Hər şey onunla başladı ki, əziz dostumuz, naşir Şahbaz Xuduoğlu yazıçı Əlisa Nicatın “altdan geyinib-üstdən qıfıllanmış”, şəklini sosial şəbəkədə paylaşdı və yazdı ki, qocaman yazıçının özünün dediyinə görə, belə geyinməyinə səbəb evdə qaz peçini yandırmağa maddi imkanının çatmamasıdır. Bu paylaşım şübhəsiz ki, müzakirələrə səbəb olacaqdı, lakin bu qədər ajiotaja səbəb olmayacaqdı, bir halda ki, paylaşımın altına Əlisa Nicata aid olan bank kartının nömrəsi yerləşdirilməsə idi. Hər şey düz olsun deyə, onu da qeyd edək ki, kart nömrəsini ilk paylaşımın altına Şahbaz bəy yerləşdirməmişdi. Amma sabahısı gün, yazıçının evindən olan paylaşımında Şahbaz bəy də Əlisa Nicatın kart nömrəsini yazaraq vətəndaşları yardım etməyə çağırdı.
Belə məsələlərdə adətən cəmiyyət, yəni sosial şəbəkə iki yerə parçalanır. Di gəl iki gündən çoxdur ki, davam edən müzakirələrə diqqətlə baxsaq, budəfəki parçalanmanın sayı az qala fikir bildirənlərin sayına bərabərdir. Hər kəsdən fərqli və maraqlı fikirlər, mövqelər ortaya çıxmağa başladı.
Aqressiv yanaşanların böyük hissəsi məhz son illərin “kartzədələri”dir. Yəni açıq deməsələr də, hətta buna etiraz etdiklərini özləri bilməsələr də, məsələ bu idi, kart paylaşıb kömək istəmək. Siz də təsdiq edərsiniz ki, bir çox işlərin daha tez və sürətli yerinə yetirilməsinə misilsiz köməklik göstərən plastik bank kartları həyatımıza daxil olandan “günümüz göy əskiyə bükülüb”. Plastik kartı bizim ölkədə az qala atomun kəşfi ilə müqayisə etmək olar. Necə ki, atom kəşf edildikdə xeyirli məqsədlər üçün kəşf edildiyi deyilirdi, di gəl dünyanın başına ən böyük bəla oldu, eləcə də plastik kart, bütün xeyirli tərəfləri ilə birlikdə, həm də başa bəladır. “Kart atım-göndər”- bu, bizim gündə ən azı bir neçə dəfə fırıldaqçılar, borc pul istəyən tanışlar və “mədəni dilənçi”lərdən eşitdiyimiz sözdür.
Artıq kimsənin nə kart nömrəsi görməyə, nə də bu haqda eşitməyə həvəsi qalmayıb. Altında kart nömrəsi qoyulan paylaşımların böyük əksəriyyəti qıcıq və ikrah doğurur. Məsələnin bu tərəfi belə…
Kimlərsə tələsik Əlisa Nicatın nə vaxtsa qadınlar haqda dediyi fikirləri tapıb tirajlayırdı. Qadına münasibətdə çox kəskin və ədalətsiz sayılacaq bu fikirlərə (ilk cümləsi “qadın ancaq doğulub və doğmaq üçün yaranıb” – bəs edir) görə Əlisa müəllimin soyuqdan donmalı olduğunu yarızarafat-yarıgerçək deyənlər də var idi. Kitab işindən yaxşı başı çıxan bir dostumuz bir insanın bir ömürə 100 kitab sığdıra bilməyəcəyini iddia edir, dolayısı ilə yazıçını “maklatura ədəbiyyatı” yaratmaqda ittiham edirdi. Allahdan bu dostumuz, məhz bu səbəbə görə “donvurma”nı haqlı saymırdı. Çıxış yolu kimi ölkədən getməyi təklif edəndən, “prezident təqaüdü” təklifinə qədər hər cür fikir var idi. Di gəl yüz fikir Əlisa Nicatın bir qaz borcunu ödəməyə yetməzdi. Hələ “prezident təqaüdü”nün “Facebook”da layk qoymaqla verilmədiyini demirəm.
Paylaşımı və yardımı dəstəkləyənlərdən də fərqli fikirlər irəli sürənlər az deyildi. Biri deyirdi ki, yazıçının bu problemini həll etməyə elə Şahbaz bəyin özünün və onunla birlikdə Əlisa müəllimin evinə gedən “Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar xanımın imkanı çatar. Belə olduğu halda niyə özləri həll etmir ki?
Xeyli insan günahı Yazıçılar Birliyində, Birliyin əbədi sədri Anarda və onun “ana dili qüsurlu” müavini Çingiz Abdullayevdə görürdü. Sual olunurdu ki, “özləri var dövlət, cah-cəlal içində yaşamaqlarına baxmayaraq yüzdən çox kitab müəllifi olan yazıçıya “qaz pulu verə bilməməyi” necə rəva görürlər?” Bəli, biz xalq olaraq şair-yazıçının yaxşı yaşamağına, imkanlı olmağına da xeyli dözümsüzük. Niyəsi də bəllidir. Hamımız yaxşı bilirik ki, bu ölkədə yazmaqla yaxşı dolanışıq mümkün deyil. O bahalı evlər, lüks maşınlar, marka geyimlər xalqın ədəbiyyata olan hörmətindən, kitab almaq eşqindən yaranmayıb. Bunların mənbəyi başqa yerdən, hamının çox gözəl bildiyi yerlərdəndi. Fikir versəniz, Anara da, digərlərinə də illərdir etiraz edən yazıçıların əksəriyyəti ehtiyac içində, kasıbyana yaşayan şair-yazıçılardır. Azca imkan düzələn kimi, mövqelər də dəyişir. Bunlar öz yerində, mövzudan uzaqlaşmayaq.
Qaz borcunu ödəmək və ümumiyyətlə borcsuz yaşamaq üçün lazımlı təklif isə, digər naşir, əziz dostumuz Şəmil Sadiqdən gəldi. Şəmil müəllim nəşriyyatlara səslənərək, kimdə Əlisa Nicatın kitabı varsa, gətirib “Kitabevim” dükanına verməsini, bu katabların satılaraq pulunun tamamilə yazıçıya təqdim olunması üçün kampaniya keçirməyi təklif edirdi. Özü də nəşr etdirdiyi bir kitabı bu yolla satacağını bildirirdi. Və verdiyi qısa arayışdan məlum olurdu ki, son iki gündə qalan bütün ömründəkindən daha çox müzakirə olunan Əlisa Nicatın bir kitabından bir il altı ay ərzində cəmi 200 manatlıq satış olub. Paylaşımında ilk paylaşımın müəllifini, yəni Şahbaz bəyi də yüngülcə tənqid edən Şəmil müəllim haqlı idi, amma unudurdu ki, Şahbaz bəy o şəkli paylaşmasa idi heç belə bir kampaniya fikri də ağıla gəlməyəcəkdi. Digər tərəfdən, yazıçının imkansızlığını hansısa yolla xalqın boynuna qoymaq, “kitablarını alsaydınız belə olmazdı” deyə biz oxucuları hədəf göstərmək də doğru deyil. Əvvəla, kitabı satılmaqla problemlər həll olunsa, indi gərək Kəramət Böyükçöl yağ-bal içində yaşayardı. İkincisi, son dövrlər bir daha təsdiq olunur ki, azərbaycanlı oxucu kitaba da, kitab almağa da həvəslidir. Amma iki şərtlə, aldığı kitabın içindəkilərin yararlı olacağını bilsin və bu kitab naşirlərimizin və kitab ticarəti ilə məşğul olanların birgə səyi nəticəsində “əl yandırmasın”.
Yəni mənalı kitab normal qiymətə, gətirin alaq!
Nəysə ki, günün sonuna artıq biz əvvəlcə saytların, daha sonra isə televiziyaların yazıçının evindən reportaj və müsahibələrinin şahidi olduq. Hansı ölkədə yaşadığımızı bildiyimizdən, bütün bunların özfəaliyyət olmadığı, bir yerlərdən düyməyə basıldığı aydındır. Demək ki, yazıçı Əlisa Nicat üçün ömrünün səksənindən sonra da olsa, işıq göründü. Əlisa müəllimə nicat tapılacaq.
Bəs yerdə qalan Əlisalar, Nicatlar? Bəs digər yazıçılar? Hələ heç yazıçı olmayanları demirəm. Yenə Əlisa müəllim yaxşıdır, qazpulu olmasa da, içində qaz olan evi var. Evsiz- eşiksiz, gün çörəyinə möhtac onlarla yazıçımız, şairimiz var. Daha gənc yaşda ehtiyac içində yaşayanlar var. Doğrudanmı, elə dünənki müzakirələrdə bir dostumuzun dediyi kimi, “Bu ölkədə yazmaqla dolanmaq mümkün deyil, mütləq nəsə bir peşə sahibi də olmalısan. Santexnik, “krosna antenna düzəldən”, elə lap kombi ustası. Əlqərəz ki, yazdığını arada yarımçıq qoyub, gedib çörək pulu çıxartmaqçün işləmək lazımdır”. Doğrudanmı bu ölkə “oxuma-yazma bilənlər” üçün heç nə vəd etmir?
Əslində mən çox yaxşı bir yol bilirəm. Yazaraq pul qazanmaq, hətta yaxşı pul qazanmaq mümkündür. Yox, kitab yazmaqdan getmir söhbət, kitabla olmaz bu iş. Həm də kitabın həcmi çox böyükdür, yazıb qurtarmaq çətin işdir. Povest, hekayə, heç şeir də gətirməyin ağlınıza. Onları yazanların da aqibətini yaxşı bilirik. Nə, köşə? Köşə ilə pul qazanmaq olsa idi, mən niyə baş sındırırdım axı, elə yazıram da. Bəs nə?
Bu ökədə yazı ilə dolanışıq çıxarmağın, imkan sahibi olmağın bir yolu var, kiçik mətn yazmaq. Həm də heç kəsin heç vaxt oxumayacağı, oxumaq istəsə də baş çıxara bilməyəcəyi mətn. Bəli, bəli, düz tapmısınız. Söhbət duadan gedir. “Barışıq duası”, “qovuşdurma duası”, “itkin tapma duası”, “gedən sevgilini gətirmə duası”, “qaçan gəlini qaytarma duası” və sairə. Yüzlərlə növü var. İstedada gərək yox, savad lazım deyil, elm rol oynamır. Qələmin ucunu tüpürcəklə, yaz getsin!
Nədir, deyəcəksiz ki, get ağlına dua yazdır? Yazdırmıram! Ağıllanıb neyləyəcəyəm? Mənim də qaz pulunu ödəyə bilməyəcək vəziyyətdə olmağımı istəyirsiz? Yoxsa mənə yazığınız gəlir? Kart nömrəsi göndərimmi?