Ana Sayfa > Karusel / Yazar > Sizin Ramiz Mehdiyevdən nə fərqiniz var?

Sizin Ramiz Mehdiyevdən nə fərqiniz var?


4-11-2022, 17:48. Yazar: Admin

Sizin Ramiz Mehdiyevdən nə fərqiniz var?

İndi kimə “torba tikdiyi” Allahdan və özündən başqa heç kimə bəlli olmayan Ramiz Mehdiyev haqda çox yazmışam. Ədəbiyyatda buna nəsillərin mübarizəsi deyirlər. Məncə, bu mövzuda ən gözəl əsəri böyük rus yazıçısı Turgenev yaradıb. Söhbət məşhur “Atalar və oğullar” əsərindən gedir.

Mənim rəhmətlik atam Ramiz Mehdiyev kimi vəzifə, şan-şöhrət, var-dövlət sahibi olmasa da, bəzən fikirlərimiz üst-üstə düşmürdü. Türklər buna “fikir çatışması” deyir. Biz “fikir ayrılığı” yazsaq, mətləb oxucuya daha asan agah olar.

Atalarımızla, daha doğrusu, bizdən böyüklərlərlə, bizi idarə edənlərlə nəyi bölə bilmirdik?

O vaxt mən universiteti yenicə bitirmişdim. Məmurların idarəçilik mexanizmindən narazı idim. İdealist idim. Düşünürdüm ki, məmur haram yeməz, rüşvət almaz, korrupsiyaya qurşanmaz. Düşünürdüm ki, kişi evinə haram tikə aparmaz. Aradan 25 ilə yaxın zaman keçib, amma düşüncələrimdə heç bir dəyişiklik yoxdur. Bundan sonra da nəyinsə dəyişəcəyinə ümid etmirəm.

Sözümün canı var, düz 25 il bu düşüncə ilə yazıb-pozdum. Elə bilirdim ki, cümlə-xəyanətlərin tək baiskarı Ramiz Mehdiyevdir. Arxivimdə Ramiz Mehdiyevin əleyhinə yazılmış onlarla məqalə var. Ramiz Mehdiyevin imperiyası çökəndə uşaq kimi sevinmişdim. Elə bilmişdim ki, bundan sonra ölkədə heç kim rüşvət almayacaq.

Çifayda!

Üç gün əvvəl DTX-nın saxladığı keçmiş məmurlara qarşı irəli sürülən ittihamlar bəlli olub. Onların hər üçünə - Elnur Əliyevə, İlkin Nəsibova və Kamil Rzayevə rüşvət alma, külli miqdarda dövlət əmlakını talama maddəsi ilə ittiham irəli sürülüb.

İlkin Nəsibov 1987-ci ildə anadan olub. Müstəqil Azərbaycanda orta məktəbin birinci sinfinə gedib. Hər gün dərsdən əvvəl məktəbdə Azərbaycanın dövlət himnini oxuyub. Ağlı kəsəndən efirdə, qohum-qonşuda şəhid tabutları görüb. Onun gözünün qarşısında bu Vətən minlərlə şəhid oğlunu bağrına basıb...

Ay yoldaş, ay qardaş, ay vətəndaş, sən ki, totalitar Sovet dövründə yaşamamısan. Sən ki, raykom katibinin kolxozçunu, sağıcını adam yerinə qoymadığı mühitdə böyüməmisən. Axı sən müstəqil Azərbaycan vətəndaşısan. Bu dövlət, bu millət səni ona görə böyüdüb, tərbiyə edib, yetişdirib ki, ona xidmət edəsən, dövlətin tərəqqisinə töhfə verəsən. Əgər sən də əlinə düşən fürsəti fövtə verməyib dövlətin malını talayırsansa, rüşvət və korrupsiya ilə yaşayırsansa, daha sənin Ramiz Mehdiyevdən nə fərqin var?

Yaxşı ki, vaxtında tutuldun, yoxsa, böyüyüb sən də ikinci Ramiz Mehdiyev olacaqdın...

Seymur Verdizadə


Geri dön