Ana Sayfa > Karusel / Müsahibə > “Atam dedi ki, onların sifətinin belə əcaib hala düşməsini görmək...” 

“Atam dedi ki, onların sifətinin belə əcaib hala düşməsini görmək...” 


10-11-2022, 15:19. Yazar: Admin

“Atam dedi ki, onların sifətinin belə əcaib hala düşməsini görmək...” 

Mərhum Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Əməkdar jurnalist Elçin Şıxlının Yenisabah.az-a müsahibəsi:

- Elçin bəy, son günlər yazıçı Əkrəm Əylislinin Yazıçılar Birliyinin qurultayı barədə dedikləri gündəm oldu. O, atanız, yazıçı İsmayıl Şıxlının vəzifədən getməsi ilə bağlı bəzi sirləri də açdı. Dedikləri nə dərəcədə həqiqətdir?

- Əkrəm Əylislinin dedikləri nə dərəcədə doğrudur, onu özü daha yaxşı bilər, amma ümumilikdə dedikləri həqiqətə uyğundur.

- Əkrəm müəllim İsmayıl Şıxlının tapşırıq əsasında vəzifədən çıxarıldığını deyir. Onun Həsən Həsənov və Kamran Bağırovla problemi nə idi?

- Kamran Bağırovla İsmayıl Şıxlının heç bir problem olmayıb. Atam 1987-ci ildə, tutduğu vəzifədən istefa verəndən yarım il sonra onu deputat etdilər.  Əgər problemləri olsaydı, belə olmazdı. Onlar SSRİ vaxtı atamın deputat olmağına mane olmadılar. 1990-cı ilə qədər o, Laçından deputat oldu. 90-cı il seçkilərində Ulu Öndərimiz ən çox səs toplamışdı, ikinci ən çox səs toplayan isə İsmayıl Şıxlı idi. Bu Kamran Bağırovla atam arasında olan münasibətlərə aiddir, onunla hər hansı problem yaşamayıb.

- Amma Baba Vəziroğlu Əkrəm Əylislinin dediklərini təkzib etdi...

- Baba Vəziroğlunun dediyində özü-özünü inkar var. Gah deyir İsmayıl Şıxlını çıxarmaq istəmirdik, gah da deyir yerinə daha gənc, bizə yaxın olan birini gətirmək istəyirdik, buna görə inqilab edirdik. Bu elə o deməkdir ki, İsmayıl Şıxlını çıxarmaq istəyirdilər. Bunu insanlar özü qiymətləndirsin…

- Bəs İsmayıl Şıxlının Yazıçılar İttifaqından getməsinə əsas səbəb nə idi?

- İsmayıl Şıxlının Yazıçılar İttifaqından getməyinin əsas səbəbi özünə yaxın bildiyi adamların, ümumiyyətlə, oradakı cameənin vəzifəyə görə insanlıq cildindən çıxmasını görmək istəməməsi idi. Təsəvvür edin ki, sizin çox yaxın bildiyiniz bir şəxs haqqınızda böhtan dolu yazılar yazır və bunu mərkəzi mətbuatda çap etdirir. O vaxt mərkəzi mətbuatlarda İsmayıl Şıxlının əleyhinə böhtan dolu nə qədər yazı getdi. Özü də onları yazanlar yaxın bildiyi insanlar idi. Bunları görüb gəldi dedi ki, mən bu şəraitdə, insanların sifətinin belə əcaib hala düşməsini görmək istəmirəm, onlara inamımı itirirəm. Onun xeyli planları var idi, 1986-cı ildə onu seçdilər. Sonra isə elə onu seçənlər ona qarşı oldular.

1965-ci ildə atam üçüncü katib seçilmişdi. Üçüncü katib seçilmək üçün yuxarıların razılığı olmalı idi və üç nəfər sanballı şəxs seçilirdi. O, 1965-ci ildə seçildi, 68-də isə intriqalar olmasın deyə istefa verdi. Ümumiyyətlə, atamın intriqalardan zəhləsi gedirdi. O, işləmək istəyirdi.

Daha sonra onu “Azərbaycan” jurnalının baş redaktoru seçdilər, orada da iki il işlədi, oranın zir-zibilini təmizlədi, “kukla” etdi, sonra Əkrəm Əylisliyə vəzifəsini ötürüb, işdən çıxdı.

- Baş redaktor vəzifəsindən istefa etməsinə səbəb nə idi?

- Çünki yaşlı yazıçılar, Xalq yazıçıları, şairlər özlərinin əsərlərinin dərhal çap olunmasını istəyirdilər. Jurnal da ayda bir dəfə çıxırdı, hər şeyi əvvəlcədən planlayırdılar. İsmayıl Şıxlı o yazıçılara deyəndə ki, yazılar bu nömrədə yox, digər sayıda çıxacaq, onda davalar başlayırdı. Gedib İmran Qasımova şikayət edirdilər, hay-küy qaldırırdılar. İsmayıl Şıxlı da dedi ki, işləməyimi istəyirsinizsə, qayda belədir, yaxşı əsərdirsə, bəyənilibsə, onun müəllifinin Xalq yazıçısı, yaxud sadə bir yazıçı olmasının fərqi yoxdur.  Əsər yaxşıdırsa, bu sayıda gedəcək. Hər şey sıra ilə olacaq.

1987-ci ildə Yazıçılar İttifaqından getməsi atamın üçüncü istefası idi, o həmişə istefa verib gedib. Onun üçün vəzifə heç nə idi. Ətrafda intriqalar gedirdi, o bunların hamısından xəbərdar idi. Dəfələrlə ona yaxın bildikləri badalaq vurdu. Sonda isə dedi ki, mən belə şəraitdə işləmək istəmirəm.

- Əkrəm Əylisli dedi ki, İsmayıl Şıxlı o vaxt vəzifədən getmək fikrində deyildi. Həqiqətənmi istəmirdi?

- Bəli, İsmayıl Şıxlı 1986-cı ildə getmək fikrində deyildi. Amma sonradan vəziyyəti gördü, dedi ki, istəmirəm. Mən bu işlərin içində olmuşam deyə, detalları bilirəm. 1987-ci ildə Həsən Həsənov Mərkəzi Komitənin Tikinti və Sənaye üzrə katibi idi. İdeologiya üzrə katib Ramiz Mehdiyev idi. Bu proseslərə Həsən Həsənovun nə dərəcədə müdaxilə etdiyini deyə bilmərəm, amma Ramiz Mehdiyevin müdaxilə etdiyini və bu proseslərə təkan verənlərdən biri olduğunu əminliklə söyləyə bilərəm.


Geri dön