Ana Sayfa > Karusel / İqtisadiyyat > Laçında 50 milyard dollarlıqdan çox ehtiyata malik qızıl yatağı varmı?..-ETSN rəsmisi...

Laçında 50 milyard dollarlıqdan çox ehtiyata malik qızıl yatağı varmı?..-ETSN rəsmisi...


8-11-2022, 12:25. Yazar: Admin
Laçında 50 milyard dollarlıqdan çox ehtiyata malik qızıl yatağı varmı?..-ETSN rəsmisi...
"Yəqin ki, rayon ərazisi minalardan tam təmizləndikdən sonra orada təkrar olaraq  geoloji kəşfiyyat işləri aparılacaq. Allah eləsin, ermənilərin dedikləri təsdiq olunsun”.
 
Xəbər verdiyimiz kimi(bax: //moderator.az/az/ekskluziv/567027/lacinda-50-milyard-dollardan-cox-ehtiyati-olan-neheng-qizil-medeni-vardi-ermeni-jurmalist/),  Ermənistanın "Hraparak" nəşrinin yazdığına görə, noyabrın 5-də paytaxt İrəvanda Rusiyayönlü müxalifətin təşəbbüsü ilə  "Artsaxa dəstək" şüarlarıyla keçirilən mitinqdəki çıxışında erməni jurnalist Nairi Xoxikyan aksiya iştirakçılarına belə bir məlumat çatdırıb:
 
"Böyük qızıl ehtiyatlarından biri Qarabağdadır, biz Mardakerti(Ağdərə-S.L.)də  çox yaxşı tanıyırıq. Berdzorda(Laçında-S.L.) 50 milyard dollarlıqdan çox qızıl ehtiyatı olan nəhəng qızıl mədəni var". 
 
Erməni jurnalistin sözlərinə görə,  həmin yatağı Laçın rayonu işğaldan azad olunduqdan sonra Azərbaycan hökuməti aşkarlayıb.

Ermənilərin bu məlumatı hansı siyasi məqsədlərlə yayması başqa söhbətin mövzusudur. Bəs görəsən, Laçın rayonu ərazisində qızıl yataqlarının olması ehtimalı haqda Azərbaycanın rəsmi qurumlarında hansı məlumatlar var?..

Onu da deyək ki, 2020-ci il dekabrın 1-də Rusiya  “sülhməramlı”larının nəzarətinə verilmiş təxminən 35 kv.km-lik “Laçın dəhlizi” istisna olmaqla Laçın rayonunun əksər ərazisinin işğaldan azad edilməsinsən sonra Azərbaycanın bəzi iqtisadi ekspertləri öz açıqlamalarında rayonun faydalı qazıntıları haqda təxminən belə bir məlumat veriblər: “Laçın rayonunda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları var…”

Moderator.az əməkdaşının mövzu ilə bağlı müraciət etdiyi  Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) nəzdindəki Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov isə  öz açıqlamasında bu məlumatları  verib:

“Bilirsiniz, erməni mənbələri müxtəlif məqsədlərlə hər cür dezinformasiya yaya bilər.  Əlimizdə olan rəsmi məlumat isə ondan ibarətdir ki, sovet dövründə, yəni 1990-1991-ci ilədək Laçın rayonu ərazisində rəsmən cəmi 40 adda yataq kəşf olunub. Onlar arasında qızıl yatağı yoxdur. Amma təzahürlər var ki, onlar da hələ tam təsdiqini  tapmayıb. Təzahür nə deməkdir? Tutaq ki, hansısa dağın bir hissəsindən qızılın əmələgəlmə nümunələri götürülür və ehtimal olunur ki, həmin yerdə qızıl ola bilər… 

44 günlük müzəffər savaşımız nəticəsində işğal altındakı torpaqlarımızın, o cümlədən Laçın rayonunun əksər ərazisinin azad olunmasından sonra,  2020-ci ilin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları işğaldan azad ərazilərdə montorinq apardı. Həmin monitorinq də mən də iştirak etdim. Monitorinq zamanı müəyyən olundu ki, işğal dövründə ermənilər tərəfindən  Zəngilan rayonundakı Vejnəli qızıl yatağında qanunsuz istismar aparılıb və 2,1 tona yaxın, Kəlbəcərdəki qızıl yataqlarında isə təxminən 45 ton qızıl hasil edilib. Laçın rayonu ərazisində işğalçılar yalnız bir qum-çınqıl yatağını istismar ediblər. Rayondakı digər hansısa yataqda iş aparılması müəyyən olunmayıb. Ancaq öncə dediyim kimi, Laçın rayonu ərazisində qızıl yatağı olması ehtimalları var. Hələlik isə bu ərazidə rəsmən qızıl yatağı qeydə alınmayıb. Yəqin ki, rayon ərazisi minalardan tam təmizləndikdən sonra orada təkrar olaraq  geoloji kəşfiyyat işləri aparılacaq. Allah eləsin, ermənilərin dedikləri təsdiq olunsun”.

“Erməni mənbələri  Laçın rayonu ərazisində hətta uran yataqları olduğunu deyirlər” fikrinə isə agentlik rəsmisi belə  münasibət bildirib:

“Laçın rayonu ərazisində qızıl yataqları kimi, uran yataqlarının olması haqda da heç bir rəsmi sənəd yoxdur. Buna da ehtimallar ola bilər. Sovet dövründə də geoloji kəşfiyyat işləri aparıldıqdan sonra hansısa ərazidə hər hansı bir yataq olması tam elmi təsdiqini tapandan sonra o haqda informasiya həm Azərbaycandakı geoloji fondda, həm də Moskvadakı ittifaq geoloji fondda saxlanılırdı.  Müstəqillik illərində də isə həmin fond geoloji informasiya və arxiv fondu adlanmaqla  ETSN nəzdinə daxil edilib. Və həmin fondda da belə bir məlumat yoxdur”.

 ETSN Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürovla yalnız Laçın deyil, ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərindəki  nadir metal və digər faydalə qazıntı yataqları barədəki maraqlı söhbətimizlə yaxın müddətdə tanış ola bilərsiniz.

Moderator.az-ı izləyin!..

Geri dön