Ana Sayfa > Karusel / Region > İran Azərbaycanda çevrilişi necə planlayıb? - SEPAH-ın keçmiş əməkdaşı danışır

İran Azərbaycanda çevrilişi necə planlayıb? - SEPAH-ın keçmiş əməkdaşı danışır


2-11-2022, 11:10. Yazar: Admin

İran Azərbaycanda çevrilişi necə planlayıb? - SEPAH-ın keçmiş əməkdaşı danışır

İran İnqilab keşikçiləri Korpusunun (SEPAH) və ETTELAAT-ın (İranın xüsusi xidmət orqanı) keçmiş əməkdaşı, əslən Ərdəbildən olan Əli Rzayi "Günaz.TV"-yə müsahibə verib və bir sıra yeni məlumatlar səsləndirib.

O bildirib ki, uzun illər SEPAH-da müxtəlif vəzifələrlə çalışıb və İrandakı idarəetməni də faşist rejim sayır.

Keçmiş zabit bildirib ki, SEPAH-ın içərisində olan azərbaycanlı zabit və əsgərlərin bir çoxu məcburiyyətdən çalışırlar.

Onun sözlərinə görə, həmin zabit və əsgərlər hətta dini təbliğata baxmayaraq, millətçidir və rejimə qarşı müxalif mövqedədirlər.

SEPAH-ın keçmiş əməkdaşı İranın Azərbaycanda - Bakıda da bəzi təxribatlar törətdiyini və ideoloji iş apardığını iddia edib.

O bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə erməni hərbi birləşmələri Füzulinin Horadiz qəsəbəsini işğal etdikdən sonra SEPAH 5 km Azərbaycan ərazisinə girib və ermənilər geri çəkiliblər.

Bundan sonra Heydər Əliyev İrana səfər edib və Prezident Rəfsəncani ilə görüşüb. Bu görüşdən sonra İran ordusu həmin ərazilərdən geri çəkilib.

Əli Rzayi deyir ki, həmin ərəfədə SEPAH ovaxtkı "OMON" rəhbəri Rövşən Cavadovla da əməkdaşlıq edib.

Hətta Əli Rzayinin özü də daxil olmaqla, 12 nəfərlik qrup "Ambulans"la Azərbaycana gələrək Cavadovun rəhbərlik etdiyi qrupa təlim keçib. Amma Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi imzalanıb.

Buna baxmayaraq, İran "OMON"-la əməkdaşlığını dayandırmayıb və qruplaşma sonradan Heydər Əliyevə qarşı dövlət çevrilişinin təşkil edilməsində fəal rol oynayıb.

O həmçinin deyib ki, İranın müxtəlif şəhərlərində, xüsusən də Ərdəbil, Parsabad, Biləsuvar və Astarada ETTELAAT və SEPAH-ın Azərbaycanla bağlı çalışan xüsusi xidmət orqanları fəaliyyət göstərir.

Əli Rzayi bildirib ki, 2011-ci ildə Nardaranda qaz xətti çəkilməsi ilə bağlı etirazların təşkil olunmasında da İranın rolu olub. Həmçinin Cənub bölgəsində talışların da aktivləşdirilməsində çalışıblar, lakin Azərbaycan hökuməti bu təxribatlara hazırlıqlı olub və İranın planları baş tutmayıb.

O İranın Azərbaycanda Hüseyniyyun şəbəkəsi yaratma cəhdlərindən də danışıb. Onun sözlərinə görə, bu qruplaşmalara cəlb olunanlar İranda təhsil almış tələbələrdir və onlar əlavə davamçılar cəlb etmək üçün İran xüsusi xidmət orqanlarından pul alır. Hətta insanları Məşhəd ziyarətinə aparmaq üçün adambaşı pul ödənilirmiş.

Əli Rizayinin sözlərinə görə, İranın indiyə kimi təbliğat və təxribat cəhdləri uğursuzluğa düçar olub. Elə, onun sözlərinə görə, İran hökumətinin Azərbaycan Respublikasına olan xüsusi qərəzinin səbəblərindən biri də bu uğursuzluqdur.


Geri dön