Ana Sayfa > Karusel / Gündəm > “Məncə, Çingiz Abdullayev əsəbi olub“ - Rəşad Məcid

“Məncə, Çingiz Abdullayev əsəbi olub“ - Rəşad Məcid


27-10-2022, 17:32. Yazar: Admin

“Məncə, Çingiz Abdullayev əsəbi olub“ - Rəşad Məcid

Mətbuat Şurasının İdarə Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid Xalq yazıçısı Çingiz Abdullayevin jurnalisti təhqir etməsi məsələsinə aydınlıq gətirib. 

Qarabaginfo.az xəbər evrir ki, bu barədə Modern.az-a açıqlama verən Rəşad Məcid sosial şəbəkə hesabında yazdığı statusun Çingiz Abdullayevlə əlaqəli olmadığını deyib. 

"Dünən bəzi saytların əməkdaşlarının hərəkətini gördüm və yazdığım açıqlama o hərəkətlərlə bağlı idi. Ancaq hamının diqqəti Çingiz Abdullayevin jurnalistə cavabına yönəldiyi üçün statusumu o məsələyə bağlayırlar",- Mətbuat Şurasının sədri bildirib.

O, sözügedən statusu yazandan sonra Çingiz Abdullayevin videosuna baxdığını vurğulayıb:

“Çingiz Abdullayevin cavabını təqdir etmirəm. Statusda yazdıqlarım ədəb-ərkan gözləməyən, yaşlı yazıçıların ağzına mikrofon dürtən bəzi sayt əməkdaşlarına aiddir. Bir saytın əməkdaşı akademik gedə-gedə mikrofonu onun ağzına dürtürdü. Bu tipli saytlar var ki, onların davranışları etik qaydalara uyğun gəlmir, bu, ümumi problemdir və onu gözlərimlə gördüm.

Çingiz Abdullayevə verilən sual mənə də ünvanlanmışdı, çox təmkinlə, sakitcə cavablandırdım. Bildirdim ki, Yazıçılar Birliyinin qurultayına ayrılan vəsait bənd-bənd göstərilir ki, hara sərf olunacaq. Gələcəkdə də kim istəsə birliyə sorğu göndərib, vəsaitin xərci ilə yaxından tanış ola bilər". 

Rəşad Məcid müsahibə zamanı Çingiz Abdullayevin əsəbi olduğunu və hövsələdən çıxdığını söyləyib:

"Qurultay davam edirdi, gərginlik var idi, sualın o cür ünvanlanmasının da tərəfdarı deyiləm. Daha sakit şəkildə sualı Çingiz Abdullayevə ünvanlamaq olardı. Bu qədər ictimai maraq varsa, Yazıçılar Birliyi 203 min manatın hara xərcləndiyini açıqlayacaq. Xalq yazıçıları, alimlər jurnalistlərin əlindən otaqdan çıxa bilmirdilər. Xahiş etmək yoxdur, birbaşa kameranı açırlar və sualı verirlər. Bu etik deyil, əvvəlcə həmin şəxsin razılığını almalısan, razı olduqdan sonra sualını ünvanlamalısan. Jurnalist o tipli sualı ünvanlayanda ittihamçı qismində olmamalıdır. Sualı elə etik verməlidir ki, müsahib cavab verməyə məcbur olsun. Məncə, Çingiz Abdullayev əsəbi olub, hövsələdən çıxıb və o cür cavab verib”.

Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən", deməsi böyük qalmaqala səbəb olub.


Geri dön