Ana Sayfa > Karusel > Səs yazısı yayılan Babək Səmidli kimdir? - Ramil Səfərovun tələbə yoldaşı olub + Maraqlı məlumatlar

Səs yazısı yayılan Babək Səmidli kimdir? - Ramil Səfərovun tələbə yoldaşı olub + Maraqlı məlumatlar


22-10-2022, 11:21. Yazar: Admin

 

Səs yazısı yayılan Babək Səmidli kimdir? - Ramil Səfərovun tələbə yoldaşı olub + Maraqlı məlumatlar

 

 

Ötən gün şəhid polkovnik Babək Səmidlinin 44 günlük müharibədən sonra ordu ilə bağlı yayılan səs yazısı gündəmə bomba kimi düşüb. Mərhum polkovnik həmin səs yazısında ordudakı xəyanətlərdən danışır. Bəs Babək Səmidli kimdir?

 

Babək Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. O, 1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. Burda Milli Qəhrəman Murad Mirzəyev, əfsanəvi kəşfiyyatçı, şəhid-polkovnik Vüqar Yusifov, Azərbaycan Ordusunun polkovniki Ramil Səfərovla bir yerdə təhsil alıb. Babək Səmidli Türkiyədə "Kara Hərb Okulu" kimi məşhur olan məktəbdən 1997-ci ildə məzun olub. Və Azərbaycan ordusunda xidmət etməyə başlayıb. 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Həmin döyüşlərdə Babək Səmidlinin tələbə yoldaşları - Milli Qəhrəman Murad Mirzəyev və kəşfiyyat komandiri, polkovnik Vüqar Yusifov qəhrəmancasına şəhid oldu. 

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycanın qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandiri müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Onun rəhbərliyi altında Madagiz (Suqovuşan) qısa müddət ərzində işğaldan azad edilib.

2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub. O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyitlərin çıxarılması idi. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olundu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Zəfər" ordeni ilə təltif edilib. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. 

Mərhum polkovnik ümumilikdə aşağıdakı təltiflərə layiq görülüb:

• (26.06.2001) - "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı

• (26.06.2002) - "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

• (26.06.2007) - "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

• (26.06.2008) - "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

• (26.06.2012) - "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı

• (26.06.2013) - "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

• (20.04.2016) - "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

• (26.06.2017) - "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı

• (25.06.2018) - "Hərbi xidmətlərə görə" medalı

• (26.06.2018) - "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

• (28.05.2019) - "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı

• (09.12.2020) - "Zəfər" ordeni (ölümündən sonra) 

• (15.12.2020) - "Vətən uğrunda" medalı (ölümündən sonra) 

• (29.12.2020) - "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) 

O, ailəli idi, Mətləb və Səmid adında 2 oğlu var. 

Babək Səmidliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib. 

Qeyd edək ki, Bəbək Səmidli dəmir intizama malik hərbçi kimi tanınsa da, dostları, qohumları onu səmimi və ünsiyyətcil insan kimi xarakterizə edirlər. Hərbçi yoldaşları arasında yaxşı natiq kimi tanınan mərhum polkovnik məzuniyyətini və asudə vaxtını qohumları, orta məktəb dostları ilə birgə keçirməyi sevirdi. Babək Səmidli ölkənin müxtəlif istiqamətlərində xidmət etməsinə baxmayaraq, tez-tez anadan olduğu Göyçay rayonuna gedər, orda yaxın qohumları, qonşuları, sinif yoldaşları ilə görüşərmiş.

Yaxınlarının dediyinə görə, B.Səmidli həm də yaxşı şahmatçı olub. O, 1985-1990-cı illərdə Göyçayda peşəkar səviyyədə şahmatla məşğul olub. Mərhum polkovnik məzuniyyətdə olarkən doğma rayonuna gedib 30-32 il əvvəl şahmat məktəbinə birgə getdiyi şəxslərlə şahmat oynayarmış.

B.Səmidlinin orta məktəbdə oxuyarkən riyaziyyata xüsusi maraq göstərdiyi də məlumatlar arasında yer alıb. B.Səmidlinin peşəkar hərbçi kimi formalaşmasında riyazi biliklərinin xüsusi rol oynadığı bildirilir.

 

Mənbə: Yenisabah.az

 


Geri dön