Ana Sayfa > Karusel / Gündəm > Əli Əsədov Astanada Ermənistan Baş nazirinin müavinini əxlaqa dəvət edib
Əli Əsədov Astanada Ermənistan Baş nazirinin müavinini əxlaqa dəvət edib28-10-2022, 15:03. Yazar: Admin |
"Azərbaycan Ermənistan ilə əməkdaşlığa və sülh müqaviləsinin imzalanmasına hazırdır, lakin bir qarış torpağından əl çəkməyəcək". Qarabaginfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ittihamlarına cavab olaraq deyib. Ə.Əsədov bildirib ki, Azərbaycanın suveren ərazisi müzakirə olunmur və 44 günlük müharibədə qələbədən sonra Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini bəyan edib. "Azərbaycan öz torpaqlarını işğaldan azad edib və qonşu dövlətlə sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edib. Bundan irəli gələrək , biz bu gün konstruktivizm çərçivəsində gündəlikdə duran məsələlər haqqında danışmağa çalışdıq. Lakin Ermənistan Baş nazirinin müavini tərəfindən ölkəmlə bağlı faktların qərəzli və kobud şəkildə təhrif edilməsi məni yenidən söz almağa məcbur etdi”, - Baş nazir bildirib. O vurğulayıb ki, 30 il ərzində qonşu dövlətin ərazisini işğal altında saxlayan, keçmiş Dağlıq Qarabağa heç bir aidiyyatı olmayan 7 rayonu işğal edən, silahlı qüvvələri suveren qonşu dövlətin ərazisində daşı-daş üstə qoymayan, məhv edilməsi mümkün olan hər şeyi - şəhərləri, kəndləri, canlı və cansız hər şeyi, ekologiyanı, mənəvi və dini dəyərləri məhv edən bir dövlət bu gün silahlı qüvvələrimiz tərəfindən Ermənistanın ərazi bütövlüyünün guya pozulması ilə bağlı hansısa məqamlardan danışır. Baş nazir MDB Hökumət Başçıları Şurasının üzvlərinin diqqətinə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq, Ermənistanın siyasi rəhbərliyi bu 30 il ərzində suverenlik, sərhədlər, işğal kimi anlayışları yadına belə salmayıb. Ermənistan Silahlı Qüvvələrinin sentyabr təxribatları barədə iclas iştirakçılarına məlumat verən Baş nazir bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfi Azərbaycanın Kəlbəcər və Laçın rayonlarını atəşə tutub. "Bu, Ermənistanın tərk etdiyi rayonlardır. Belə bir anlayış var: “gedirsən birdəfəlik get”. Onlar Azərbaycanın Daşkəsən, Zəngilan rayonlarını da atəşə tutublar. Buna cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb. Nəticədə 71 Azərbaycan hərbçisi həlak olub. Bizim məlumatlarımıza və Ermənistan mətbuatına əsasən, Ermənistan tərəfinin itkiləri 450-yə yaxın hərbçi təşkil edib”. "Daha əvvəl də Ermənistan nümayəndəsinin iştirak etdiyi tədbirlərdə bir neçə dəfə demişəm ki, hər bir dövlət üçün qırmızı xətlər var. Azərbaycan Ermənistan ilə əməkdaşlıq etməyə və sülh sazişi imzalamağa hazırdır, amma biz bir qarış torpağımızdan da əl çəkməyəcəyik. Sərhədlərin delimitasiyası komissiyasının Ermənistandan olan rəhbəri bu gün deyir ki, proses getmir. Azərbaycan ilk gündən bu prosesdə iştirak edir. Ermənistan bu prosesi bir neçə dəfə pozub. Biz bu prosesi davam etdirməyə hazırıq. Azərbaycanın suveren ərazisi müzakirə olunmur. Qarabağ - Azərbaycandır! Daha əvvəl də bəyan etdiyimiz kimi, Azərbaycanın ərazisində Dağlıq Qarabağ adlı ərazi yoxdur”, -Azərbaycanın Baş naziri diqqətə çatdırıb. Geri dön |