Ana Sayfa > Karusel / Qarabağ > “Erməni separatçıları Topxanadan qovdurub Meydandakı qərargaha məlumat verdim...”

“Erməni separatçıları Topxanadan qovdurub Meydandakı qərargaha məlumat verdim...”


17-11-2022, 14:06. Yazar: Admin
“Erməni separatçıları Topxanadan qovdurub Meydandakı qərargaha məlumat verdim...”
“Cıdır düzü şuşalılarla dolu idi. Onlar bizim Topxanaya gəlişimizi alqışlarla qarşıladılar...” 
"Bu söhbətlər bəlkə də indi çoxlarına adi görünə bilər. Ancaq o dövrdə bu işləri görmək hər kişinin işi deyildi..."
 
34 il öncə məhz bu gün- tariximizə Milli Dirçəliş günü kimi daxil olan noyabrın 17-də Azərbaycan ərazisində həm sovetlər imperiyası, həm də ermənilərin işğalçı niyyətlərinə qarşı kütləvi hərəkat başlanırdı. Azadlıq meydanında keçirilmiş və tarixdə sonradan müəyyən qüvvələrin milli azadlıq davasından kürsü, hakimiyyət davasına çevirdiyi Meydan hərəkatı kimi qalmış mitinqləri alovlandıran qığılcımlardan biri də  Şuşa yaxınlığındakı Topxana meşəsində hayk separatçı və ekstremistləri tərəfindən qanunsuz tikinti işlərinə başlanması oldu. Bəzi məlumatlarda orada alüminium zavodunun tikildiyi bildirilirdi. Əslində isə belə tikintiləri bəhanə edən düşmənlərimiz gələcəkdə işğalçı müharibəyə başlamaq üçün torpaqlarımıza silah-sursat daşımaqla məşğul idilər. Tikinti gedən əraziyə silahlı ermənilər də keşik çəkirdi...
 
17 noyabr 1988-ci ildə Bakıda başlanmış ilk mitinqin tələblərindən biri məhz Topxana meşəsinin qırılmasıyla müşayiət olunan həmin tikintinin dayandırılması idi. Lakin Azərbaycan rəhbərliyinin tələblərinə rəğmən o günlər Qarabağda Moskvaya canişinlik edən Arkadi Volski “KQB” planlarına uyğun şəkildə erməni millətçilərini himayə etdiyindən bu tikntinin dayandırılmasına imkan vermirdi.  Amma buna rəğmən o günlər Şuşaya gələn nazirlərimizdən biri həm Volski, həm də erməni məmurların inadına rəğmən separatçıların Topxanadan çıxarılmasına nail oldu... Bəs həmin nazir kim idi? Əslində Topxanada nə baş verirdi?..
 
1988-1992-ci illərdə ölkə rəhbərlərinin tapşırıqlarına əsasən Qarabağ ərazisində ərazilərimizin işğaldan müdafiəsi naminə aktiv fəaliyyət göstərmiş sabiq Ədliyyə naziri və Prezidentin Qarabağ üzrə keçmiş səlahiyyətli nümayəndəsi(aprel-iyun 1992-ci il) Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” adlı kitabındakı “Topxanada tkinti işləri dayandırıldı” başlıqlı bölməsində deyilənlərdən bəlli olur ki, Şuşamızın bu məşhur məkanında haykların qanunsuz işlərinin dayandırılmasına nail olan məhz bu yüksək vəzifəli məmurumuz olub...
 
“Ağdam şəhərinin mərkəzində Topxana meşəsində aparılan tikinti işlərinə görə izdihamlı mitinqlər gedirdi. Mitinqçilərdən iki nəfər, Azərbaycan SSR nazirlər Sovetinin sədr müavini Dadaş Asanov, Ağdam aeroportunun rəisi Məzahir Məmmədov və mən 1988-ci il noyabrın 23-də vertolyotla Topxanaya uçduq... 
 
Cıdır düzü şuşalılarla dolu idi. Onlar bizim Topxanaya gəlişimizi alqışlarla qarşıladılar. (Müəllifin əlavə qeydi: Şuşalılar Topxanaya Daşaltı dərəsinin o tayında üzbəüz yerləşən Cıdır düzündən tamaşa edirdi)...
 
Həmin günləri Ağdam aeroportunun rəisi Məzahir Məmmədov belə xatırlayır:
 
“Yaxşı yadımdadır, 1988-ci ilin noyabr ayı idi. Bütün xalq ayağa qalxmışdı. Mitinqlərdə ermənilərin Topxana meşəsində tikinti aparmalarına etiraz səsləri ucalırdı. O vaxt birbaşa Bakının Azadlıq meydanından Ağdamda olan Əlisaab müəllimə zəng edib Topxanada tikinti işlərinin gedib-getməməsini soruşurdular...
 
Ə.Orucov D.Asanovla Topxana meşəsinə getməyi qərara alır. Həmin vaxt, yəni  22 noyabr 1988-ci ildə Şuşikənd(hazırda Xocalı rayonuna daxil olan və ermənilərin yaşadığı  Şuşakənd-S.L.)  yaxınlığında onların getdiyi maşın ermənilər tərəfindən atəşə tutulduğu üçün onlar Topxanaya keçə bilməyərək Ağdama qayıtmışdılar...
 
23 noyabr 1988-ci il idi. Ağdamın mərkəzində Topxana ilə əlaqədar mitinqdə iştirak edən Nazirlər Sovetinin sədr müavini, D.Asanov, Ə.Orucov, mən və iki nəfər ağdamlı cəbhəçi  mitinq iştirakçısıyla Topxanaya uçduq. Topxananın yaxınlığındakı Cıdır düzündə mitinqə minlərlə insan toplaşmışdı. Hələ yerə enməmişdik. Xoşagəlməz hadisənin baş verəcəyindən ehtiyat edən yol yoldaşlarımızdan biri yerə enmədən,  geri qayıtmağı təklif etdi. Bunu eşidən Əlisaab Orucov nazir kimi baş verə biləcək hadisələrə görə bütün məsuliyyəti öz üzərinə götürərək qətiyyətlə yerə enməyi əmr etdi...
 
Yerə endik... Bir an içində hər kolun dalından bir silahlı erməni çıxdı. Orucov əmr etdi: 
“Mülki şəxslər düşsün, hərbçilər isə vertolyotda qalıb əmrimi gözləsinlər”...
 
Əslində, vertolyotda onu idarə edən heyətdən başqa heç kim yox idi. Amma Əlisaab müəllimin bu sözləri erməni silhalılarına güclü təsir etdi və onlar yerlərindəcə dayandılar. Ə.Orucov sağ əlini sırıqlısının yaxalığının qoynuna soxaraq birbaşa, sürətlə tikinti meydanına tərəf irəlilədi. Artıq bir metrdən çox divar ucaldılmışdı. Üz-gözündən zəhrimar yağan bir erməni qabağa çıxıb soruşdu ki, sizi buraya kim göndərib? Volskinin və Maksim Qriqoryanın(o vaxtlar M.Qriqoryan Xankəndi şəhər sovetinin sədri idi) sizin bura gəlişinizdən xəbərləri və icazələri varmı? Ə. Orucov şəstlə: “İcazəni verən mənəm!”- deyib onların səsini kəsdi.  Ədliyyə naziri qəti şəkildə ermənilərə bildirdi ki, burada heç bir tikinti işləri aparılmayacaq, gətirdiyiniz daşları da buradan sizə çiyninizdə daşıtdıracağam, hər bir kəsilən ağac üçün də cavab verməli olacaqsınız. Ermənilər isə: “Biz buradan çıxan deyilik”-deyə inad edirdilər. Lakin Ə.Orucov qətiyyətlə onlara bir saat müddətinə Topxananı tərk etməyi əmr etdi. Ermənilər çəkilib getdilər... Bundan sonra biz Ağdama qayıtdıq... Ertəsi gün artıq ermənilər Ə.Orucovdan A.Volskiyə şikayət etmişdilər. Ona görə də Volski Ədliyyə nazirini milli ədavəti qızışdırmaqda, millətçilikdə təqsdirləndirirdi və ona açıqca belə bir sualla müraciət etmişdi: “Məgər respublikada sizdən başqa rəhbər yoxdur?” Bu mübahisə nə qədər dramatik, ağır, gərgin olsa da, nəticədə A.Volski Topxanada tikinti işlərinin dayandırılmasına əmr verməyə məcbur oldu. Hətta sonralar rəhmətlik Alı Mustafayevlə birlikdə vertolyotla Topxanaya uçduq və o yerləri videolentə aldıq. Artıq Topxanada bir nəfər də erməni yox idi. Bu söhbətlər bəlkə də indi çoxlarına adi görünə bilər. Ancaq o dövrdə bu işləri görmək hər kişinin işi deyildi. Topxananı o vaxt yağıların pəncəsindən Əlisaab Orucov xilas etdi... Əlisaab Orucovun Topxanada ermənilərin, M.Qorbaçovun və A.Volskinin ünvanına söylədiyi ittihamlar Kreml canişinini yaman qəzəbləndirmişdi. Amma Volski Orucovu Topxananın yerləşdiyi Şuşakəndin erməni sovet sədrinin ondan yazdığı şikayət ərizəsi ilə tanış edib izahat istədikdə o, bundan imtina etmişdi. Qəzəblənmiş Volskinin tələbi ilə SSRİ Prokurorluğunun orada olan mühüm işlər üzrə müstəntiqi V.Komarov da Ə.Orucovu sorğu-sual etməyə cəhd etdikdə nazirimiz ona da izahat verməmişdi...” 
 
Müəllif  Əlisaab Orucovdan bəzi suallarımızı cavablandırmağı xahiş etdik.
 
-Əlisaab müəllim, necə oldu ki, 22 noyabr 1988-ci ildə siz Şuşakənddən keçərək Topxanaya gedə bilmədiniz?
 
-Həmin gün  Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini Dadaş Asanov, keçmiş Dağlıq Qarabağ vilayət partiya komitəsinin rəhbəri Rafiq Babayan, Xankəndi şəhər sovetinin sədri Maksim Qriqoryanla bərabər avtomobil yoluyla Topxanaya keçmək mqəsədi ilə Şuşakəndə yollandıq. Erməni rəhbər işçilər bizim qarşımızda başqa avtomobildə gedirdilər.  Şuşakəndə girişdə ermənilər şlaqbaum qoymuşdu. Oraya çatan kimi ətrafdan erməni kişilər, arvadlar tökülüşərək yolumuzu kəsib söyüş söyməyə, maşınlara tüpürməyə başladılar. Əvvəlcə öncəki maşında da azərbaycanlı məmurların olduğunu düşünərək Babayan və Qriqoryana qarşı da eyni hərəkətləri etdilər. Lakin maşındakı riyakar erməni məmurlar əlləri ilə arxanı, yəni bizim maşını göstərdilər. Bundan sonra avtomobilimizə ağacla, daşla hücum etdilər. Bu vaxt arxadan bir “ZİL” markalı yük maşınının da yaxınlaşdığını görüb anladım ki, separatçılar bizim avtomobili əzərək bizi qətlə yetirmək fikrindədirlər. Buna görə də məcbur olub sürücüyə Xankəndinə doğru geri qayıtmaq göstərişi verdim... 
 
-Topxanadan separatçı ermənilərin çıxardılması məqsədi ilə Xüsusi İdarə Komitəsinin rəhbəri A.Volskiyə müraciətinizi o, necə qarşılamışdı?
 
-Biz 1988-ci il noyabrın 22-də erməni separatçılarının Şuşakənddə yolu kəsməsi nəticəsində Topxanaya getməyə nail ola bilmədikdən sonra ertəsi gün - noyabrın 23-də Ağdamdakı mitinqdən vertolyotla Topxanaya uçub oradakı erməniləri işləri dayandırmaları üçün xəbərdar etdik. Saqqallı yaraqlılara bildirdim ki, siz buradakı tikinti bəhanəsi ilə Şuşa ətrafına silah-sursat daşıyıb yerləşdirirsiz. Həmin silahları da dövlət orqanlarına təhvil verib buradan çəkiməlisiz. Lakin onlar həmin vaxt Topxananı tərk etsələr də, az sonra məlum oldu ki,  Volskiyə güvəndiklərindən yenidən qayıdıb işlərini davam etdirirlər. Bundan sonra mən Xankəndində Volski ilə görüşdüm və Moskva canişininə qətiyyətlə bildirdim ki, Topxanada separatçıların qanunsuz tikintini dayandırmaları üçün  göstəriş verməlisiniz. Lakin o, cavab verdi ki, bunu durdurmaq mümkün deyil, çünki azərbaycanlılar da Xocalıda, Malıbəylidə fabrik, ev tikintisi ilə məşğuldur. Cavabında Volskiyə bildirdim ki, artıq deyilən yerlərdə tikinti işləri dayandırılıb. Mən özüm Volski ilə görüşdən əvvəl Xocalı və Malıbəylidə tikinti işlərinin bir neçə saatlıq dayandırılmasına göstəriş vermişdim. Ona görə ki, Volskinin göstərişi ilə keçmiş vilayətin erməni rəhbərliyi həmin yerlərdə yoxlama apara bilərdi. Qorbaçovun canişinini bu haqda məlumatlandırdıqdan sonra da o, Topxanaya hərbçi göndərərək oradakı işləri dayandırmaqdan imtina etdi ki, guya bu, çətin məsələdir. Lakin noyabrın 24-də  mən yenidən Xankəndinə qayıdaraq Volskiyə inad etdim ki, əgər siz bu qanunsuz tikintini durdurmağı bacarmayacaqsızsa, onda bu vəzifədə nə üçün oturmusuz. Bundan sonra Volski Topxanaya hərbçilərin göndərilməsi haqda göstəriş verdi. Sovet hərbçilərinin arxasınca mən də hər şeyi öz gözümlə görüb əmin olmaqdan ötrü Şuşaya getdim. Molla Pənah Vaqifin abidəsinin yanında maşınlardan düşərək Cıdır düzü tərəfə hərəkət etdik. Hərbçilər oradan piyada Topxanaya doğru irəlilədilər, mən isə Cıdır düzündən onları müşahidə etdim. Doğrudan da onlar oradakı erməni silahlı və inşaatçıları kənarlaşdırıb ətrafa mühafizə dəstəsi yerləşdirib geri döndülər...
 
-Həmin vaxt Azərbaycanın rəhbəri olan Əbdürrəhman Vəzirovun Topxana ətrafında baş verən proseslərdən məlumatı var idimi? O, sizinlə əlaqə saxlayırdımı? 
 
-Xeyr... Yalnız Bakıda Azadlıq meydanındakı qərargahdan mənimlə əlaqə saxlayaraq Topxanadakı vəziyyəti öyrənir, onlara məlumat verməyimi xahiş edirdilər. Mən də Topxanada erməni separatçıların fəaliyyətinin durdurulmasına nail olduqdan sonra telefonla  həmin qərargaha məlumat verdim...
 
 Prezidentin Qarabağ üzrə keçmiş səlahiyyətli nümayəndəsinin 34 il öncə - 1988-ci ilin bu günlərində Qarabağda baş verənlər haqdakı yazdıqları və söylədiklərindən belə nəticəyə gəlmək olur ki, bu gün də Kremlin və onların dəstək verdiyi işğalçı və separatçı, revanşist xislətli haykların haqsız və ədalətsiz olduğu qədər də məkrli və hiyləgər addımları qarşısında yalnız qəti və inadlı mübarizə nəticəsində biz keçmiş Dağlıq Qarabağ ərazisində dövlətimizin yurisdiksiyasını tam bərpa edə və o torpaqlarımızın əsl mənada sahibi ola bilərik...
 
Təqdim və şərh etdi: 
 
Sultan Laçın
Moderator.az

Geri dön