Ana Sayfa > Karusel / Müsahibə > "Həkimlər çölə çıxmağa icazə vermədilər, ancaq pəncərəyə çıxdım ki...” - FOTOLAR
"Həkimlər çölə çıxmağa icazə vermədilər, ancaq pəncərəyə çıxdım ki...” - FOTOLAR8-11-2022, 11:33. Yazar: Admin |
“Ən böyük arzum Şuşaya qədər gedib, orada döyüşmək, şəhid olmaq idi”
“Bu gün zəfərimizin ikinci ildönümüdür. Çox sevinc və qürur hissi içindəyəm. Vətənin bütövlüyü uğrunda canlarından keçən bütün qardaşlarımızın ruhu şad olsun. Mənim də yoldaşlarımdan şəhid olanlar oldu. O günləri hələ də böyük ağrı, acı ilə xatırlayıram. Təsəllimiz yalnız vətənin azadlığı, bütövlüyü, torpaqlarımızın işğaldan azad olunmasıdır. İnşallah ki, Allah bizə daha müharibə qismət etməz, amma yenə də Ali Baş Komandanımız əmr versə sol əlimlə də olsa döyüşməyə hazıram”.
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Sahil Həsənli deyib. O daha sonra müharibəyə yollandığı günü xatırlayıb.
“İşdən gəlmişdim, yorğun idim. Oktyabr ayının 1-nə keçən gecə idi, istirahət edirdim. Həyat yoldaşım gəlib dedi ki, gözün aydın, prezident müharibənin başlandığını elan etdi. Bu sözü, bu xəbəri mən hər zaman səbirsizliklə gözləmişəm. Səhəri günü evdən hərbi biletimi aldım, dedim ki, postlar qurublar, ola bilsin ki, yoxlayarlar. İşə yox, birbaşa hərbi komissarlığa yollandım. Evdə iki övladımı, bir dünyaya gəlməmiş övladımı, həyat yoldaşımı qoyub hərbiyə yollandım. Zərrə qədər də olsa gözüm arxada qalmadı. İki əsgər atasıyam, döyüşə gedəndə də ürəyimdə vətən sevgisi, vətən həsrəti var idi. Hərbi komissarlıqdan çıxanda evə zəng edib dedim ki, bilmək olmaz, bəlkə sağ qayıtmadım, övladlarımı gətirib mənə göstərin” deyə Vətən müharibəsi iştirakçısı bildirib.
Sahil Həsənli xəstəxana pəncərəsindən izlədiyi 8 noyabr zəfərindən də danışıb.
“Həkimlərimiz mələk idi, sadəcə olaraq qanadları görünmürdü. İnsanların izdihamını, zəfər sevincini görüb, çölə çıxmaq istədim. Amma həkimlər icazə vermədi, dedilər ki, “yaran tam sağalmayıb, tikişlərin açılar”. Onların sözündən çıxmadım. Ən böyük arzum idi ki, Şuşaya gedib, orada döyüşüm və şəhid olum. Düşündüm ki, heç olmasa pəncərədən baxıb, millətimə qaynayıb-qarışım, kimsə mənə əl belə etsə ürəyimə su səpmiş olar. Pəncərəyə çıxanda bütün yolda maşınlar dayandı, insanların diqqəti mənə yönəldi. Bu şəkilimi də kimsə təsadüfən çəkib, paylaşıb, mənim xəbərim olmayıb. Bir də gördüm televiziyadan zəng edib, məndən müsahibə almaq istəyirlər” deyə Sahil Həsənli deyib.
Vətən müharibəsi iştirakçısı işlə də təmin olunub.
“Müharibədən sonra bir müddət işsiz qaldım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Reabilitasiya Agentliyi tərəfindən operator vəzifəsinə işə qəbul olunmuşam. Səhər saat 9-dan 4-ə qədər iş başında oluram. Kollektivdən, işimdən çox razıyam. Onlar çalışırlar ki, mənim rahatlığım üçün hər bir şeyi etsinlər” deyə Sahil Həsənli bildirib.
Geri dön |