Ana Sayfa > Karusel / Manşet > Fərəh Əliyeva Azərbaycandakı etnik icma rəhbərləri ilə görüşdü - Foto

Fərəh Əliyeva Azərbaycandakı etnik icma rəhbərləri ilə görüşdü - Foto


2-12-2022, 20:10. Yazar: Admin

Fərəh Əliyeva Azərbaycandakı etnik icma rəhbərləri ilə görüşdü - Foto

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın ölkəmizdə yaşayan və fəaliyyət göstərən etnik icmaların rəhbərləri ilə görüşü keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Bakı Dağ Yəhudiləri Dini İcmasının, Samur Ləzgi Mədəniyyət Mərkəzinin, Avropa Yəhudiləri Dini İcmasının, Talış icmasının, Azərbaycan-Avar İctimai Birliyinin, Alban-Udi Xristian Dini İcmasının, Azəri Tat Mədəniyyət Mərkəzinin, Azərbaycanda Yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyinin, Gürcü Yəhudiləri Dini İcmasının, Kürd İcmasının, “Buduq” Xeyriyyə Cəmiyyətinin, Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin, Azərbaycan - Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin rəhbərləri, eləcə də talış dilində nəşr olunan “Dodo” və Azərbaycan, rus, ləzgi dillərində nəşr olunan “Samur” qəzetinin baş redaktorları da iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov ölkəmizdə bütün xalqların nümayəndələrinə dövlət səviyyəsində eyni şəraitin yaradıldığını vurğuladı. O bildirdi ki, Multikulturalizm Mərkəzi öz fəaliyyətini hər zaman azsaylı xalqların nümayəndələri ilə əlaqəli şəkildə qurur. Ölkəmizdə yaşayan və fəaliyyət göstərən müxtəlif xalqların həyatı, mədəniyyəti və adət-ənənələrinin işıqlandırılması xüsusi layihələrlə, eləcə də nəşrlərlə həyata keçirilir. Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Multikulturalizm modelinin üstünlüklərini qeyd edərək, ölkəmizdə bütün xalqların sülh və dostluq şəraitində yaşamasdan danışdı. O, 44 günlük Vətən müharibəsi dövründə milli həmrəyliyin qalib gəlməsi məsələsin xüsusi olaraq toxundu. Daha sonra çıxış edən BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayev yarandığı gündən etibarən, Multikulturalizm Mərkəzinin dövlətin multikulturalizm siyasətinə uyğun olaraq,  aktiv şəkildə fəaliyyət göstərdiyini bildirdi. O, qeyd etdi ki, düşmən qüvvələr ölkəmizdəki sabitliyin pozulmasına çalışsalar da, buna nail ola bilmirlər və bilməyəcəklər.

Çıxışlardan sonra, görüşdə iştirak edən bütün etnik icma nümayəndələri mövzu ilə bağlı öz fikirlərini bölüşdülər. Onlar Azərbaycanı Vətənləri kimi sevdiklərini, öz fəaliyyətlərini ölkəmizin uğurlu gələcəyi və inkişafı istiqamətində qurduqlarını bəyan etdilər. 44 günlük Vətən müharibəsi dövründə də, bu gün də milli birlik nümayiş etdirdiklərini vurğulayan iştirakçılar, Azərbaycandakı multikultural mühitdən, dövlətin bu istiqamətdə həyata keçirdiyi uğurulu siyasəti dəstəklədiklərindən də söz açdılar. Tədbir iştirakçıları Multikulturalizm Mərkəzinin fəaliyyətini, eləcə də qurumun etnik icmalarla əlaqələrini də yüksək qiymətləndirdiklərini bildirdilər. Sonda ölkəmizdə yaşayan və fəaliyyət göstərən etnik icmaların rəhbərləri öz fəaliyyətləri ilə bağlı təkliflərini də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın diqqətinə çatdırdılar. (yenisabah.az)

 


Geri dön