Ana Sayfa > Karusel > Korrupsiyaya görə həbs edilən məmurlar əfv edilməsin! - Deputatdan sərt təklif

Korrupsiyaya görə həbs edilən məmurlar əfv edilməsin! - Deputatdan sərt təklif


28-11-2022, 12:16. Yazar: Admin
Korrupsiyaya görə həbs edilən məmurlar əfv edilməsin! - Deputatdan sərt təklif

Dövlət Təhlükəsizlik Xidməti, Maliyyə Nazirliyi və Hesablama Palatasının son günlər apardıqları əməliyyatlar nəticəsində bir sıra dövlət qurumlarında, icra hakimiyyətlərində yeyinti və korrupsiya halları aşakarlanıb. Son olaraq DTX Naxçıvan Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Nəticədə, bir çox vəzifəli şəxs saxlanılıb, o cümlədən Muxtar Respublikanın maliyyə naziri Əliyev Rafael Rza oğlu 4 ay müddətinə həbs edilib.

 

Ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında rüşvət, korrupsiya hallarına qarşı sərt çıxışlar, xəbərdarlıqlar edib. Amma görünən odur ki, korrupsiyaya qurşanmış məmur ordusu ölkə rəhbərinin çağırışlarına da əməl etmirlər.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, adamlar hələ də korrupsiya və yeyintinin dövlətin müstəqilliyinə təhlükə olduğunu başa düşmürlər.

 

Deputat deyib ki, 44 günlük Vətən müharibəsindən sonra yeyinti və korrupsiya hallarının azalacağına ümid edirmiş:

 

"Ancaq əksinə oldu. Dövlət Təhlükəsizlik Xidmətinin, Hesablama Palatasının, Maliyyə Nazirliyinin yoxlama apardığı demək olar ki, bütün qurumlarda yeyinti və korrupsiya hallarına rast gəlindi. Bir çox rayonların icra başçıları həbsdədir. Hətta, nazirliklərin əməkdaşlarından saxlanılanlar var. Son olaraq Naxçıvanın maliyyə naziri həbs edilib. Naxçıvan Dövlət Gömrük Xidmətinin əməkdaşlarından saxlanılanlar var. İndiki şərait, İranın və Ermənistanın Azərbaycana münasibəti bizdən daha təmiz olmağı tələb edir. Ancaq təəssüflər olsun ki, bir sıra vəzifəli şəxslər bunu dərk etmir. Bunun təhlükəsizliyimiz üçün təhdid olduğunu anlamır".  

 

Parlamentarinin sözlərinə görə, bu daha çox bəzi şəxslərin vəzifəni əbədi hesab etməsi ilə bağlıdır:

 

“Vəzifənin müvəqqəti olduğunu bəziləri dərk edə bilmir. Vəzifəyə təyin olunan şəxs anlamalıdır ki, ona bu səlahiyyət müvəqqəti verilib. Ona səlahiyyət ona görə verilməyib ki, dərhal korrupsiyaya əl atsın. Xüsusilə də, dövlət büdcəsindən böyük məbləğdə yeyintilər aşkar edilib. Bu, qəbuledilməzdir. Beləliklə, mən düşünürəm ki, korrupsiya üstündə həbs edilən şəxslərə amnistiya vermək, onları əfv etmək lazım deyil. Çünki bəzi hallarda həbs edilən məmurların azad olunduğunun şahidi oluruq. Onların əmlakları müsadirə olunmalıdır. Həmin şəxslər öz cəzalarını sonacan sərt şəkildə çəkməlidirlər. Yenə deyirəm ki, korrupsiya bizim müstəqilliyimizə zərbədir. Beləliklə, dövlət bu sahədə gördüyü işləri daha da gücləndirməlidir”.

 

V.Əhmədov qeyd edib ki, Naxçıvan Dövlət Gömrük Xidməti tərəfindən büdcədən xeyli vəsait oğurlanıb:

 

"Görünür ki, orada vəziyyət ürəkaçan deyil. Gedişat onu göstərir ki, DTX əməliyyatları davam etdirəcək. Müəyyən qanunsuzlaqları aşkar edəcək və məsələyə birdəfəlik son qoyacaq. Naxçıvan Azərbyacan üçün çox vacib ərazidir. Azərbaycanın bir parçasıdır. İndi müəyyən kommunikasiyaların olmamasını nəzərə alıb, Naxçıvanı ayrıca dövlət kimi düşünənlər var. Elə bilirlər ki, elə nə istəsələr edə bilərlər. Ancaq bu belə deyil.  Ümumiyyətlə, Naxçıvanda baş verən bu hadisələr göstərir ki, Prezidentin göstərişi ilə fəaliyyətə başlayan korrupsiya komissiyası işini daha da gücləndirməlidir. Mən komissiyanın işində irəliləyişlər gözləyirəm. Ancaq yaxşı olardı ki, kommisyaya Milli Məclisin deputatları da daxil edilsin ki, onlar da bu məsələyə nəzarət edə bilsin”.


Geri dön