Ana Sayfa > Karusel / Siyasət > Tehranın dron alveri: Hərbi obyektləri vurulacaq? 

Tehranın dron alveri: Hərbi obyektləri vurulacaq? 


19-10-2022, 09:29. Yazar: Admin

Tehranın dron alveri: Hərbi obyektləri vurulacaq? 

“Şahed-136” pilotsuz uçan aparatlarının Rusiyayaq tədarükü və Ukrayna şəhərlərinə hücumlarının sayının artması Qərbi İranın məsuliyyəti barədə ciddi düşünməyə vadar edib. 

Hətta ABŞ kəşfiyyatı İranın Rusiyaya "yer-yer" tipli ballistik raketlər satmağa hazırlaşdığına dair məlumat yayıb. Ona görə də ABŞ və Avropa Birliyi kamikadze dronların satışının qarşısını almaq üçün İrana qarşı beynəlxalq səviyyədə təzyiqləri sərtləşdirmək barədə müzakirələrə başlayıb. Qərb dairələri artıq İrana qarşı hazrıda sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. "Şahed-136" dronlarının Ukraynaya qarşı istifadə olunmaq üçün Rusiyaya satışı İranı Qərb koalsisyasının hədəfinə gətirə bilər. Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri İranın Rusiyaya mümkün pilotsuz təyyarələrin çatdırılması məsələsini müzakirə edəcək. Avropa İttiqaının Xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borel qurumun Nazirlər Şurasının Lüksemburqda keçirilən iclasında belə deyib. “Biz bunu müzakirə edəcəyik. Biz İranın Ukraynada iştirakı ilə bağlı konkret sübutlar axtaracağıq. İran bunu qəti şəkildə inkar edir”, - deyə Borel bildirib. 

Siyasi espertlərsə hesab edirlər ki, Kiyev şəhərinin "Şahed-136" dronları ilə ardıcıl bombalanmasından sonra İran faktiki olaraq, müharibəyə qoşulub. Ona görə də rəsmi Tehran beynəlxalq təzyiqlərdən nəticə çıxartmayıb Rusiyanı silahlandırmaqda davam estə, Qərbin İranın hərbi obyektlərinə zərbə endirməsi də mümkün variantlardan biridir. Bu baxımdan, iyul ayında Dəməşqdə PUA-ların yığıldığı İran zavodlarına raket hücumu həyata keçirən İsrailin geniş təcrübəsi var. Lakin bu zərbələr İran pilotsuz təyyarələrinin gələcək istehsalına təsir göstərməyib. 

Ukrayna Prezidenti Vladimir Zelenski G7 sammitində kəşfiyyat məlumatlarına əsasən Rusiyanın İrandan əlavə olaraq, 2400 PUA sifariş etdiyi deyib. Bu isə Ukraynaya hücum edən kamikadze dronların istehsal edildiyi İran zavodlarının məhvinə nail olmaq üçün İsrailin fəaliyyətə başlayacağı ehtimalını gündəmə gətirib. 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında bildirib ki, Ukrayna cəbhəsində dronların istifadəsi yalnız İrana deyil, Rusiyaya qarşı da hərbi təzyiqləri artıracaq: 

"ABŞ və onun müttəfiqləri İranın enerji sektoruna sanksiyalar tətbiq edib. Eyni zamanda, İranın silah və hərbi avadanlıq satışına da qadağalar qoyulub. Ona görə də hesab edirəm ki, İranın Rusiyaya dron satması Qərbin sərt cavab addımları ilə qarşılanacaq. Artıq Rusiya İrandan 2400 ədəd kamikadze dron alıb, 1800 ədəd isə almaq istəyir. Yayılan məlumatlara görə, İranla Rusiya arasında yeni PUA modellərinin tədarükü ilə bağlı danışıqlar aparılır. Əgər bu, təsdiqini taparsa, beynəlxalq ictimaiyyətin sanksiya təbiq etdiyi ölkədən silah və hərbi texnika aldığına görə Rusiyaya embarqolar tətbiq olunacaq. Eyni zamanda, sanksiyalara əməl etməyərək münaqişəli bölgəyə hərbi avadanlıq satmaqla müharibənin qızışdırılmasına yardım etdiyinə görə İrana növbəti qadağalar tətbiq olıuna bilər. Bu səbəbdən, İran hakimiyyəti ciddi-cəhdlə Rusiyaya dron satmadığını iddia edir. Halbuki, bir ay öncə İranın dronlarını Rusiyaya daşıyan təyyarələri və şirkətləri sanksiyaya məruz qalıb. Eyni zamanda, Ukrayna İranla diplomatik əlaqələrin kəsilməsi və Rusiyaya hərbi yardım göstərməklə müharibədə iştirakçı tərəf kimi tanınmasına dair qanun layihəsini müzakirəyə çıxarıb. Bu baxımdan, İran Rusiya ilə dron alverində xeyirdən çox ziyan görəcək". 

Lakin ekspert İranın hərbi obyektlərinin vurulması ehtimalını real hesab etmir. Sədrəddin Soltanın sözlərinə görə, dron satışı hərbi əməliyyatların keçirilməsi üçün ciddi əsas yaratmır: 

"Həm İrana, həm də İranın dron istehsal edən müəssisələri ilə əməkdaşlıq edən dövlət və şirkətlərə sanksiyalar tətbiq oluna bilər. Ancaq İranın hərbi obyektlərinə hərbi zərbələr endiriləcəyi inandırıcı görünmür. İsrailin Dəməşqdəki zavoda raket zərbələri endirməsinə gəlincə, bu, İranın daxilində yerləşməyən bir obyektdir. Suriyada İrana məxsus hər hansı hərbi hissənin, yaxud zavodun vurulması İranın bombalanması demək deyil. İranın daxilindəki hərbi müəssisələrə aviazərbələrin endirilməsi məntiqi görünmür. Beynəlxalq hüquqa görə, ən yaxşı cəza variantı sanksiyadır". 

Sədrəddin Soltan qeyd etdi ki, İranın Rusiyaya ballistik raketlər satması barədə məlumatlar öz təsdiqini taparsa, bu, rəsmi Tehrana qarşı beynəlxalq təzyiqlərin güclənməsinə səbəb olacaq: 

"Raket istehsalı və satışı ilə bağlı İrana ayrıca sanksiyalar tətbiq edilib. ABŞ və müttəfiqləri İrana ballistik raket istehsalını qadağan edib. Sonra İrana nüvə başlığı daşıyan raketlərin istehsalı qadağan olunub. Ona görə də İrana bu tip hərbi texnika və avadanlıqların satılmasına məhdudiyyət qoyulub. Əgər "yer-yer" tipli raketlərin Rusiyaya satılmasına dair xəbərlər təsdiqini taparsa, İranı ciddi sanksiyalar gözləyir. Çünki belə ağır silahların əldə edilməsi üçün xüsusi avadanlıqlar və texnologiya lazımdır. İran belə texnologiyalara malik deyil. Məsələn, Türkiyə  hərbi sənaye məhsullarının 70 faizini istehsal edir. Hətta ABŞ, Rusiya kimi dövlətlər belə, bir sıra avadanlıqları və texnologiyaları başqa ölkələrdən alır. İran da çox güman ki, "yer-yer" raketlərinin istehsalı üçün başqa ölkələrdən müəyyə detallar alıb. İrana və həmin ölkələrə sanksiya tətbiq oluna bilər". 


Geri dön