“Sülh danışıqlarının getdiyi bir ərəfədə Ermənistanın belə bir cəhdi, sui-qəsd kimi yozula bilər”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Alparslan İmamqulu deyib.
O, Ermənistan ordusunun Azərbaycanla sərhədin Daşkəsən istiqamətində artilleriya qurğuları və canlı qüvvə cəmləməsi ilə bağlı məlumatı şərh edib:
“Sülh danışıqlarının getdiyi bir ərəfədə Ermənistanın belə bir cəhdi, sui-qəsd kimi yozula bilər. Azərbaycanın iradəsi məlumdur və ərazi bütövlüyümüz, o cümlədən təhlükəsizliyimiz üçün nə lazımdırsa, etməyə hazırıq. Bunu ölkə rəhbərliyi də dəfələrlə sərt şəkildə ifadə edib.
Perspektivdə bir neçə məsələ var: Azərbaycan daxilində Ermənistana məxsus silahlı qrupların zərərsizləşdirilməsi, Azərbaycan sərhədlərinin delimitasiyasının təktərəfli də olsa, tamamlanması”.
A.İmamqulu qeyd edib ki, delimitasiyada da mütləq 30 avqust 1991-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” ifadələri öz əksini tapacaq:
“Ermənistanın şərti dövlət sərhədində qoşun cəmləşdirməsi, yaxud təxribatlar törətməsi yalnız və yalnız onun Cənubi Qafqazdakı mövcudluğuna zərər gətirə bilər. Amma ola bilsin ki, orduda Baş nazir Nikol Paşinyana tabe olmayan yüksək rütbəli zabitlər var.
İstənilən halda bu, Azərbaycan üçün maraqlı deyil. Azərbaycanın yeganə marağı var: ərazi bütövlüyünün təhlükəsizliyi.
Mövcud şəraitdə atılmış hər bir addım Azərbaycanın təhlükəsizliyinə qarşı təhdid olaraq qiymətləndirilməlidir. Buna qarşı da Silahlı Qüvvələr Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır”.