Ana Sayfa > Karusel / Region > “Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələni Azərbaycan Rusiya ilə müzakirə etməlidir”

“Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələni Azərbaycan Rusiya ilə müzakirə etməlidir”


20-10-2022, 16:07. Yazar: Admin

“Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələni Azərbaycan Rusiya ilə müzakirə etməlidir”

“Qarabağ ermənilərini Azərbaycan dövlətinin vətəndaşları sayırıq və oradakı separatçı rejimlə heç bir ünsiyyətimiz ola bilməz”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Orxan Amaşov deyib.

Ekspert Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanın son bəyanatına münasibət bildirib.

Xatırladaq ki, Arutyunyan qondarma rejimin İctimai TV-sinə verdiyi müsahibədə rəsmi Bakı ilə danışıqlarla hazır olduğunu açıqlayıb.

Öz növbəsində, O. Amaşov qeyd edib ki, son dövrdə Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı danışarkən fərqli kontektsdən çıxış edir:

“Baş nazir Nikol Paşinyan da demişdi ki, “biz sülh müqaviləsində Azərbaycanla Ermənistan arasında olan münasibətləri tənzimləyirik və orada Qarabağ məsələsinə toxunulmaya bilər”. Azərbaycan tərəfi də bu müqavilə imzalananda Qarabağ məsələsinə toxunmaq istəmir. Lakin bunu deyərkən fərqli mənadan çıxış edirik. Demək istəyirik ki, bu, ərazi bütövlüyümüz çərçivəsində olan məsələdir və Qarabağ erməniləriylə bağlı məsələni heç kəslə müzakirə etmərik. O cümlədən Ermənistan dövləti ilə. 

Paşinyanın ifadəsində mətnaltı var: Qarabağ məsələsi elə olduğu kimi qalır, sadəcə olaraq dövlətlərarası münasibətlər tənzimlənir. Yəni bu məqamda fərqli nöqteyi-nəzərlər mövcuddur”.

“Qarabağ ermənilərini Azərbaycan dövlətinin vətəndaşları sayırıq. Bölgədəki separatçı rejimlə bizim heç bir ünsiyyətimiz ola bilməz. Amma onların Azərbaycan cəmiyyətinə inteqrasiyası fonunda müəyyən danışıqlar ola bilər. Qısası, bölgədəki ermənilərə qanunvericiliyi, cəmiyyətə inteqrasiya ilə bağlı müəyyən hazırlıq keçirilə bilər”, – deyə siyasi ekspert əlavə edib.

O. Amaşov əmindir ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə gizlənən separatçı rejimin üzvləriylə heç bir dialoq olmayacaq:

“Araik Arutyunyana qarşı Azərbaycan qanunvericiliyi ilə cinayət işi açılıb. Paşinyan isə bildirib ki, “artıq Qarabağ ermənilərinin statusu yox, yalnız onların təhlükəsizliyi və hüquqları uğrunda mübarizə aparırıq”. Bundan sonra onlar arasında haçalanma başlayıb.

Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələni Azərbaycan Rusiya ilə müzakirə etməlidir. Rus sülhməramlıları 2025-ci ildə Azərbaycan ərazilərindən çıxarılması mövzusu var. Bu da o halda baş verə bilər ki, Azərbaycan Qarabağ ermənilərinin öz cəmiyyətinə inteqrasiyası ilə bağlı müəyyən mərhələdən keçmiş olsun. Ona görə də mən Azərbaycan-Rusiya dinamikasına daha çox diqqət yetirilməsinin tərəfdarıyam”.


Geri dön