqiq və aydın görüşü və ən başçlıcası onu həll etmək istəyi var”

Azərbaycan XİN başçısı bu sualı şərh edib. O bildirib ki, Azərbaycan tərəfi bu məsələyə Azərbaycam-Ermənistan münasibətlərinin nizamlanması baxımından fundamental baxır və Azərbaycan Respublikasının məlum məsələ ilə bağlı çox dəqiq və aydın görüşü və ən başçlıcası onu həll etmək istəyi var. C. Bayramov 44 günlük müharibədən sonra məhz Azərbaycan tərəfinin Prezident İlham Əliyevin simasında çağırış etdiyini, düşmənçilik səhifəsini çevriməyi və sülh müqaviləsi üzərində işə başlamağı təklif etdiyini xatırladıb: “Əlavə təşəbbüslər və təkliflər haqqında danışarkən, təbii ki, bu prosesə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara çox minnətdarıq. Biz əlbəttə ki, fundamental normaları və beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq bunu müzakirə etməyə hazırıq. Yəqin ki, bütün iştirakçılar, bu prosesdə birbaşa və ya dolayısı ilə iştirak edənlərin hamısı Azərbaycan tərəfinin mövqeyinin çox ardıcıl, sistemli olduğunu təsdiq edə bilər. Mənə elə gəlir ki, birincisi, tarixi ədalətə, ikincisi, beynəlxalq hüquqa söykənən mövqe qurmaq və səsləndirmək asandır. Biz bundan sonra da bu yola sadiq qalacağıq”.

Bakı ilə İrəvan arasındakı münasibətlərin normallaşmasına üçüncü tərəflər maneə olur. Onlar kimdir?

Rusiyalı jurnalistin Ceyhun Bayramova Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qtənamələrlə bağlı sualı həm də jurnalistin “Bakı ilə İrəvan arasında sülhə kim maneə olur?” sualına cavabı idi. Elə bunu Azərbaycan XİN başçısı da təqsdiqləmiş oldu.

“Siz prinsipcə öz sualınıza qismən cavab vermiş oldunuz. Bizim mövqeyimiz ondan ibarətdir ki, məsələnin tarixi, həssaslığı və çətinliyi nəzərə alınaraq birtərəfli addımlar atmaq əlbəttə ki, qeyri-məhsuldadır. Bizi bunu açıq deyirik. Danışıqlar prosesində birbaşa iştirak edən ölkələr bu gün məlum məsələyə öz ölkələrinin daxili siyasətindəki məsələni gətirərək ola bilsin ki, özlərinin hansısa daxili siyasi məsələlərini həll edirlər, lakin Azərbaycanla Ermənistan arasındakı postmünaqişə nizamlanmasına böyük zərər vururlar. Hesab edirik ki, əsas məsuliyyət ilk növbədə Azərbaycan və Ermənistanın üzərinə düşür və düşməlidir. 30 il münaqişənin tarixi bizə göstərib ki, oturub gözləmək və ümid etmək ki, bizim yerimizə kimsə gəlib bu problemi həll edəcək, bu yəqin ki, sadəlöhv yanaşmadır. İlk növbədə siyasi iradə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etmək bu istiqamətdə hərəkət etməyimizə kömək edə bilər. Bununla belə, Azərbaycan dəfələrlə bəyan edib ki, məlum prosesə müsbət təsir edə biləcək beynəxlalq aktorlarla əməkdaşlıq etməyə hazırdır. Hansı ki, həmin aktorlar obyektivdir və maraqlı tərəf deyil. Eləcə də, bu proses vasitəsilə regionda öz təsirlərini süni şəkildə artırmaq, regionu digər ölkələrlə qarşıdurma meydanına çevirmək cəhdləri çox neqativdir. Təbii, biz başa düşürük ki, bundan ilk növbədə danışıqlar prosesində iştirak edən ölkələr zərər görəcək. Azərbaycanın mövqeyi həmişə vəziyyəri maksimum dərəcədə daha da dərinləşdirməmək, Cənubi Qafqaz regionunu böyük xarici oyunçular arasında qarşıdurma platformasına çevirməməkdən ibarət olub”, -deyə Azərbaycanın baş diplomatı cavab verib.

Mətbuat konfransı Lavrovun Azərbaycanın bir sıra dövlət strukturları ilə Rusiya Sülhməramlı Kontingentinin rəhbərliyi arasında Qarabağdakı ekoloji vəziyyətlə bağlı müzakirələrin bu günki danışıqlarda müzakirə olunub-olunmaması ilə bağlı suala cavabı ilə bitib. Rusiya XİN başçısı ikitərəfli görüşdə Qarabağdakı ekoloji vəziyyətin müzakirə olunduğunu, Azərbaycanın dövlət strukturları yerdə Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə iş aparıldığını söyləyib: “Azərbaycanlı qonşularımızla, həmkarlarımızla üçtərəfli bəyanatların icrası ilə bağlı yaranan suallar bizim üçüm prioritet əhəmiyyət daşıyır. Bizim hərbçilərimiz bununla fəal məşğul olur".


Geri dön