Ana Sayfa > Karusel / Siyasət > Tovuzda başlayıb, Bakıda baş tutmayan təxribat
Tovuzda başlayıb, Bakıda baş tutmayan təxribat15-07-2020, 17:36. Yazar: Admin |
Azərbaycanın dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribat bir sıra mətləblərə aydınlıq gətirdi. Azərbaycanın dost və düşmənlərini bir daha tanıtdı. Cəmiyyətin, vətəndaşların öz dövlətinə sevgisi, onu qorumaq və işğal altında olan torpaqları azad etmək istəyi də bir daha nümayiş olundu. Şəhidlərin dəfn mərasimindəki izdiham Azərbaycan əhalisinin öz hərbçisinə verdiyi dəyərdir. Azərbaycan vətəndaşları niyə bu aksiyaları keçirir? Niyə xalq koronavirusa yoluxma təhlükəsindən ehtiyatlanmadan belə addım atır? Niyə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını yorulmadan söyləyirlər? Bu sualların bir cavabı var: Haqqın Azərbaycan tərəfdə olduğunu bilir, buna əmindir. Bu illərdə Azərbaycan vətəndaşları torpaqlarının azadlığı, müstəqillik uğurunda minlərlə oğulunu qurban verib. Yenilərini böyüdüb, tərbiyə edib. Azərbaycan dövlətinin əbədi qalması üçün bu davam edəcək. Əksi mümkünsüzdür. İyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən yürüş-mitinqə qatılanlar torpaqların azad edilməsini tələb ediblər, beynəlxalq vasitəçiləri ədalətli mövqe tutmağa çağırıblar. Bu, Azərbaycanın haqq səsi idi. Dövlətini müstəqil, bütöv, azad, ərazisini işğalçıdan təmizlənmiş görmək istəyən vətəndaşın səsi idi. Bu səs 30 il əvvəl Azərbaycanın sovet imperiyasının caynağından xilas edilən zaman da eyni tələblə ucaldılmışdı.
Ermənistanda oxşar aksiyalar keçirilmədi. Məntiqlə baş nazir Nikol Paşinyan xalqın etiraz yürüşü nəticəsində hakimiyyətə gəldiyindən Yerevan küçələrində onu dəstəkləyən insanlar olmalı idi. Yaxud Robert Koçaryan, Serj Sarqsyan, Artur Vanesyan və s. Rusiyayönlü sayılan qüvvələr Ermənistanın baş nazirinin devirmək üçün genişmiqyaslı aksiya keçirməli idi. Ancaq bu baş vermədi. Hətta Ermənistan saytları itkilər barədə qeyri-rəsmi məlumatlar belə yaymadı. Ermənistanın Müdafiə Nazirliyi itkiləri və yaralıları barədə məlumatları döyüşlər başlayandan bir gün sonra açıqlamağa başladı. Yeri gəlmişkən, hadisə nəticəsində Ermənistanın 4 hərbçisinin öldüyü, 10 hərbçisinin yaralandığı, onlardan 5-inin vəziyyətinin ağır olduğu bildirilib. Bu, deməyə əsas verir ki, rəsmi Yerevanın itkilər barədə hələ bir müddət sonra məlumat yayacaq. İki gündür Azərbaycanın müxtəlif şəhər və rayonlarında şəhidlərimiz böyük hörmətlə qarşılanır, yad edilir. İyulun 14-də Bakıda Şəhidlər xiyabanı yaxınlığında, Milli Məclisin binası qarşısında Azərbaycan Ordusuna dəstək və dövlətin müdafiəsi ilə bağlı çoxminlik mitinqi keçirilib. Bu aksiya öz möhtəşəmliyinə görə 20 Yanvar hadisəsi zamanı keçirilən tədbirlə müqayisə edilə bilər. Mitinq zamanı bir qrup aksiya iştirakçılarından ayrılaraq parlamentin binasına daxil olub. Təbii olaraq sual yaranır: niyə? Düzdür, sualın doğru cavabını bu addımı atanlar verə bilər. Dövlət sərhədində baş verən hadisələr fonunda, general-mayorun, polkovnikin, mayorların, kapitanın, leytenantın və başqa hərbi qulluqçuların şəhid olduğu şəraitdə belə bir addımın atılması vəziyyətə və aksiyanın şüarlarına uyğun deyildi.
Belə çıxır ki, Tovuzda dövlət sərhədinin Ermənistanda pozulması Bakıda Azərbaycan dövlətinin əleyhinə hadisə ilə başa çatmalı, yaxud Respublikada xaosun başlaması üçün aksiya ilə davam etməli idi. Əfsus ki, bu hadisə qürurverici tarixlə yanaşı, təəssüfləndirici olayları da yada saldı. 90-cı illərin əvvəllərində baş verənlər müstəqilliyi əldə edilməyən yaxud yenicə əldə olunan bir dövlətin başına açılan oyunlara bənzədi. Onda xarici qüvvələr Ermənistan vasitəsi ilə Azərbaycandakı ictimai-siyasi proseslərə təsir, hətta bir sıra hallarda onu idarə edə bilirdi. Parlamentin binasına soxulmaq o acını yada saldı. Belə qənaətə gəlmək olar ki, dövlət sərhədində başlayan təxribatla Milli Məclisin binasına hücumu eyni əl idarə edir. Bununla ölkədə xaos, qarşıdurma, hakimiyyət çevirilişinə cəhd təəssüratı yaratmaq istəyiblər.
Никол Пашинян / Никол Пашинян
Bununla Azərbaycanda sabitliyə zərbə vurmağa cəhd edilib. Sərhəddəki təxribat bir daha sübut etdi ki, müharibə bitməyib və Azərbaycan torpaqları işğaldan azad edilməyənədək təmas xəttində və dövlət sərhədiboyu ərazilərdə döyüşlər baş verəcək. Bu baxımdan beynəlxalq vasitəçilər Azərbaycan tərəfə boşboğazcasına atəşkəs və danışıqlarla bağlı öyüd-nəsihət verməkdənsə, işğalçıya yerini göstərsələr, həm regional, həm də beynəlxalq təhlükəsizliyə, sabitliyə, inkişafa və inteqrasiyaya yardım edərlər. Ancaq işğalçıya yardım və onun təcavüzkar davranışına göz yumulması buna imkan vermir. Azərbaycanın dövlət sərhədindəki təxribatı dəstəkləyənlər, həm də parlamentin binasına soxulmağa xeyir-dua verənlərdir. Beləliklə, yaxşı ki, indi o illər deyil. İndi Ermənistan vasitəsilə Azərbaycanda siyasi-sosial vəziyyətin dəyişməsi mümkün deyil. Bunu etməyə cəhd göstərənlər uduzacaq. İndi Azərbaycanın öz ordusu, səngərdə döyüşən, canından keçməyə hazır olan general-mayoru, polkovniki, əsgəri var. Dövləti, onun maraqlarını qoruyan, ərazisini işğalçıdan təmizləməyə hazır olan gənc nəsli var. Azərbaycan dövlətinin maraqlarını üstün tutan həmin insanlar sərhəddə başlayıb, parlamentin binası qarşısında davam edən təxribatın baş tutmasına imkan vermədi. "Report" Geri dön |