Ana Sayfa > Karusel > Məcburi köçkünlərin 6,5 milyonluq borcunun aqibəti necə olacaq?
Məcburi köçkünlərin 6,5 milyonluq borcunun aqibəti necə olacaq?18-11-2022, 10:19. Yazar: Admin |
Azərbaycanda qaçqın və məcburi köçkünlərin “Azəristiliktəchizat” ASC-yə külli miqdarda borcu var. Qurumun bir neçə gün öncə açıqladığı rəsmi statistikaya əsasən, noyabrın 1-dək qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 489,4 min manat ödənilməmiş borc qeydə alınıb.
“Təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan deyil. Məsələn, sözügedən rəqəmlər Nəsimi rayonu, Topçubaşov küçəsi, 23a ünvanında 20,7 %, Xətai rayonu, Telnov (Lütfizadə) küçəsi, 7 ünvanında 19 %, Sabunçu rayonu, 4094-cü məhəllə, bina 6 ünvanında 5,4 % Suraxanı rayonu, Hafis Quliyev küçəsi, 22 ünvanında 10,1 %, Yasamal rayonu, Parlament prospekti, 1 ünvanında 11,6 % Yasamal rayonu, Zahid Xəlil küçəsi, 17 ünvanında 17,8 %-dir”, - “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
İllərlə yığılıb qalmış borcun aqibəti necə olacaq?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
Bildirilib ki, bu məbləğ təbii qaz, elektrik enerjisi, istilik, su və məişət tullantıları ilə bağlı xərclərin məcburi köçkünlər tərəfindən ödənilməsi üçün nəzərdə tutulub:
“Qeyd edək ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün istifadəyə verilmiş qəsəbələr və yaşayış komplekslərində onların istifadə etdikləri kommunal xidmətlərə görə vəsait aidiyyəti dövlət qurumları tərəfindən yığılır. Kommunal xidmətlərdən istifadəyə görə vəsaitlərin yığılması Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir”.
Bəs, 6,5 milyon manatlıq istilik borcu bağışlana bilərmi?
Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov hesab edir ki, borcun məbləğinin artmasında hər iki tərəfin, həm köçkünlərin, həm də “Azəristiliktəchizat”ın günahı var. Deputat borcların bağışlanmasını təklif edib:
“İlk olaraq “Azəristiliktəchizat” borclarla bağlı vətəndaşlara düzgün sistem təqdim etməlidir. Əgər beşinin borcu varsa, beşinin borcu yoxdursa, buna görə hamını günahlandırmaq olmaz. Kütləvi şəkildə vətəndaşları məhkəməyə vermək mümkün deyil. Amma vətəndaşlar da günahkardır. Onlara kommunal xərcləri ödəmələri üçün adambaşı 60 manat müavinət ayrılır. Bu məbləğlə kommunal xərclərini ödəmələri mümkündür. Düşünürəm ki, azad olunmuş bölgələrə köç zamanı bu istiqamətdə dövlət səviyyəsində tədbirlər görüləcək. Məncə, borcların silinməsi istiqamətində addımlar atılmalıdır”. Geri dön |