Ana Sayfa > Karusel / Manşet > Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb5-12-2022, 21:12. Yazar: Admin |
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə dekabrın 5-də Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılayıb. Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Azərbaycan və qardaş Türkiyənin dövlət himnləri səsləndirilib. Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb. Görüşdə həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak edib. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edib və bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən cənab H.Akar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən "Qardaş yumruğu" birgə təliminin mühüm əhəmiyyətə malik olduğu xüsusi vurğulanıb. Qarşılıqlı maraq doğuran mövzulara dair aparılan fikir mübadiləsi zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib. Geri dön |