Ana Sayfa > Karusel / Qarabağ > Ermənilərin basdırdığı minaları siçovullar aşkarlayacaq

Ermənilərin basdırdığı minaları siçovullar aşkarlayacaq


17-11-2022, 17:20. Yazar: Admin
Ermənilərin basdırdığı minaları siçovullar aşkarlayacaq

Azərbaycana minatəmizləmə əməliyyatları ilə əlaqədar siçovullar gətiriləcək. Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, ilkin plana əsasən, növbəti ilin mart ayında test məqsədilə siçovulların ölkəmizə gətirilməsi nəzərdə tutulub.

 

 “Əgər effektiv olsa, onlardan istifadə edəcəyik”, - deyə Agentlik rəhbəri vurğulayıb.

 

Maraqlıdır, siçovullar minaları necə aşkar edirlər?

 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri, mina üzrə mütəxəssis Hafiz Səfixanov bildirib ki, minatəmizləmə prosesində siçovullardan istifadə beynəlxalq təcrübəyə əsaslanır.

 

 

Onun sözlərinə görə, Afrikanın və Cənubi Şərqi Asiya ölkələrinin bəzilərində siçovullardan minatəmizləmə işində istifadə olunub:

 

“Demək olar ki, onlardan istifadə müəyyən qədər effekt verib. Bu, ilk dəfə Azərbaycanda sınanacaq metod deyil. Onların hazırlanması da minaaxtaran itlərin hazırlanması metodu ilə eynidir. Belə ki, siçovullar iyləyərək minaların yerini tapa bilirlər. Siçovulların yeminə minanın tərkibində olan maddələrdən qatılır. Müəyyən həddə çatdıqda isə onlar proseslərə cəlb olunurlar. Nəticədə siçovullar minaların yerini iyləyərək müəyyən edirlər. Bundan sonra minaaxtaran şəxs əraziyə müdaxilə edir və aşkarlanan mina zərərsizləşdirilir”.

 

Bəs, siçovullardan istifadə Azərbaycanda da effekt verəcəkmi?

 

H.Səfixanov cavabında deyib: “Bu,həqiqətən geniş yayılmış metoddur. Siçovullar sınaq üçün ölkəyə gətiriləcək. Hər şey sınağın sonunda məlum olacaq. Ancaq onların da fəaliyyətinin effektivliyi müəyyən parametrlərdən asılıdır. Yəni onların effektiv olub-olmaması havanın temperaturu, nəmişliyi kimi məsələlərlə bağlıdır”.


Geri dön