Ana Sayfa > Karusel / Gündəm > Türk-İslam irsinin zənginliyinə həsr olunan konfrans keçirilib

Türk-İslam irsinin zənginliyinə həsr olunan konfrans keçirilib


21-10-2022, 11:37. Yazar: Admin

 

Türk-İslam irsinin zənginliyinə həsr olunan konfrans keçirilib

Bakıda “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda konfrans keçirilib.

Qarabaqinfo.az xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin sədri Yalkap Hocaqulıyev, Türkiyə Diyanət İşləri Başkanlığı uzmanı Mustafa Irmaklı, ÖMİ-nin Beynəlxalq şöbəsinin müdiri Şovkat Xamdamov, Azərbaycan parlamentinin deputatları və digər şəxslər iştirak ediblər.

QMİ sədri deyib ki, Türk Dövlətləri Təşkilatı məkanının müsəlman dini liderlərinin birgə əməkdaşlığı, mütəmadi məşvərət və məsləhətləşmələrindən türk-İslam birliyi faydalanacaq və birgə məqsədlərə doğru böyük inam və güclü imanla addımlayacaq:

“Türk Dövlətləri olaraq bu günə gələn yollarımız asan olmayıb. Dövlət müstəqilliyimiz yolunda, ərazi bütövlüyümüz uğrunda minlərlə övladlar canlarını fəda ediblər. Siyasi, mənəvi birliyimizi qeyd edərkən türk dünyasının bütün şəhidlərini yad etmək, dövlətlərimizin varlığı, çiçəklənməsi naminə qurban getmiş qəhrəmanlara Uca Allahdan rəhmət diləmək sədaqət borcumuzdur”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə qeyd edib ki, Türk Dövlətləri Təşkilatının yaranması və tərəqqisi yolunda Azərbaycan və Türkiyənin rolu əvəzedilməzdir.

Onun sözlərinə görə, SSRİ dağılandan sonra türk dünyasının bir araya gəlməsindən ötrü bir sıra addımlar atılıb:

“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib. Bunu başqa istiqamətə yönləndirmək istəyənlər var. Ancaq bilsinlər ki, bu, sülhə və tərəqqiyə xidmət edir”.

ÖMİ-nin Beynəlxalq şöbəsinin müdiri Şovkat Xamdamov vurğulayıb ki, son illərdə olan ölkə başçılarının fəaliyyəti fonunda əlaqələr geniş rezonans doğurur: “Bu gün qardaşlıq bağlarımızın gücləndirilməsi çox sürətlə davam edir. Türk dövlətləri bir-birini tanımalıdır. Ortaq şəkildə mütəfəkkirlərimizin irsini öyrənməliyik”.

Türkiyə Diyanət İşləri Başkanlığı uzmanı Mustafa Irmaklı Türk Dövlətləri Təşkilatının əhəmiyyətindən və rolundan danışıb: “Bu coğrafiyanı mədəniyyət mərkəzi edən tarixi köklərimiz, zəngin irsimiz, ənənələrimizdir. Biz bir tərəfdən öz mədəniyyətimizi tanıdarkən, digər tərəfdən yenidən necə inşa edəcəyimizin yollarını axtarmalıyıq”.

Toplantıda çıxış edən Milli Məclisin vitse-spikeri, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli isə deyib ki, son günlər Azərbaycana qarşı Avropada bir kabus dolanırdı:

“Sanki mənfur baxışlar güclənmişdi. Son iki gündə ölkəmizdə keçirilən tədbirlər həmin iti caynaqlara bir mesajdır. Bu gün türk dünyasında iki böyük lider yaranıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Türk liderlərinin bir yerdə olması isə dünyaya mesajdır. Türk dünyasının birliyi bizim nicatımızdır”.

Konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanan kitabların da sərgisi təşkil olunub.


Geri dön