Ana Sayfa > Karusel > Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - VİDEO

Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - VİDEO


30-11-2022, 14:08. Yazar: Admin
Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - VİDEO

Ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsində bir ailədən 2 nəfərin qətli, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı üzə çıxıb.

 

Qarabaginfo.az xəbər verir ki, Qafqazinfo-nun əməkdaşları qətlin baş verdiyi Buzovna qəsəbəsi, Naxçıvani küçəsində olub, müəmmalı cinayətlə bağlı bəzi detalları əldə edib.

 

Məlum olub ki, təxminən iki həftə əvvəl 1939-cu il təvəllüdlü Elbrus Muradovun mənzilindən 10 min manata yaxın pul oğurlanıb. Ailə bununla bağlı polisə müraciət edib və araşdırmalara başlanılıb. Dünən, yəni noyabrın 29-da axşam saat 20 radələrində isə naməlum şəxs həmin evin qapısını döyüb.

 

Qapını 83 yaşlı E. Muradov açıb. Həmin şəxs kəsici alətlə hücum edib, E.Muradovun baş və boyun nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib. Həmin şəxs daha sonra mənzilə daxil olaraq onun ikinci qrup əlil olan oğlu Rahil Muradova zərbələr endirib və boğaz nahiyəsinə öldürücü xəsarətlər yetirib. Mənzildə digər otaqda olan yataq xəstəsi, E.Muradovun həyat yoldaşı 77 yaşlı Şahirə Muradovaya da çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirən həmin şəxs onun da öldüyünü düşünərək evi tərk edib. Bu zaman o, qonşuluqda yaşayan və işdən gəldikdən sonra nənəsigilə yeməyə gedən E.Muradovun 25 yaşlı nəvəsi Elbrus Ağalarovla qarşılaşıb.

 

 

Hadisə nəticəsində baş və boyun nahiyəsindən çoxsaylı xəsarətlər alan və dəhşətli cinayətin əsas şahidi olan Elbrus Ağalarov əməkdaşımızla söhbətində həmin şəxsin maskalı olduğunu deyib:

 

“Mən həyətə daxil olanda babamın qan içində yerdə qaldığını gördüm, həmin vaxt maskalı şəxs evdən çıxırdı. Hündür, yekəpər bir insan idi, mənə hücum edərək vurmağa başladı. Ona dedim ki, sənin arxanca düşməyəcəyəm, qoy nənəmə-babama kömək edim. Məni buraxıb qaçdı. Tez evə daxil oldum, hamının qan içində qaldığını görüb qonşulardan kömək istədim. Xahiş edirəm, həmin adam tezliklə tutulsun”.

 

 

Hadisədən sonra xəstəxanaya yerləşdirilən və xəsarətləri nisbətən yüngül olduğundan evə buraxılan 25 yaşlı Elbrus həmin şəxsin özü ilə hər hansı əşya və sair aparmasını yaxşı xatırlaya bilmədiyini qeyd edib.

Hadisə barədə danışan qonşular Elbrus Muradovun və ailəsinin çox sakit, mədəni və ünsiyyətcil insan olduğunu bildiriblər. Onlar yaşadıqları ərazidə əvvəllər də oğurluq hadisələrinin olduğunu, baş vermiş cinayətin də tamah məqsədilə və ya 2 həftə əvvəl baş vermiş oğurluq cinayətilə bağlı ola biləcəyini ehtimal edirlər.

Xatırladaq ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. R.Muradov xəstəxanada vəfat edib.

Baş vermiş cinayətin üstünün açılması məqsədilə əraziyə istintaq qrupu cəlb edilib və intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 


Geri dön