Ana Sayfa > Karusel / Qarabağ / Yazar > Qisas qiyamətə qalmadı - Rəna İbrahimova yazır
Qisas qiyamətə qalmadı - Rəna İbrahimova yazır21-11-2022, 14:59. Yazar: Admin |
Xalq olaraq tariximiz, varlığımız nə qədər qədimdirsə, qəhrəmanlıq salnaməmiz də bir o qədər qədimdir. Əsrlərdən bu yana bütün yüzilliklərdə işğalçılarla mübarizə xalqımızın amalı olub.
1980-ci ilin sonlarından bu günə qədər minlərlə oğullarımız torpaqlarımız uğrunda mübarizə apararaq şəhid olublar. Öz canlarından keçərək əbədiyyətə qovuşan şəhidlərimiz bizim and yerimiz, qürur mənbəyimiz olublar. Onlar böyük bir məktəb qoyublar özlərindən sonra. Böyüyən nəsil həmin qəhrəmanların fədakarlıqları ilə böyüyür. Onların yaşadıqları qısa həyat yolu, tərcümeyi-halı, döyüş yolu indiki nəslimizin örnək vasitəsinə çevrilib. Belə olmasaydı biz 44 günlük Vətən Müharibəsində zəfər çalmazdıq. Bu müharibəyə yollanan oğulların hər birinin özünün bir qəhrəmanı vardı. Özlərini onlara bənzətmək istəyirdilər. Ağır taleli xalqımızı ağır sınaqlardan məhz bu müqəddəs ənənə çıxartdı. Bu ənənəni bizlərə miras qoyan qəhrəman şəhidlərimizdən biri də Məmmədov Elxan Kərim oğludur. Adı əbədiyyətə yazılan, vətən naminə canından keçən, öz doğma yurdunu yadlardan qoruyaraq olduqca gənc yaşlarında şəhid olan Məmmədov Elxan Kərim oğlu 1964-cü ildə Laçın rayonunun Seyidlər kəndində anadan olmuşdur.
1981-ci ildə Seyidlər kənd orta məktəbini bitirmşdir. 1983-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1986-cı ildən Laçın Rayon Təmir-Tikinti idarəsində işləmişdir. Erməni silahlı qüvvələrinin ölkəmizə ərazi iddiaları ilə əlaqədar rayonun müdafiəsi üçün təşkil olunmuş özünümüdafiə dəstələrində mübarizəyə başlamışdır.
1990-cı il noyabrın 21-də ermənilərin Zabux kəndinə hücumunun qaşısını alarkən şəhid olmuşdur. Laçın rayonunun Seyidlər kəndində dəfn olunmuşdur. Ailəli idi. Ölümündən 40 gün sonra doğulan oğlu Elxanın adını daşıyır.
Elxanla bərabər qardaşları Teyyub, Etibar və Rauf Məmmədovlar Qarabağ müharibəsində döyüşlərdə iştirak etmişdilər.
28 ilə yaxın bir zaman kəsiyində 20% torpaqlarımız düşmən tapdağı altında qaldı. Elxanın doğulub boya-başa çatdığı, şəhid olarkən elə həmin o tarpaqda da dəfn olunduğu Seyidlər kəndi anasının, əzizlərinin həsrət yeri idi. Nə əl çatır, nə ün yetirdi. Elxan yalnız yaddaşlarda, anasının göz yaşlarında, qübar olub yara bağlayan köksündə və onu tanıyan yaxınlarının, dostlarının ürəyində idi.
İndi Məmmədov Elxanın uyuduğu Seyidlər kəndi həm də uğrunda şəhid olduğu Zabux azaddır- onun ruhu kimi. Yenidən bərpa olunan şəhidimizin qəbri yurddaşlarının ziyarətgahına çevrilib indi. Seyidlərin, övliyaların, peyğəmbər övladlarının adı qədər uca olsun şəhidimizin adı!
Bu heç də böyük olmayan kənd Birinci Qarabağ müharibəsinin daha bir şəhidi Abdullayev Oktay Asif oğlunun da uyuduğu müqəddəs məkandı.
Ruhunuz azad və şaddır, əziz şəhidlərimiz! Qisas qiyamətə qalmadı! Uğrunda canınızı fəda etdiyiniz torpaqlarımız azaddır!
Geri dön |