Ana Sayfa > Karusel / Sosial > Səhiyyə Nazirliyi: Evdə müalicə alan koronaviruslu vətəndaşlara yaxınları ilə xüsusi davranış qaydalarına əməl etmək tövsiyə olunur
Səhiyyə Nazirliyi: Evdə müalicə alan koronaviruslu vətəndaşlara yaxınları ilə xüsusi davranış qaydalarına əməl etmək tövsiyə olunur15-07-2020, 16:01. Yazar: Admin |
Səhiyyə Nazirliyi ev şəraitində müalicə alan COVİD-19 virusuna yoluxmuş vətəndaşlara onlarla birlikdə yaşayan yaxınları ilə xüsusi davranış qaydalarına əməl etməyi tövsiyə edib. Qarabaginfo.az xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, ölkədə COVİD-19 virusunun geniş yayılmasının qarşısını almaq məqsədilə Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova verdiyi onlayn müsahibə zamanı koronavirusa yoluxmuş yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində müalicə alarkən ailə üzvləri ilə davranış üçün tövsiyə olunan qaydalar haqda danışdı. Bu pasiyentlərin öz evlərində sahə həkimin nəzarəti altında müalicə alan zaman, ilk növbədə, ayrıca bir otaqda izolyasiya olunmaqları məsləhət görülür. Belə şərait olmadığı halda xəstənin yatağı digərlərdən ən azı 2 metr məsafədə olması məqsədəuyğundur. Nailə Daşdəmirova bildirib ki, xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə özləri və ətrafdakıları virusa yoluxmadan qorunmuş olurlar. Tibbi maskanı hər iki saatdan bir dəyişmək tövsiyyə olunur. İşçi qrupu tərəfindən tövsiyə olunur ki, COVİD-19-a yoluxmuş pasiyent yaşayış yerini tərk etmədən, 21 günlük karantinə riayət etməlidir. Bununla yanaşı, bu müddət ərzində koronavirusa yoluxmuş xəstə qohum və yaxınların vasitəsilə ərzaq və ya lazımi dərmanları market və aptekdən əldə edə bilər. Bu mümkün olmadığı təqdirdə bütün lazım olan məhsulları onlayn sifariş etmək də mümkündür. Onlayn müsahibədə, həmçinin, yüngül simptomlu və ya simptomsuz xəstələr üçün yeməyin hazırlanması zamanı riayət ediləcək gigiyenik qaydalar haqqında da bəhs olundu. İmuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. İnfeksiyaya yoluxmuş şəxsin yeməyini otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Və, təbii ki, öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır. Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü xəstənin şəxsi gigiyena vasitələri və yemək qablarının ayrı saxlanılmalı olduğunu bildirib. İnfeksiyaya yoluxmuş vətəndaş hansısa səbəbdən qaldığı otağı tərk etdiyi təqdirdə onun toxunduğu bütün əşyalar mütləq dezinfeksiya olunmalıdır. Covid-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli mayələr ilə təmizlənməlidir, xəstənin paltarları isə ayrıca 60 - 90 dərəcədə yuyulmalıdır, otaqlar tez-tez havalandırılmalıdır. Simptomsuz və ya yüngül simptomlu xəstələrə, onlarla eyni evdə yaşayanlara bol vitaminli meyvələr yemək tövsiyyə olunur. Sahə həkimi gündə 2 dəfə COVİD-19 testi pozitiv nəticə vermiş vətəndaşlar və onların ailə üzvləri ilə əlaqə yaradıb, onları nəzarət altında saxlayır. Buna görə də, pasiyent və yaxınlarına həkimin xəbəri olmadan hər hansı tibbi prepartı qəbul edib, özünümüalicə ilə məşğul olmaq tövsiyə olunmur. Onlayn müsahibəsində Səhiyyə Nazirliyinin isçi qrupunun üzvü Nailə Daşdəmirova COVİD-19 viruslu xəstələrə və onlarla birlikdə yaşayan yaxınlarına ev şəraitində aktiv qalmağı, idmanla məşqul olmağı, stresdən uzaq qalaraq, pozitivliyə köklənməyi məsləhət görüb. “Karantin müddəti ərzində özünüzü və yaxınlarınızı qorumağa çalışın və bütün qaydalara riayət edin! Unutmayın ki, sizin məsuliyyətiniz hamımızın sağlamlığıdır” sözləri ilə Nailə Daşdəmirova müsahibəsini bitirib. Geri dön |