Ana Sayfa > Karusel / Müsahibə > Koronavirusdan müalicə alan gənc: "Çox qorxdum, heç vaxt belə halla rastlaşmamışdım...

Koronavirusdan müalicə alan gənc: "Çox qorxdum, heç vaxt belə halla rastlaşmamışdım...


1-07-2020, 11:05. Yazar: Admin

 

 

Elə an olurdu ki, ayaq üstdə dayanmağa taqətim qalmırdı və tək istədiyim özümü çarpayıya çatdırmaq idi ki, yerə yıxılmayım

Qarabaginfo.az hazırda Atletlər kəndində koronavirusa yoluxduğuna görə müalicəsi davam edən 23 yaşlı Elnar Almazovun “Report.az”a müsahibəsini təqdim edir:

- Necə oldu ki, özünüzdə simptomlar hiss etdiniz və koronavirusa yoluxduğunuza dair şübhələr necə yarandı?

- İlk olaraq demək istəyərdim ki, özümdə simptomlar hiss edənə kimi mən də bu virusa inanmayanlar sırasında idim. Simptomlar ən başda halsızlıq və başağrıları ilə başladı. Səhər oyananda adi qrip kimi hiss etdim. Dedim, çox güman, bir-iki günə keçib gedər. Amma növbəti gün temperaturum yüksəldi. Təxminən 4-5 gün qızdırmam 37.5 dərəcədən aşağı düşmürdü. Bundan sonra psixoloji olaraq ilk ağlıma gələn o oldu ki, bəlkə, mən də artıq koronavirusa yoluxmuşam. Ətrafımdakılar qorxduğuna görə test vermək qərarına gəldim. Halsız olduğuma görə evdən çölə çıxa bilmirdim. Ona görə evə təcili tibbi yardım çağırdıq. Vəziyyətimi bildirəndə xüsusi həkim briqadası göndərdilər. Məndən analiz götürdülər və ilk testin cavabı çox tez gəldi. Təxminən gecə saat 3-də götürdükləri testin cavabı növbəti günün axşamı gəldi. Testin cavabı da pozitiv çıxandan sonra artıq hər şey qətiləşmişdi və mən artıq koronavirus xəstəsi idim.

- Azərbaycanda koronavirus yayılandan sonrakı müddətdə qoruyucu vasitələrdən istifadə edirdinizmi?

- İlk başlarda bütün qoruyucu vasitələrdən həssaslıqla istifadə edirdim. Misal olaraq, spirt, maska. Sonradan ancaq məcburi hallarda istifadə etdim. Güman edirəm ki, evdən işə qədər olan məsafə çox olduğundan elə yolda da virusa yoluxmuşam.

- Sizinlə yanaşı, ailə üzvlərinizdən də test götürüldümü?

- Valideynlərimlə yaşayıram və onlardan da test götürdülər. Çox şükür cavab neqativ oldu.

 

 

- Test cavabınız pozitiv çıxdıqdan dərhal sonra sizi karantinə götürdülər?

- Test cavabımın nəticəsi pozitiv çıxandan iki gün sonra məni karantinə götürdülər. Həmin gün də növbəti yaxmanı götürdülər və o da pozitiv çıxdı. Əslində buna görə ilk başda narazılıq etdik ki, elə ilk gündən karantin altına alınsam, daha yaxşı olardı. Xəstə sayının çox olduğunu əsas gətirərək belə etdiklərini bildirdilər. Karantin dövrünü Atletlər kəndində olan binaların birində keçirirəm. Bildiyim qədəri ilə xəstəliyi yüngül keçirən xəstələri məhz bura yerləşdirirlərmiş.

- Vəziyyətinizin ağır və ya yüngül olmasını öyrənmək üçün harada və hansı müayinələrdən keçdiniz?

- Atletlər kəndində olandan sonra bura gələn xüsusi avtomobilə bənzər nəqliyyat vasitələrinin içərisində olan tibbi avadanlıqlar vasitəsilə rentgendən keçirdilər. Yoxlanışların cavabında səhhətimdə ciddi bir şey olmadığını dedilər.

Açığı özüm də səhhətimdə çox ciddi bir şey olmadığını hiss edirdim. Çünki koronavirusun simptomlardan qızdırma, halsızlıq, başağrısı və dad bilmə qabiliyyətimi itirmişdim. Öskürək və ya nəfəs almaqla bağlı problemim yox idi.

- Neçə gündür Atletlər kəndində müalicənizi davam etdirirsiniz?

- Artıq 11 gündür ki, burada müalicəm davam edir. İkinci və üçüncü test nəticəm də pozitiv çıxdığından hələlik burdayam. Hazırda 3-cü testimin cavabını gözləyirəm. Onun da cavabı sabaha məlum olmalıdır. Ümid edirəm ki, bu dəfə neqativ çıxacaq və evə buraxılacağam. Yaxma həm burun, həm də boğazdan götürülüb. İlk əvvəl başağrısı çox olduğundan özümlə gətirdiyim ağrıkəsici qəbul edirdim. Rentgen müayinəsindən sonra 4-5 gün müddətində ağciyərlərə xeyri olan dərman preparatı vermişdilər və onu içirdim. Hazırda heç bir dərman qəbulu yoxdur. Artıq xəstəliyin simptomları, demək olar ki, keçib. Əvvəl ən çox halsızlıqdan əziyyət çəkirdim. Elə an olurdu ki, ayaq üstdə dayanmağa taqətim qalmırdı və tək istədiyim özümü çarpayıya çatdırmaq idi ki, yerə yıxılmayım. Artıq sağaldığımı hiss edirəm. Dəqiq 14 gün bitməsindən sonra çıxacağım barədə nəsə deyilməyib. Nə vaxt növbəti testimin cavabı neqativ çıxacaqsa, onda da buraxacaqlar.

 

 

- Otaqda sizinlə yanaşı, neçə xəstə müalicə alır? Nəzarət ciddidirmi?

- Təzə gələndə otaqda iki nəfər idik, yanımda olan xəstə sağaldığı üçün onu evə buraxdılar. Təxminən 6 gündür ki, otaqda təkəm. Normalda otaqlar iki nəfər üçün nəzərdə tutulub. Hər gün iki dəfə - səhər və axşam olmaqla yoxlama olur. Otaqlar bir-bir yoxlanılır, xəstələrin temperaturu və ürək döyüntüləri yoxlanılır. Burada müalicə alan xəstələr üçün hər bir şərait yaradılıb. Gün ərzində 3 dəfə qidalanma, duş qəbul etmək üçün vasitələr və internetə çıxış təmin olunub.

- Karantində olduğun müddətdə hansı hissləri keçirdiniz? Evdən və ailədən uzaqda ağrıların çox olduğu günləri necə ifadə edərdiniz?

- İlk 3 gün çox çətin keçdi. Bir yandan halsızlıq, bir yandan da evdən uzaq qalmaq. Xəstə olanda ən çox ananı axtarırsan. Sonra yavaş-yavaş sağaldım. Evdə ayrı otağım olsa da, çölə çıxmağa icazə olmadığı üçün sıxılırdım. Ən qorxduğum an təxminən 5 gün əvvəl özümü çox pis halsız hiss edəndə idi. Özümü tez çarpayının üstünə atdım. Bu an çox qorxdum, çünki heç vaxt belə halla rastlaşmamışdım.

- Koronavirusun olduğuna inanmayan şəxslərə nə tövsiyə edərdiniz?

- Özünüzü düşünməsəz də, immuniteti zəif ola biləcək yaxınlarınızı gözünüzün qarşısına gətirin. Bəlkə yoxdur deyib boş versəz yox, bəlkə var deyib biraz səbr etsəniz, yaxşı olar. 


Geri dön