28 oktyabr 1995-ci ildə Bakı metropolitenində tarixin ən böyük metro qəzası baş verib. Artıq həmin tarixdən 27 il ötür.
Qarabaginfo.az-ın məlumatına görə, 27 il öncə baş verən hadisə zamanı "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub, 270 nəfər yaralanıb.
Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər genişmiqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na düşüb.
Hadisədən sonra Azərbaycanda üç günlük matəm elan olunub. Beləliklə, ilk dəfə 1967-ci ildə "Ginnesin rekordlar kitabı"na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşüb.
Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, terror aktı, habelə maşinistin səhv qərar verməsi göstərilir.